Yuxarı

Trampdan Putinsayağı TƏFTİŞ

Trampdan Putinsayağı TƏFTİŞ

Qabil Hüseynli: "O, bununla Amerikanın starteji maraqlarını zərbə altında qoyur”

Nadir Qocabəyli: "Bu, o deməkdir ki, ABŞ yaxın perspektiv üçün gözlənilməz və dəlisov, "məntiqsiz” bir siyasət yürütməyi planlaşdırır” 

ABŞ prezidenti Donald Tramp ölkəsinin baş prokuroru Ceff Seşnsi keçən il keçirilmiş prezident seçkilərində Demokratlar Partiyasının namizədi Hillari Klintonu dəstəkləyən Ukrayna hakimiyyətinin fəaliyyətini araşdırmağa çağırıb. "Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Ukrayna hakimiyyətini seçkiləri sabotaj etməkdə günahlandırıb. Amerika liderinin fikrincə, demokrat Hillari Klintonu dəstəkləmiş Ukrayna hakimiyyətinin hərəkətlərini araşdırmalıdır: "Trampın kampaniyasının sabotaj edilməsi istiqamətində Ukraynanın səyləri - sakitcə Klintonun güclənməsinə işləyirdi. Buna görə də, baş prokuror, istintaq haradadır?Baş prokuror Ceff Seşns Hillari Klintonun cinayətləri və kəşfiyyat məlumatlarının sızmasına yol verənlər barədə çox zəif mövqe tutub”.

Tramp qeyd edib ki, Federal Təhlükəsizlik Xidmətinin (FTX) başçısı vəzifələrini icra edən və Hillari barəsində istintaq aparılması səlahiyyətlərinə daxil olan şəxs - Endrü Makkeyb arvadı üçün Hillaridən 700 min dollar alıb.

Trampın ağlasığmaz Ukrayna planı

ABŞ-ın bir sıra media qurumlarına görə, Donald Trampın baş prokurora Ukraynanın seçkilərə müdaxiləsi ilə bağlı müraciəti Rusiyaya qarşı daha sərt sanksiya layihəsi hazırlayan Konqresin fikrini əsas hədəfdən yayındırmağa, o cümlədən, siyasi dairələri Rusiyanın seçkilərə müdaxiləsi və buna görə gündəmə gəlmiş impiçment məsələlərini gündəlikdən çıxarmağa məcbur etməyə xidmət edir. Bir sıra mənbələr isə bunun arxasında Trampın Ukraynanın Rusiyaya güzəşt edilməsi maraqlarının dayandığını iddia edirlər. Bir müddət əvvəl Vaşinqtonda ukraynalı həmkarı Pyotr Poroşenkonu qəbul edərkən Ağ Ev rəhbərinin Krım məsələsinə görə Rusiyanı tənqid etməkdən yayındığını xatırladan mənbələrin iddialarına görə, Hamburq görüşündə Rusiya prezidenti Vladimir Putin bununla bağlı onu razı sala bilib. Mənbələr həmçinin seçkiqabağı kampaniya dönəmində Krımın Rusiyaya ilhaqını tanıyacağı vədinə də diqqət çəkirlər və indiki halda bu məsələsinin yenidən gündəmə gəlməsini və Trampın baş prokurora müraciətinin də buradan qaynaqlandığını yazırlar.

"O, ağılasığmaz hərəkətlər edir”

Politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə açıqlamasında Amerika prezidentinin bu çağırışının ağılasığmaz hərəkət olduğunu bildirib. O, hesab edir ki, Donald Tramp bununla Amerikanın starteji maraqlarını zərbə altında qoyur:

"Trampın bu gedişi hədəfləri Rusiyadan yayındırmaq və Rusiyanın seçkilərə müdaxiləsi məsələsini gündəmdən çıxarmaq məqsədi daşıyır. Əlbəttə, Ukraynada kimlərsə seçkilərdə Hillari Klintonu dəstəkləyə bilərdi, bu da təbiidir.Ukraynanın Barak Obama siyasətinin davamçısını - Klintonu hakimiyyətdə görmək istəyini təbii qəbul etmək lazımdır.Ukraynanın seçkilərdə Amerikada Tramp əleyhinə aparılan kampaniyaya pul ayırması ittihamını qəbul etmək də olar, etməmək də olar.Lakin xüsusi prokuror bu yöndə araşdırma aparsa da heç nə tapa bilməyəcək.Əksinə, bu halda Tramp əleyhinə daha ciddi faktlar ortaya çıxa bilər.Bu da Amerikanın maraqlarına zərbə vurmaq deməkdir”.

"Günahları "dəli” Trampın üstünə yükləyəcəklər”

"Cümhuriyət” qəzetinə siyasətdə təsadüflərin az olduğunu deyən siyasi analitik Nadir Qocabəylinin sözlərinə görə, bu baxımdan Tramp Amerika oliqarxlarının, onların nəzarətində olan və ABŞ-ın dövlət siyasətini, taktiki və strateji gedişlərini analiz edib, müəyyələşdirən institutlarının rasional seçimidir:

"ABŞ prezidentləri həmişə əvvəldən ölçülüb-biçilmiş siyasətin siması olublar. Yəni əvvəlcə yaxın beş-on il üçün siyasi taktika müəyyən olunur, bundan sonra həmin taktikanı həyəta keçirəcək, ona uyğun şəxs tapılır və xalqa seçdirilir. Yəni, hər bir prezident konkret missiyanı həyata keçirmək üçün gətirilir. Qaldı ki, "demokratik” seçkilərə, mənə elə gəlir ki, xalqın iradəsi həmin adamların hakimiyyət başına gəlməsində az rol oynayır. Çünki ABŞ-da, eləcə də digər Qərb ölkələrində kütləni hər hansı şəxsə, siyasətə, partiyaya səs verdirməyin mükəmməl mexanizmləri var və Amerikanı idarə edən oliqarxiya istədiyi siyasəti həyata keçirmək üçün arzu etdiyi şəxsi prezident edə bilir. Bu baxımdan Tramp da istisna deyil. Tramp dəlisov, ekspromt bəyanatlar verən, hərəkətlər edən bir şəxsdir. Bu o deməkdir ki, ABŞ yaxın perspektiv üçün ekspromt, yəni gözlənilməz və dəlisov, "məntiqsiz” bir siyasət yürütməyi planlaşdırır və ən pis halda bütün günahları "dəli” Trampın boynuna yükləyəcək”.

"Dünyaya ciddi mesajlar var”

Nadir Qocabəyli qeyd edib ki, Trampın Rusiyapərəst olması, rusların ABŞ-dakı seçkilərə müdaxilə etməsi, onun nəticələrini indiki prezidentin xeyrinə dəyişməyə müvəffəq olması həqiqətə uyğun deyil:

"Bu, Amerkanın siyasətini müəyyən edənlərin manipulyasiyası, incə bir at gedişidir. Onlar bununla demək istəyirlər ki, dünyadakı bütün ölkələrin daxili işinə qarışan təkcə biz deyilik, bunu başqaları da edir və hətta, bizim də işimizə qarışan var. Trampın özünə yönəlik bu ittihamı, yəni Rusiyanın ona prezident olmaqda kömək etməsi ittihamını Ukraynanın Hillari Klintona kömək etməsi şəklində cavablandırması isə o deməkdir ki, nəinki Rusiya kimi bir fövqəldövlət, hətta Ukrayna kimi regional, başı özünə qarışmış bir postsovet ölkəsi belə, ABŞ-dakı seçkiyə müdaxilə edə bilir. Əgər belədirsə, biz niyə müdaxilə etməməliyik?Bu ilk növbədə "dəli” Trampın ona qarşı irəli sürülən ciddi ittihamlara sərsəm cavabı təsiri bağışlasa da dediyim incə gedişin improvizasiyasının daha da inkişaf etdirilməsi, ABŞ-ın hamının işinə qarışmaq siyasətinə haqq qazandırılması məqsədi güdür.Burada həm Amerika xalqına, həm də dünya ictimaiyyətinə yönəlik ciddi mesaj var; həm daxildə, həm də xaricdə ABŞ-ın ekspansionist-militarist siyasətinə qarşı etiraz edən dairələrin ağzının yumulmasına yönəlik profilaktik tədbirlər aparılır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları