Yuxarı

Sarkisyan savaşa təhrik edir

Sarkisyan savaşa təhrik edir

Akif Nağı: "Azərbaycanın Serj Sarkisyana cavabı müharibə olmalıdır”

Tural Abbaslı: "Əgər danışıqlar nəticə vermirsə, söz orduya verilməlidir”

Ermənistan prezidenti Serj Sarkisyan növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadıqlarını bildirib. "Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, işğalçı ölkənin başçısı Ermənistanın Qarabağ danışıqlarında heç vaxt güzəşt mövqeyi tutmadığını, başqa sözlə, danışıqlar naminə danışıqlar apardığını təsdiq edib. 

"Son 20 ildə biz heç vaxt güzəştlər haqda danışmamışıq.Həmişə demişik ki, münaqişənin kompromis variantlarla həllində maraqlıyıq.Bunlar müxtəlif anlayışlardır. Mən əminəm ki, məsələ 20 il bundan sonra da həll olunmasa, erməni tərəfində heç vaxt situasiyanı yumşaltmaq üçün güzəşt meyilləri yaranmayacaq, belə ki, bu, həllə aparıb çıxara bilməz”, - deyə Sarkisyan qeyd edib. 

Azərbaycanın Sarkisyana cavabı

Azərbaycan tərəfinin Ermənistan prezidentinə cavabı ümumi bəyanatla yekunlaşdı və onun bu açıqlamasının gülüş doğurduğu deyildi.Halbuki Serj Sarkisyan açıq formada Ermənistanın danışıqlar naminə danışıqlar apardığını və mövcud status-kvonun uzanmasında maraqlı olduğunu rəsmi olaraq etiraf etdi.Görünən budur ki, davam edən nəticəsiz danışıqlarda Ermənistandan geri addım gözləməyə dəyməz.

Sarkisyanın səsləndirdiyi fikirlər Azərbaycanda geniş müzakirə mövzusuna çevrilib.Müsahibədən sonra ölkəmizdə formalaşmış rəy bundan ibarətdir ki, Azərbaycan danışıqları dayandırıb müharibə variantını seçməlidir.Beynəlxalq hüquq normaları da Azərbaycana hərtərəfli imkan verir ki, bir variant həllə gətirib çıxarmırsa, alternativlərdən istifadə etsin.Hesab etmək olar ki, Serj Sarkisyanın açıqlaması da Azərbaycanı poliqona tələsdirməlidir, nəticəsiz - işğalçının maraqlarına xidmət edən müzakirələrin davam etdiyi masaya yox. Nəzərə alsaq ki, Ermənistan ATƏT-in Minsk qrupu, həmçinin ayrı-ayrılıqda Rusiya və ABŞ tərəfindən irəli sürülmüş bütün həll təkliflərinin heç birini qəbul etmir, bu baxımdan da münaqişənin müharibə variantı ilə həlli zərurət kimi ön plana çıxır. Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənov da son açıqlamalarında Azərbaycanın nəticəsiz danışıqları sonadək davam etdirməyəcəyini dedi.

"Serj Sarkisyana silahla cavab verilməlidir”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Cümhuriyət” qəzetinə bildirib ki, danışıqları indiki məcrada davam etdirməyin heç bir məntiqi mənası yoxdur. QAT sədrinin sözlərinə görə, Sarkisyan son açıqlamasında da Ermənistanın öz mövqeyindən geri çəkilməyəcəyini bildirdi:

"O, açıq formada dedi ki, danışıqlar bundan sonra 20 il də davam etsə, Ermənistan öz maraqları daxilində hərəkət edəcək. Həmçinin dedi ki, Qarabağla Ermənistan arasında quru ərazisi olmalıdır. Azərbaycan prezidenti İlham Əliyev də Azərbaycanın mövqeyini açıqladı və bildirdi ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər, başqa variant yoxdur.Bunlar tamamilə biri-birinə əks olan mövqelərdir.Ermənistan da heç bir halda danışıqlar prosesində obyektivlik nümayiş etdirmək istəmir.Buna görə də hesab etmək olar ki, hadisələr müharibəyə doğru inkişaf edir.Münaqişənin müharibədən başqa həll yolu yoxdur.Azərbaycan danışıqlardan çıxıb müharibəyə başlamalıdır.Azərbaycanın Serj Sarkisyana cavabı müharibə olmalıdır”.

"Söz əsgərlərə verilməlidir”

Ağ Partiyanın sədri Tural Abbaslı "Cümhuriyət” qəzetinə deyib ki, işğalçı ölkənin başçısı son açıqlamasıyla Azərbaycan hakimiyyəti və Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinə qiymət verdi. O, hesab edir ki, 20 ildə nə bizim hakimiyyət, nə də həmsədrlər işğalçını güzəştə məcbur edə bilmədilər:

"Danışıqlar da Azərbaycanın güzəşti üzərində qurulub. Sarkisyanın açıqlamasından da bu məntiq çıxır.Ümumiyyətlə, müharibə ilə işğal edilmiş torpaqlar heç vaxt dinc yolla azad oluna bilməz.Torpaqları yalnız güclü ordu, formalaşdırılmış beynəlxalq münasibətlərlə geri qaytarmaq mümkündür.İlk növbədə də ədaləti təmin edə biləcək orduya sahib olmaq lazımdır.Əgər danışıqlar nəticə vermirsə, bu zaman söz döyüş meydanında toplara, güllələrə, tanklara, əsgərlərə, təyyarələrə verilməlidir”.

Tural Abbaslı qeyd edib ki, siyasətçilər həmişə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllindən başqa variantın olmadığını deyirlər. Bunun strateji ifadə olduğunu deyən partiya sədrinin sözlərinə görə, indiki halda reallıq budur ki, münaqişənin dinc yolla həlli yoxdur:

"Bizim ərazilərimiz işğal olunub. Bütün hüquq normalarına görə, biz öz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edə bilərik.Necə olur ki, Rusiya və Amerika öz maraqları üçün minlərlə kilometr uzaqda yerləşən Suriyaya silahlarını, hərbçilərini göndərir, amma biz torpaqlarımızı azad etmək üçün silaha əl ata bilmərik?Azərbaycan üçün ərazilərini azad etməkdən başqa heç bir məsələ müzakirə mövzusu olmamalıdır, öz ordusunu gücləndirməklə aprel əməliyyatlarına oxşar döyüşlərlə torpaqlarını azad etməlidir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları