Yuxarı

Kremldən "dünyanın sonu” təhdidi

Kremldən

XİN sözçüsü ABŞ-Koreya savaşının dünyanın sonu olacağını bildirdi

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova ABŞ və Şimali Koreya arasında ehtimal olunan müharibədən danışıb. "Cümhuriyət” qəzeti Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ABŞ-Şimali Koreya gərginliyinə toxunan M.Zaxarova müharibənin dünyanın sonu olacağına işarə vurub:

"Bu, doğrudan da, hamını narahat edən məsələdir, çünki bu əzələ nümayişi nüvə silahı və nüvə texnologiyaları ətrafında baş verir. Əgər Vaşinqtondan eşitdiklərimiz həyata keçirilərsə, bu əlbəttə ki, dünyanın sonunun ssenarisi olacaq”.

Rusiyalı diplomat hesab edir ki, bu hadisələr bir regionla məhdudlaşmayacaq və bütün dünyaya sirayət edəcək: "Son zamanlar eşidirik ki, Vaşinqton getdikcə səs tonunu aşağı salır. Lakin problem yerində qalmaqdadır. Vaşinqtonun bəyanatları Pxenyanın bəyanatlarını sanki təkrarlayır”.

Trampın sürətli və sərt zərbə planı

Şimali Koreya böhranı dünyanın bir nömrəli gündəm mövzusuna çevrilib. Çünki ABŞ prezidenti Donald Trampın Şimali Koreya rəhbərliyini bu ölkəyə raket zərbələri endirəcəyi ilə təhdid etməsi və Şimali Koreyanın Guam adasına ballistik raket atmağı planlaşdırdığını açıqlaması, müharibə riskini artırır. İngiltərədə nəşr olunan "Guardian” qəzeti yüksələn təzyiqin hansı səviyyəyə çata biləcəyi ilə bağlı ehtimallarını açıqlayıb. Qəzet yazır ki, Trampın Pxenyanla silah və əsəbi dildə danışması müharibə ehtimalını yüksəldir. Trampın milli təhlükəsizlik müşaviri Herbert Raymond MakMaster də "böhranı aradan qaldıracaq müharibə”nin siyasi seçimlərdən biri olduğunu demişdi. Ekspertlərə görə, burada əsas məqsəd Şimali Koreyanın hərbi bazalarına sürətli və sərt zərbələr endirərək, bu ölkənin ABŞ və bölgədəki müttəfiqlərinə hücum etmək imkanlarını zəiflətməkdir. Lakin bu seçim özündə bir çox riski daşıyır. Çünki Şimali Koreya öz nüvə silahlarını bütün sərhədboyu bölgələrində gizlədib.

Eyni zamanda 8 min km mənzilli ağır top batereyaları da Cənubi Koreyanın paytaxtı Seul şəhərinə tuşlanıb. Yəni, ABŞ-ın ilk zərbəsi nə qədər sürətli və sərt olsa da Pxenyan buna yerindəcə cavab vermək gücündədir. Bu da yüz minlərlə insanın həyatını itirəcəyi deməkdir.

Kim Çen İni öldürmək

"Guardian” iddia edir ki, ABŞ və Cənubi Koreya müharibənin qarşısını almaq, yaxud daha az itkilərə yol açacaq müharibə üçün Şimali Koreya rəhbərliyində təmsil olunan yüksək çinli dövlət adamları və Kim Çen İni öldürməyi planlaşdırır. Qəzet bunun Şimali Koreyaya hərbi müdaxilə planının bir hissəsi olduğunu iddia edir. Hətta, bununla bağlı Amerikanın Cənubi Koreyada briqada qurduğu ehtimal olunur. Lakin ortaq layihə nəticə verməyə bilər, çünki Kim Çen İn dünyada ən yaxşı qorunan siyasi liderlərdən biridir. Kim Çen İn öldürülsə belə, onun yerinə keçəcək şəxsin ABŞ-la loyal dildə danışacağı da məlum deyil.

2 milyard insanın həyatı təhlükədə

Şimali Koreya yenidən müzakirə masasına qayıtmaq üçün ən kiçik addımı da atmır. ABŞ isə danışıqların yalnız Şimali Koreyanın ballistik raket sınaqlarını dayandırmasından sonra mümkün olacağını bildirir. Vaşinqtonun üzərində təkid etdiyi əsas tələb isə Şimali Koreyanın nüvə proqramından birdəfəlik imtina etməsi ilə bağlıdır ki, Kim Çen İn bu tələbi birmənalı şəkildə rədd edir. Çin və Rusiya da artan müharibə ehtimalını aradan qaldırmaq üçün tərəflərə öz təkliflərini veriblər. Pekin və Moskvanın planı Şimali Koreya ilə yanaşı, ABŞ və Cənubi Koreyanın da raket sınaqlarını dayandırmasını irəli sürür. Lakin Amerika bunu dəstəkləmir. Vaşinqtona görə, Cənubi Koreyanın özünümüdafiə məqsədli təlimləri Şimali Koreyanın təhdidedici bəyanatları ilə eyni deyil. Pxenyan da ABŞ-ın Cənubi Koreya üzərindən Şimali Koreyaya hücuma hazırlaşdığını bildirir. Beləliklə, qarşılıqlı etimadıslıq isə 2 milyarda yaxın insanın məhv olacağı proqnozlaşdıran müharibə riskini artırır.

Yaponiya, Cənubi Koreya və Guam hədəfdə

ABŞ-da nəşr olunan "The National Interest” ("NI”) hərbi jurnalı Şimali Koreya və ABŞ arasında artan gərginliyin ehtimal olunan nəticələri ilə bağlı ilginc iddialar çıxış edib. Jurnal belə bir müharibənin nəticəsinin bütün dünya üçün dağıdıcı olacağını iddia edib. "NI”-nin araşdırmaçısı Denniz Halpin Şimali Koreyanın 20-yə yaxın döyüşə hazır vəziyyətdə olan nüvə silahı ilə yanaşı, 5 min tonluq kimyəvi silaha da sahib olduğunu yazıb. Halpin qeyd edir ki, Şimali Koreya bu silahları ABŞ-ın Cənubi Koreya, Yaponiya və Guam adalarındakı hərbi bazalarına qarşı istifadə edə bilər. Araşdırmaçı Şimali Koreyanın top sistemlərinin Cənubi Koreyanın 10 milyon əhalisi olan Seul şəhərini asanlıqla vurmaq gücündə olduğunu da diqqətə çatdırıb.

"Nəticələr dünya üçün dağıdıcı olacaq”

İddiaya görə, Şimali Koreya kimyəvi silahlardan istifadə etsə, təkcə koreyalılar və yaponları yox, yarımadada yaşayan amerikalıların olduğu bölgələrə qarşı da istifadə edəcək. Rəsmi Tokio da müharibə vəziyyətində Yaponiyanın kimyəvi silahlardan hücumlara məruz qalacağından narahatdır. Halpin isə yazır ki, İkinci Koreya müharibəsinin əsas qurbanı dünya iqtisadiyyatı olacaq: "Müharibə vəziyyətində ABŞ-dakı marketlərin Şərqi Asiya məhsulları ilə doldurulan piştaxtaları sürətlə boşalacaq, milli təhlükəsizlik üçün ciddi təhdid olan amil isə Çinin müharibədə Şimali Koreyanı dəstəkləməsi olacaq. Bunun nəticələri dünya bazarı üçün dağıdıcı olacaq”.

Məqalədə I Koreya müharibəsində 50 min amerikalı, 2 milyon koreyalının həyatını itirdiyi xatırladılıb. Jurnal belə bir müharibənin Cənubi Koreyanı tamamilə yox edəcəyini, dünya ticarətinin sıradan çıxacağını, birjaların böhrana girəcəyini və İkinci Dünya Müharibəsindən sonra ilk dəfə nüvə silahlarından istifadə olunacağını iddia edir. Halpinin sözlərinə görə. ABŞ bu müharibənin gözlənilən nəticələrini əvvəldən nəzərə alaraq, Şimali Koreyanı vurmaq istəyi üzərində ciddi fikirləşməlidir.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları