Yuxarı

Putin üçün kritik dekabr qərarı

Putin üçün kritik dekabr qərarı

Bu il dekabrın 10-dan sonra Vahid Rusiya Partiyasının qurultayı keçiriləcək. Rusiya mediasının verdiyi məlumata görə, həmin tədbirdə ölkə prezidentliyinə namizədin irəli sürüləcəyi gözlənilir. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin seçkilərdə namizəd kimi iştirak etmək niyyətini açıqlamayıb. Ancaq siyasi dairələrdə buna şübhə edənlərin sayı çox azdır. Putinin namizədliyini müstəqil şəkildə irəli sürəcəyinə dair qərar da qəbul olunmayıb. 

Kremlə yaxın mənbələrin KİV-ə açıqlamasında bildirilir ki, hakimiyyətin adından namizədin irəli sürülməsi barədə yekun qərarı indi deyil, seçkilərdə çıxartmaq olar. Bu namizədin adı isə hələlik açıqlanmır. Hərçənd ki, Rusiyanın siyasi kuluarlarında həmin şəxsin hazırkı prezident Vladimir Putin olacağına çox az adam şübhə edir. Onun qələbəsinə şübhə ilə yanaşanlar da azdır. Mübahisələr namizədin daha çox hansı qaydada irəli sürülməsi və seçki kampaniyasının necə keçəcəyi ilə bağlı aparılır. 

Ehtimallardan biri kimi Prezident Administrasiyasında Putinin seçkilərə öz təşəbbüsü ilə qatılmasıdır. Lakin prezidentin yeni müddət seçkilərə hakim partiyanın namizədi kimi gedəcəyini də nəzərdən qaçırmırlar. Bu, "Vahid Rusiya”nın qurultayının dekabr ayına təyin olunması barədə məlumatı təsdiq edir. Partiyadakı məlumatlı mənbə də qurultayın dekabrın 10-dan sonra keçiriləcəyini deyib. Partiyanın rəsmi lideri, baş nazir Dmitri Medvedyev də bir müddət öncə qurultayın 2017-ci ilin sonuna qədər keçiriləcəyini açıqlamışdı. 

Xatırladaq ki, prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək. Qanuna görə, Federasiya Şurası Rusiya Federasiyası ərazisində seçkiləri 100 gündən tez və 90 gündən gec olmayaraq təyin etməlidir. Həmin hesabla seçkilərin elan edilməsi cari ilin dekabrın 8-dən 18-ə qədər olan müddətə düşür. Yalnız bundan sonra namizədləri irəli sürmək olar. Qanunvericiliyə görə, öz təşəbbüsü ilə irəli sürülmüş namizədlər 20 gün ərzində qeydiyyatdan keçməlidir. Siyasi partiyalar isə öz namizədini qurultay vasitəsilə irəli sürməlidir. Qurultayın dekabr ayına təyin edilməsi nəzəri baxımdan, Vladimir Putinin namizədliyinin Vahid Rusiya Partiyasından irəli sürüləcəyi anlamına gəlir. Partiyanın rəhbərliyindəki şəxslərdən əldə edilən məlumata görə, təxminən dekabr ayında prezident namizədliyini irəli sürəcək: "Əgər Putinin namizədliyi partiyadan irəli sürüləcəksə, bu qurultayda baş verəcək. Əgər bu baş verməsə belə, "Vahid Rusiya” qurultayda yenə onun namizədliyini dəstəkləyəcək”. 

Putinin namizədliyini müstəqil irəli sürməsinə tərəfdar çıxanlar hesab edir ki, prezidentin reytinqi partiyadaşlarından üstündür və onun öz elektoratı mövcuddur. Onların arasında Dumaya və regional seçkilərdə başqa partiyalara səs verənlər də var. Hadisələrin bu cür inkişafı bir sıra ekspertlərin Kreml daxilindəki hazırkı siyasi bloku müzakirə etməsinə səbəb olub. 

"Vahid Rusiya”nın tərəfdarları partiyanın hazırkı mərhələdə yoxuşda olduğunu düşünür. Ötən ilin sentyabr ayında keçirilmiş parlament seçkilərində hakim partiya konstitusion çoxluğa nail olub. Reytinqin düşməsi isə qeydə alınmayıb. Ona görə də partiyanın dəstəyindən imtina etmək məntiqi cəhətdən düzgün deyil. Həmçinin "Vahid Rusiya”çılar bildirir ki, partiyanın resurslarından imtina etmək lazım deyil. Buna misal kimi sentyabr ayının 1-də VRP-ı təmsil edən deputatların məktəblilərlə 60 min görüş keçirməsi göstərilir. Belə vəziyyətdə Vladimir Putinin öz namizədliyini müstəqil şəkildə irəli sürməsi öz partiyasının imicinə daxildən zərbə ola bilər. Əvvəllər partiyası prezidentlə əlaqəsini hər vasitə ilə vurğulayırdı. Sonuncu parlament seçkiləri kampaniyasında "Vahid Rusiya” prezidentin partiya haqqında fikirlərini təbliğat vasitəsi kimi istifadə edib. "Ölkənin cəmləşmə nöqtəsi Vahid Rusiya olub!”- şüarlardan birində belə deyilirdi. "Vahid Rusiya”nın baş katibi Sergey Neverov partiyanın qurultayının vaxtı ilə bağlı jurnalistlərin sualna dəqiq cavab verməkdən yayınıb. "Nizamnaməyə görə, partiya qurultaya minimum iki həftə qalmış onu elan etməlidir”-deyən Neverov bildirb ki, həmin tədbiri noyabrda və ya dekabrda keçirməyə heç nə mane olmur. 

Lakin prezidentin sentyabr ayında keçiriləcək yerli seçkilərdən sonra öz namizədliyini elan edəcəyinə dair fikirlər də mövcuddur. Vətəndaş Cəmiyyətinin İnkişafı Fondunun rəhbəri Konstantin Kostin hesab edir ki, hakimiyyətin prezidentliyə namizədinin manevr imkanlarının gen-bol olduğuna görə onu irəli buraxa bilər. Onun sözlərinə görə, optimal variant kimi namizədin adı bir neçə aydan sonra təbliğat-təşviqat kampaniyasının məzmunu müəyyənləşdiyi zaman açıqlanacaq: "Hər variantın müsbət və mənfi cəhəti göz qabağındadır. Namizədin partiyadan irəli sürülməsi proseduru sadələşdirir, amma elektoratı daraldır. Öz təşəbbüsü ilə namizəd olmaq isə əksinə, proseduru çətinləşdirir, böyük xərc tələb edir” - ekspert belə deyib. Politoloq hesab edir ki, əgər prezidentliyə əsas namizəd "Vahid Rusiya”dan irəli sürülmürsə, narahat olmağa əsas da yoxdur: "Məsələ yalnız namizədin irəli sürülməsində deyil, həm də partiyanın seçki kampaniyasındakı yeri ilə bağlıdır. Mənfi nəticələri isə digər vasitələrlə kompensasiya etmək olar”-deyə Kostin əlavə edib. Kremldəki daha iki mənbə isə yerli mətbuata açıqlamasında tələsməyə gərək olmadığını, namizədin dekabr ayında qanunauyğun şəkildə irəli sürüləcəyini deyib.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları