Yuxarı

Tramp daha bir cəbhə açır

Tramp daha bir cəbhə açır

Məhəmməd Əsədullazadə: "ABŞ üçün bir neçə cəbhədə mübarizə aparmaq çətin olacaq”

Amerika Birləşmiş Ştatları Şimali Koreyadan sonra Venesuelaya da hərbi müdaxilə edə bilər.Prezident Donald Tramp buna dair mesaj verib. Tramp "İnsanlar əzab çəkir və ölürlər. Bizim Venesuelaya dair çoxlu variantlarımız var. O cümlədən, ehtiyac yaranarsa, mümkün hərbi müdaxilə edə bilərik” deyib.Qeyd edək ki, ABŞ-ın hal-hazırda Şimali Koreya, İran və Rusiya ilə münasibətləri gərgindir.Hətta Şimali Koryea ilə müharibə həddinə qədər gəlib çatıb.Digər tərəfdən ABŞ Yaxın Şərqdə də mübarizə aparır və öz maraqlarının təmin olunmasına çalışır.Bu siyahıya Venesuelanın da əlavə olunması bir qədər fərqli məzərə yaradıb.Maraqlıdır, ABŞ neçə cəbhədə mübarizə aparacaq?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Tramp üçün bir neçə cəbhədə mübarizə aparmaq çətin olacaq:

"ABŞ-da respublikaçılar hakimiyyətə gəldikdən sonra öz ənənəvi siyasətlərini davam etdirməyə başladılar. Demokratlardan fərqli olaraq, respublikaçılar müharibə partiyası kimi tanınır. Bunların əsas məqsədi ABŞ-ı beynəlxalq "jandarm” etmək, bir sıra sözə baxmayan ölkələri ram etməkdir. ABŞ-ın geosiyasi və geostrateji maraqlarını dünyada güc yolu ilə qoruyub saxlamaqdan ibarətdir.ABŞ-ın Yaxın Şərqə müdaxiləsini 1990-cı ildən başlayaraq respublikaçı prezidentlər həyata keçirib.2001-ci ildə Nyu -Yorkda məlum terrordan sonra bu partiyanın Yaxın Şərqə hücumu daha da geniş vüsət aldı.Həmçinin diktator rejimlərə qarşı sərt siyasi mövqe tutdular. Bundan əlavə ABŞ-ın "şər üçbucağı” adlandırdığı İran, Şimalı Koreya və Rusiya, artıq Venesuela da bura əlavə olunub, bu cəbhələrdə müharibənin aparılması indiki prezident üçün asan olmayacaq. Bu ölkələrə sanksiyalar paketini qəbul edən Ağ Evin hazırkı siyasəti hərbi-siyasi və iqtisadi gücə əsaslanır.Əsas hədəfdə Şimali Koreyaya qarşı mümkün müharibə ehtimalı istisna edilmir.ABŞ-da Trampın reytinqinin aşağı düşməsi, impiçmentlə hədələnməsi Trampın spintan qərarlar verməsi ilə nəticələnə bilər.Çünki Tramp öz siyasi nüfuzunu yüksəltmək üçün yeni müharibəyə əl ata bilmək iqtidarındadır”.

Ekspert hesab edir ki, ABŞ-ın müharibə bəyanatları reallığa çevrilərsə, bu bölgədə geosiyasi zəlzələ yaradacaq. M.Əsədullazadənin sözlərinə görə, ABŞ mümkün variantlardan istifadə edərək Şimali Koreyanı danışıqlar masasına gətirmək istəyir:

"Venesuela və İranla bağlı siyasət kəskinləşir, Rusiya ilə ciddi konfrontasiya yaşayır. Bunların ən təhlükəlisi isə, Şimali Koreya ilə yaşananlardır.Burada yeni müharibənin başlaması, Uzaq Şərqdə geosiyasi zəlzələ yaradacaq.ABŞ-ın üç cəbhədə müharibə aparması onu zəiflətsə də, məğlub edə bilməyəcək.Müttəfiqlərinə arxalanan bu ölkənin hərbi potensialı buna imkan verir.Amma ABŞ hazırda gizli diplomatiyadan da istifadə edərək Rusiya və İran istisna olmaqla Venesuela və Şimal Koreya ilə müəyyən danışıqlar aparır. Hesab edirəm ki, yeni müharibə böyük fəlakətlərə səbəb ola və üçüncü dünya savaşının əsasını qoya bilər. Uzaq Şərqdə də ölkələrin sərhəd problemləri var, bundan əlavə Hindistan-Pakistan, Hindistan-Çin münaqişəsin də alovlanmaq ehtimalı yüksəkdir.Beynəlxalq müstəvidə də vəziyyət mürəkkəkbdir.ABŞ-ın müharibə ritorikası getdikcə daha da ciddiləşir.Çünki sözə baxmayan ölkələri cəzalandırmağa başlayacaq.Qərbi Avropa və Rusiyanın Şimali Koreya ilə siyasi münasibətləri var. Şimalı Koreya müəyyən dərəcədə danışıqlara gəlsə, vəziyyət sakitləşə bilər.

ABŞ bu ölkələri zəiflətməyincə geri çəkilməyəcək.ABŞ-ın qərargah rəisi isə Cənubi Koreyada səfərdədir.Çalışırlar ki, Şimali Koreyanı danışıqlar masasına gətirsinlər.Müharibə olarsa, bundan əziyyət çəkən əsas Cənubi Koreya olacaq.Ona görə də bölgədə yeni cəbhənin açılmasında Seul maraqlı deyil”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları