Yuxarı

Ukraynanın adı qalmaqallı silah alverində

Ukraynanın adı qalmaqallı silah alverində

Amerika Birləşmiş Ştatları -(ABŞ) Şimali Koreya münasibətləri  müharibə həddinə çatıb. Hər iki ölkə rəhbərinin səsləndirdiyi bəyanatlar yaxın zamanlarda müharibə olacağı ehtimalını daha da artırır. Müzakirələr zamanı isə bir sıra maraqlı məqamlar üzə çıxır. Qeyd edək ki, ABŞ Şimali Koreyadan ballistik raket sınaqlarını dayandırmağı tələb edir. Şimali Koreya isə bunun əksinə olaraq ABŞ-ın Quam adasını raket zərbələri ilə vuracağını bildirir. Münaqişənin pik həddə çatması müəyyən məlumatların yayılmasına rəvac verir. 

Belə ki, son yayılan məlumatlada Şimali Koreyanın ballistik raketlərində istifadə olunan mühərriklərin Ukrayna istehsalı olduğu iddia olundu. Ukrayna tərəfi isə bu iddiaları təkzib etdi və Şimali Koreyaya heç bir mühərrikin satılmadığını bildirdi. Ukraynanın raket motorları istehsal edən "Yujnoe” şirkətinin rəhbəri Aleksandr Deqtyarev "Heç bir əməkdaşımızın Şimali Koreyada raket mühərrikinin istehsalı üçün əmək sərf etmədiyindən əminəm. Lakin Ukraynanın istehsalı olan raket motorları dünyada böyük maraq kəsb edir. Ehtimal edirəm ki, Şimali Koreyada olan motorları digər bir ölkə istehsal etsin” - deyə bildirib. 

ABŞ-ın müttəfiqi olan Ukraynanın belə bir addım atması təbii ki, ABŞ hökumətini qane edə bilməz. Nəzərə alsaq ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar da məhz Ukraynada yaşanan hadisələrə görədir. Bu baxımdan Ukraynanın Şimali Koreyaya silah satışı təsdiqini taparsa, bu ABŞ-ın Ukrayna ilə bağlı fərqli qərarlar qəbul etməsinə səbəb ola bilər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazdə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ABŞ artıq Şimali Koreya ilə müharibə həddinə çatıb: "ABŞ-la Şimali Koreya arasında getdikcə dərinləşən siyasi münaqişənin hərbi müstəviyə keçməsi öz ciddiliyini qoruyur. Hazırda Pxenyan heç bir təhdidə və diplomatik danışıqlara əhəmiyyət verməyərək öz ballistik raket sistemlərini təkmilləşdirir və atış sınaqlarını keçirir. BMT-nin də iradları  və ABŞ-ın tətbiq etdiyi sanksiyalara rəğmən öz hərbi ritorikasından əl çəkməyən Pxenyan rejiminin siyasəti şərqi Asiyada müharibə fitilini alovlandıra bilər. Qeyd edim ki, bu ölkəyə sanksiyaların çoxu əsasən hərbi və raket sisteminin inkişafına tətbiq olunub. Buna baxmayaraq Şimali Koreyanın ABŞ-ı hədəfə ala biləcək nüvə başlıqlı raketlərin texnologiyasını necə əldə etməsi sual doğurur”. 

Politoloq hesab edir ki, Ukraynanın Şimali Koreyaya hərbi sursat satması Rusiyanın yaydığı dezinformasiyadır.

M.Əsədullazadə bildirib ki, ABŞ bununla bağlı Ukraynadan hesabat tələb edəcək: "Şimali Koreyanın ballistik raketləri üçün motor mexanizminin Ukrayna tərəfindən bu ölkəyə satılması iddiası çox ciddi rezonans doğurur. ABŞ-ın ciddi dəstək verdiyi Ukraynanın öz tərəfdaşının düşməninə hərbi ləvazimatları satması, iki ölkə arasında ciddi problemlər yarada bilər.  Ukrayna bunu təkzib edir. Hesab edirəm ki, son aylarda ABŞ-ın Ukraynaya hərbi dəstəyini artırması fonunda belə bir dezinformasiya Rusiya tərəfindən qaynaqlanır. Rusiya kəşfiyyatı maksimum çalışır ki, Ukrayna ilə Qərb tərəfdaşları arasında siyasi uçurum yaratsın. Əgər bu xəbər öz təsdiqini taparsa, Vaşinqton Kiyevdən ciddi hesabat tələb edəcək. Hesab edirəm ki, bu məsələyə konkret aydınlıq gələnə qədər ABŞ Ukrayna ilə mümkün əlaqələri aşağı səviyyədə saxlayacaq. Təbii ki, bu Rusiyanın təcavüzünə zəmin yaradacaq həddə olmayacaq. Çünki ABŞ özü də yaxşı başa düşür ki, Ukrayna ilə əlaqələrin zəifləməsi bu ölkəni yenidən Rusiyanın nəzarətinə keçirə bilər. Bu da ABŞ-ın geosiyasi maraqlarına cavab vermir. Ancaq hər bir halda düşünürəm ki, yayılan bu informasiya çox ciddidir və bu məsələdə Rusiya izi ortaya çıxa bilər”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları