Yuxarı

Ukraynanın bölünməsində yeni plan

Ukraynanın bölünməsində yeni plan

Separatçıları öz valyutasını buraxmaq istəyir

Fərhad Mehdiyev: "Müharibənin olması Qərbin reaksiyasından asılıdır”

Ukraynanın şərqində "Malorossiya” konfederasiyası adlı separatçı dövlətin elan olunması Rusiya ilə münasibətləri yenidən gərginləşdirib. Siyasi müşahidəçilər Ukrayna ilə Rusiya arasında yeni döyüşlərin başlanacağını istisna etmir. Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Viktor Mujenko qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkonun "Malorossiya” ideyasının "Novorossiya” kimi yerindəcə məhv olacağını bəyan edib: 

"Ukrayna xalqı "Novorossiya”nı dəfn etdi, indi də "Malorassiya”nı dəfn edəcək. Rusiyanın kuklaları ilğım kimi həmişə yox olur. Ukraynanın ərazi bütövlüyü sözsüz bərpa olunacaq!”- Mujenko özünün facebook səhifəsində belə yazıb. Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov da kəskin bəyanatla çıxış edib: 

"Rusiya tərəfindən işğal olunmuş Donbasda Kremlin oyuncaq klounları Malorossiya qurduqlarını bəyan ediblər. Bu, Moskva strateqlərinin qərbə hərbi təcavüzü davam etdirmək, Ukraynanın yeni bölgələrini qanlı dəyirman daşına cəlb etmək niyyətindən xəbər verir”. 

"Malorossiya”nı elan edən separatçılar isə ayrıca valyuta çap edəcəyini, avtomobil nömrə seriyası buraxacağını bildirir. Ancaq Donetsk və Luqansk separatçıları arasında olan fikir ayrılığı "Malorossiya” ideyasının həyata keçməsi yolunda əsas maneələrdən biridir. Luqansk rusları Zaxarçenkonun idarəçiliyi altına keçməyi "Donetskinin onları udması” kimi qiymətləndirir. 

Siyasi ekspertlərin qənaətinə görə, şərqi Ukraynaya nəzarəti ələ keçirmək üçün Odessa strateji əhəmiyyət daşıyır. "Malorossiya” konfederasiyanın baş tutması isə Odessanın gələcək siyasi statusundan çox asılıdır. 

Politoloq Fərhad Mehdiyevin sözlərinə görə, Luqansk vilayətində əhalinin etnik tərkibinin böyük əksəriyyəti ukraynalılardır. Donetsk ilə müqayisədə ruslar azlıq təşkil edir. Luqansk ilə Donetsk arasında fikir ayrılığının əsas səbəblərindən biri bununla bağlıdır. Lakin F.Mehdiyev Ukrayna və Rusiya arasında növbəti ağır müharibənin başlanması ehtimalının yüksək olduğunu deyir:

"Müharibənin başlanması Qərbin reaksiyasından asılıdır. Əgər Qərb "Malorossiya” ideyasına sərt reaksiya versə və Ukraynanı müdafiə etsə, o zaman müharibə təhlükəsi azala bilər. Ancaq Qərb Ukraynanı güclü müdafiə etməsə, Rusiya Ukraynanı əldə etməyə çalışacaq ki, bu da müharibə ilə nəticələnəcək. Çünki Rusiyanın dəstəklədiyi separatçılar bu addımı atmaqla Minsk sazişi qüvvədən düşmüş oldu. Rusiya mətbuatı da müharibənin başlanacağını yazır. Rusiyada medianın hökumətdən asılı olduğunu nəzərə alsaq bu, Ukrayna tərəfinə göndərilən mesajdır”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları