Yuxarı

Kremlin "taxtında” kim oturacaq?

Kremlin

"Peterburq siyasətçiləri” Fondu "Vladimir Putinin siyasi varisləri” mövzusunda reytinq sorğusu keçirib. Rəy sorğusu gələn il keçiriləcək prezident seçkilərində adları siyahıya daxil edilən iddialı siyasətçilərin növbəti mərhələdə gücünü müəyyən etmək məqsədi daşıyıb. Prezdentliyə real siyasi varis kimi 19 siyasətçinin adı daxil edilib. Onların reytinqi ballar üzrə dəyərləndirilib. Respondentlərin əksəriyyəti hazırkı baş nazir Dmitri Medvedyevi Vladimir Putinin siyasi varisi kimi görmək istədiklərini bildirib. Belə ki, D. Medvedyev 21 balla birinci yeri tutub. İkinci yeri isə Moskva şəhərinin meri Sergey Sobyanin tutub. Sobyanin 19 bal toplayıb. 

Tula vilayətinin qubernatoru, əvvəllər Vladimir Putinin mühafizə xidmətinə rəhbərlik etmiş Aleksey Dyumin isə populyarlığına görə 18 balla 3-cü yerdə qərarlaşıb. Müdafiə naziri Sergey Şoyqu isə 17 bal toplayaraq siyahıda 4-cü yer tutub. Adı Vladimir Putinin əsas siyasi varisi kimi son vaxtlar tez-tez çəkilən Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə 9-cu pillədə yer alıb. Ekspertlər sorğunun nəticələrinə uyğun olaraq Volodinə 15 bal veriblər. Müxalifətin gənc lideri, hazırda həbsdə olan Aleksey Navalnının şansı çox aşağıdır. O, 10 balla axırdan ikinci, yəni 18-ci pillədə mövqe tutub. 

Bir sıra analitiklər hesab edir ki, Vladimir Putinin adı siyahıya daxil edilsəydi, hazırkı dövlət başçısı şübhəsiz birinci yeri tutardı. Ancaq sözügedən reytinq sorğusu daha çox post-Putin dövrünə hesablanıb. Yəni 2018-ci ilin mart ayında prezident seçkiləri keçiriləcək. Vladimir Putin seçkilərdə namizədliyini irəli sürmək niyyətində olması barədə hər hansı açıqlama verməyib. Vladimir Putinin iki dəfə seçim müddəti başa çatdığından mövcud konstitusiya buna imkan vermir. Yenidən prezidentliyə iddiasını ortaya qoymaq üçün Putin gərək öncə Rusiya Federasiyası konstitusiyasına əlavə və dəyişiklərin edilməsi məqsədilə referendum keçirsin. Rusiya qeyri-demokratik ölkə olduğundan ümumxalq səsverməsindən Putin istədiyi nəticəni əldə edəcəyi şübhə doğurmur. 

Rusiya mediasının yazdığına görə, V.Putin seçkilərdə iştirak edib-etməyəcəyini açıqlamadığından hazırda ölkənin siyasi kuluarlarında başqa ssenari nəzərdə tutulmur. Seçkilər rəsmən elan edilməsə də artıq siyasi dairələrdə növbəti prezidentin yanında yeni baş nazirin kim olacağı və yüksək vəzifələrin kimlər arasında bölünəcəyinə dair müzakirələr gedir. Putinin adının sorğuya daxil edilməməsi Rusiyada prezidentin siyasi varisini müəyyən etməklə yanaşı, hakim komanda daxilində ona əsas rəqib ola biləcək siyasətçinin da kimliyinə aydınlıq gətirmək məqsədi daşıya bilər. 

"Peterburq siyasətçiləri” mümkün namizədlərin seçilməsi zamanı, onların siyasi, idarəçilik təcrübəsini və statusunu nəzərə almayıb. Ekspertlər dəyərləndirmə zamanı Prezident Administrasiyası ilə hökumət aparatını hipotetik olaraq ümumi götürüb, Dövlət Təhlükəsizlik Şurasını Xarici İşlər Nazirliyi ilə birləşdirib. Adıçəkilən fondun əməkdaşları hesab edir ki, siyasi liderliyinə nail olmaq üçün Vladimir Putinin şəxsi etimadını qazanmaq vacib deyil. Siyasi varislərin dəyərləndirilməsi onların xarakterindəki 5 kateqoriya üzrə müəyyən edilib. Bunlar aşkarlıq, ümid, fəallıq, münaqişəyə meyilli olmamaq, subyektin zəifliyidir. Adları çəkilən siyasətçilər maksimum 5 balla qiymətləndirilib. 

"Peterburq siyasətçiləri” Fondunun direktoru Leonid Davıdov hesab edir ki, yüksək subyektivlik hansısa klana mənsub olmaq deməkdir. Bu da prezident Putinin etimadını qazanmaq üçün kifayət edir. Qeyd edilən uğura baxmayaraq, ekspertlər hökumət başçısının reytinqinin yay ərzində mənfi dinamikada dayanacağını bildirirdilər. Sabiq maliyyə naziri, prezident Putinin əsas rəqibi sayılan Aleksey Kudrinin iqtisadi proqramının zərərsizləşdirilməsi Medvedyevin ictimai fəallığının artmasında mühüm rol oynayıb. Mənfi cəhətlərinə gəlincə, D.Medvedyev ilin əvvəlindən ona qarşı başlayan informasiya hücumlarının vurduğu zərbələri sağalda bilməyib. Eyni zamanda, hökumət başçısı kimi gördüyü müsbət işlər onun fəaliyyətindəki çatışmazlıqları aradan qaldıra bilməyib. 

Vladimir Putinin 2008-ci ildə yenidən hakimiyyətə qayıdışından sonra Rusiya siyasətində Dmitri Medvedyev "siyasi varislik ömrü” başa çatmış siyasətçi hesab edilir. O, hakimiyyətin yenidən V.Putinə ötürülməsi rolunu oynayıb. Ona görə də Putin tərəfindən "çeynənilmiş” Medvedyevin yenidən siyasi varis seçiləcəyi inandırıcı görünmür. Ölkə əhalisindən fərqli olaraq, artıq Rusiyanın siyasi elitasında D.Medvedyevə Putinin siyasi alternativi kimi baxmırlar. Baş nazir hakim Vahid Rusiya Partiyasının sədri olsa da onun başçılıq etdiyi hökumət korrupsiyadan və bahalaşmadan əziyyət çəkən Rusiya cəmiyyətini sakitləşdirmək üçün hər an istefaya göndərilə bilər. Vladimir Putin yenidən prezidentliyə namizədiliyini irəli sürməli olarsa, onun özünü siyasi cəhətdən sığortalamaq üçün hökuməti qurban verəcəyi istisna edilmir. Lakin Medvedyevin aşkarlıq, fəallıq kateqoriyaları üzrə, və ona olan gözləntilərin ən yüksək 5 balla qiymətləndirilməsi prezidentdən fərqli olaraq, baş nazirin liberal xəttə meyilli kadr kimi tanınması ilə izah edilə bilər.

Yəni prezident Putin Rusiya elitasında mühafizəkar siyasi kursun lideri sayılırsa, D.Medvedyev görünür, islahatçı imicini hələ də qoruyub saxlaya bilib. Bu mənada, o, Putindən yaxasını qurtarmaq istəyən Qərbdə bir sıra dairələrin dəstəklədiyi liberal xəttin lideri kimi Rusiya prezidentinin alternativinə çevrilə bilər. Doğrudur, 2008-ci ildə D.Medvedyevin hakimiyyəti yenidən V.Putinə geri qaytarması onunla işləməyə böyük maraq göstərən Qərbdə nüfuzuna ciddi zərbə vurmuşdu. Hətta ABŞ və Avropadakı bəzi dairələr artıq Medvedyevə ciddi yanaşmır və daha iradəli siyasi varisin tapılmasına maraq göstərir. Ancaq Qərbə hazırda ilk növbədə, Putindən xilas olmaq və bir sıra geosiyasi problemlərin həllində anlaşmaya nail olmaq lazımdır. Əgər növbəti prezident yenə Medvedyev, baş nazir isə bu dəfə də Putin olacaqsa, ümumi nəticə dəyişəcəkmi? Ona görə də Qərbə hakimiyyətin kimə ötürülməsindən öncə, Rusiyanın xarici siyasət kursunun dəyişməsi lazımdır. 

Bu arada Sergey Sobyaninin reytinqinin sürətlə artması diqqəti cəlb edir. Moskva şəhərinin sabiq meri Yuri Lujkovu əvəz etdiyi ilk vaxtlarda S.Sobyanin Rusiya ictimaiyyətində xeyli populyarlıq qazana bimişdi. Hətta 2008-2010-cu illərdə Sobyaninin baş nazirin müavini təyin edilməsi D.Medvedyevin adı ilə bağlıdır. Sobyanin həm də Vahid Rusiya Partiyasının əsas qurucularından biri sayılır. D.Medvedyevə yaxın şəxs sayılan Sobyanin Putinin hakimiyyətə qayıdışından sonra sıxışdırılmağa başladı. Buna baxmayaraq, Moskvanın meri siyasi karyerasında xeyli irəliləyiş əldə edərək ön plana çıxa bilib. Ekspertlərin fikrincə, S.Sobyaninin ən uğurlu bölgələrdən birinin rəhbəri kimi nüfuzunu artırmaq cəhdləri davam edir. Söhbət Moskva və paytaxtətrafı bölgələrdən gedir. Artıq Sobyaninin adı siyasi varis kimi Medvedyevlə yanaşı çəkilir. "Siyasi varislikdə Medvedyev formulu”nun artıq bir dəfə tətbiq olunduğunu nəzərə alsaq, S.Sobyaninin uğur qazanmaq şansı az görünmür. Ancaq onu da nəzərə almaq lazımdır ki, 2024-cü ildə yeni varisin hakimiyyəti yaşlanmış Putinə qaytaracağı real olmaya da bilər. 

Reytinqinə görə 3-cü yeri tutan Aleksey Dyumin isə populyar olsa da Medvedyev və Sobyanin qədər siyasi təcrübəyə malik deyil. Ona görə də Dyuminin övlət başçısı postuna yüksəlməsi üçün kifayət qədər siyasi karyera və idarəçilik təcrübəsi lazımdır. Müdafiə naziri Sergey Şoyqu isə son illər hakim komanda daxilində Vladimir Putinə ən yaxın şəxslərdən sayılır. Buna səbəb Putinin militarizasiya siyasətində və xarici dövlətlərdə müharibə planlarında Şoyqunun prezident Putinin yanında yaxından iştirak etməsidir. Lakin analitiklər hesab edir ki, S.Şoyqu yaxşı hərbçi olsa da strateq deyil. O, sadəcə olaraq icraçıdır. İstənilən halda, S.Şoyqunun prezidentin siyasi varisi olmaq şansı qeyri-real görünür. Çünki Rusiya dövlətçiliyi "panslavyanizm” ənənəsi ilə idarə olunur.

Yəni dövlət başçısı siyasi mövqeyindən asılı olmayaraq, slavyan mənşəli olmalıdır. Həmin siyasi ənənə SSRİ dövründə də qorunub saxlanılıb. Müdafiə nazirinin atası isə Tuva türküdür. Ona görə də hakimiyyətin ona ötürülməsi Kremlin siyasi planlarında yer ala bilməz. Bu baxımdan, Çeçenistan prezidenti Ramzan Kadırovun da Rusiya prezidentliyinə ən şanslı namizədlər sırasında adının yer alması və Rusiya gənclərinin lideri hesab olunan Aleksey Navalnıdan 5 pillə öndə, 13-cü yeri tutması reytinq sorğusunun göstəricilərini şübhə altına alır. Hesabatda qeyd edilir ki, A. Navalnı 1980-ci illərdə kontrelitanın və Boris Yeltsinin dövründəki uğursuz varislik ssenarilərini təcəssüm etdirir. Lakin "Peterburq siyasətçiləri” reytinq sorğusunda "Hidden name”, yəni "gizli ad” bölümünə də yer ayırıblar. Bu isə hələ heç kimə məlum olmayan bir siyasətçinin Putinin xələfi olacağı ehtimalını əks etdirir. 

(ardı var)

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları