Yuxarı

Tramp diqqəti Rusiyadan yayındırır

Tramp diqqəti Rusiyadan yayındırır

Hikmət Hacızadə: "Tramp Rusiyanın "saqqızını” oğurlamaq - bu ölkəni İrandan ayırmaq istəyir”

Zərdüşt Əlizadə: "Misir və İordaniyanı çökdürdülər, İraqı məhv etdilər, Suriyanı dağıdırlar, növbədə İrandır”

ABŞ raket proqramı və "düşmən fəaliyyəti” ilə əlaqədar olaraq İrana qarşı yeni sanksiyaları tətbiq etmək niyyətindədir."Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, bu haqda jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib. O qeyd edib ki, sanksiyaların iki il əvvəl "Altılıq” və İran arasında imzalanan Birgə Hərtərəfli İş Planı (SVPD) ilə əlaqəsi yoxdur. Bu razılaşma çərçivəsində Vaşinqton Tehrana qarşı bir sıra sanksiyaları ləğv edib: "Yeni sanksiyalar nüvə razılaşması çərçivəsində ləğv edilmiş sanksiyalar yenidən tətbiq olunası deyil”.

Ağ Evin nümayəndəsi həmçinin İranın "düşmən fəaliyyəti”ndən nümunələr gətirib. Diplomatın sözlərinə görə, İranın Suriya rejiminə dəstəyi, İsrail barədə düşmən siyasəti, terrorizmə dəstəyi, Yaxın Şərqdə azad gəmiçiliyə təhlükə yaratması, ABŞ və onun müttəfiqlərinə qarşı kiberhücumları, insanın hüquqları pozması və amerikalıların qanunsuz tutulması bu fəaliyyətə daxildir: "Prezident və dövlət katibinin fikrincə, İranın bu fəaliyyəti nüvə razılaşmasına zərər verir”.

Sanksiyaların pərdəarxası

Amerika KİV-lərinin məlumatına görə, sanksiyalar İranın Yaxın Şərqdə, xüsusi halda Suriyada hərbi gücünü artırmasına qarşıdır. Qeyd olunur ki, sanksiyaların hədəfi, xüsusi halda, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH), həmçinin İranın 7 təşkilatı və 5 fiziki şəxs olacaq. Vaşinqtonun fikrincə, bu təşkilatlar və şəxslər Tehranın qanunsuz və cinayətkar hərəkətlərini dəstəkləyirlər.Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da İranın 2015-ci ildən nüvə sazişinin öhdəliklərini yerinə yetirdiyini qəbul edib.Qeyd olunur ki, artıq dövlət katibi Reks Tillerson İranla əldə olunmuş sazişin yerinə yetirilməsi ilə bağlı hesabatı Trampa təqdim edib.Sənədin prezident tərəfindən Konqresə göndərildiyi bildirilir.

Trampın da imzaladığı yeni sanksiya layihəsində əsas hədəf kimi İran görünsə də Amerika KİV-ləri reallığın görünəndən uzaq olduğunu iddia edirlər.Hesab olunur ki, birbaşa Donald Tramp tərəfindən hazırlanmış layihə Konqres və ABŞ-ın digər siyasi dairələrinin diqqətini Rusiyadan yayındırmağa xidmət edir.Həmçinin iddia olunur ki, Ağ Ev rəhbəri bununla impiçment məsələsini də gündəmdən çıxarmağı hədəfə alıb.Bu məqsədlə İrana qarşı təzyiqləri və sanksiyaları sərtləşdirəcəyi iddia olunan Trampın Suriyada ABŞ ordusunu İranla üz-üzə qoyacaq qərarı verəcəyi də gözləniləndir.Bir sıra diplomatik mənbələr bir neçə gün əvvəl Almaniyada görüşən Rusiya prezidenti Vladimir Putin və Donald Tramp arasında bununla bağlı müzakirələrin getdiyini də bildirirlər.

"Tramp Rusiyanın "saqqızını” oğurlamaq istəyir”

Politoloq Hikmət Hacızadə "Cümhuriyət” qəzetinə  açıqlmasında Trampın İrana qarşı daha sərt sanksiya siyasətinin aldadıcı manevr olmadığını bildirib. O, hesab edir ki. Ağ Ev Rusiya ilə bağlı başqa bir xətt üzərindən siyasət yürüdür:

"Bu, birbaşa İrana qarşı yönəlmiş tədbirlərdir. Tramp hələlik Rusiyanı kənara qoyub. Amma digər yandan da Tramp Rusiyanın "saqqızını” oğurlamaq - bu ölkəni İrandan ayırmaq istəyir.Çünki İran hər yerə burnunu soxur, terrorçuları, Bəşər Əsəd rejimini dəstəkləyir və Suriyaya hərbi müdaxilələr edir.Buna görə də ABŞ-ın bu planı birbaşa İrana hesablanıb.Trampın Rusiya ilə bağlı planları başqadır, bu baxımdan sanksiya qərarını aldadıcı manevr hesab etmək olmaz”.

"İran həqiqətən nüvə silahı əldə etmək istəyirdi”

Politoloq Zərdüşt Əlizadə də "Cümhuriyət” qəzetinə açıqlamasında Trampın yeni qərarında Rusiyanın yer almadığını deyib. Politoloq vurğulayıb ki, dünyada yalnız 3-4 dövlət Amerikaya itaət etmir:

"Kuba, Şimali Koreya və İran bura daxildir. Şimali Koreya gec-tez çökəcək.Kubanın da çökməsi istisna edilmir.Lakin İran teokratik, dini inanca söykənən, kifayət qədər mütəşəkkil və güclü dövlətçilik quruluşu olan dövlətdir.İran Amerikaya itaət etmir.Buna görə də İranı tabe etmək üçün müxtəlif bəhanələrdən istifadə edirlər.İran bu baxımdan dini azlıqları sıxışdırmaqda, terrora dəstək verməkdə, nüvə silahı hazırlamaqda ittiham olunur.Dəfələrlə sübut olundu ki, İran nüvə proqramını nüvə silahı hazırlayacaq qədər inkişaf etdirməyib.Beynəlxalq müşahidəçilər də stansiyalara baxdılar, MAQATE də yoxladı, hətta bu qurumun rəhbərini dəyişdilər.Amma yenə də İrana qarşı olan ittihamlara son qoyulmadı.Nəticədə müxtəlif uydurma bəhanələrlə sanksiyalar tətbiq etdilər.Lakin İrana təsir edə bilmədilər və həqiqətən də İran nüvə proqramını inkişaf etdirməyə başlamışdı.İran yaxşı görür ki, nüvə silahı olan ölkələrlə pis rəftar edə bilmirlər.Buna görə də "Altılıq” ölkələri müəyyən şərtlər üzərində İranla razılaşmağa məcbur oldular.Bu, Barak Obamanın vaxtında olmuşdu.Amma məcburi idi, xoş niyyətlə olmamışdı”.

Zərdüşt Əlizadənin sözlərinə görə, Obamadan sonra hakimiyyətə gələn Tramp İsrail dövlətinin və yəhudilərin bir nömrəli dostudur: 

"İsrailin də məqsədi budur ki, onun qarşısında duruş gətirə bilən müsəlman dövləti qalmasın.Misir və İordaniyanı çökdürdülər, İraqı məhv etdilər, Suriyanı dağıdırlar.İndi də yalnız İran qalıb.Buna görə də İrana qarşı təzyiqi davam etdirirlər. Tramp da İsrailə yaxın adamdır. Nəticədə günü-gündən ortaya yeni uydurmalar atırlar.Amerika da müsəlman dünyasını dağıdıb, günahı da İranın üzərinə atırlar.İran buna qarşı müqavimət göstərir.Buna görə də ona təzyiq edirlər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları