Yuxarı

Almaniyada antitürk cəbhəsi

Almaniyada antitürk cəbhəsi

Türkiyədə 16 iyul hərbi çevirliş cəhdindən sonra Türkiyə-Avropa münasibətləri gərginləşdi.Ankara çevrilişə cəhd edən FETÖ terror təşkilatının Qərbdən və bir sıra Avropa dövlətlərindən dəstəkləndiyini iddia etdi."Qoca qitə” Türkiyə hakimiyyətindən üz döndərdi.Avropanın əsas aparıcı dövləti hesab olunan Almaniya Türkiyə ilə münasibətlərini daha da gərgin vəziyyətə gətirdi.Zaman-zaman Türkiyənin Avropa Birliyinə üzv olmasına maneə olan dövlətlərin başında məhz Almaniyanın dayandığı haqqında fikirlər səsləndi.

Bu günlərdə isə Almaniyanın federal kansleri Angela Merkelə əsas rəqib hesab olunan Martin Şults teledebat zamanı bir sıra diqqət çəkən fikirlər səsləndirib.

Belə ki, Şultsun Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər, onun kansler olaraq Almaniya-Türkiyə münasibətlərinin daha da kəskinləşəcəyi anlamına gəlir.Hətta seçkilərdə qalib gələrsə, Şultsun NATO-nun Türkiyədə yerləşən "İncirlik” Hərbi Bazasından hərbi kontingenti köçürəcəyi haqqında iddialar səslənir.Digər tərəfdən Şults Angela Merkelin yürütdüyü siyasəti də sərt şəkildə tənqid edib.Maraqlıdır, əgər deyilənlər baş verərsə, Türkiyə-Avropa münasibətləri necə olacaq?Ümumiyyətlə, Avropanın Türkiyəyə qarşı apardığı mübarizə nə ilə nəticələnəcək?

Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə şərhində Şultsun sözlərinin publikaya hesablandığını deyib. N.Miri hesab edir ki, Türkiyə bu gün Avropanın təhlükəsizliyinin yeganə qarantıdır: "Əslində bu fikirləri iki ölkə arasında münasibətlərin gərginləşməsi müstəvisindən kənarda dəyərləndirmək lazımdır. Çünki Almaniya seçki ərəfəsindəndir və Şults çox ciddi alternativ siyasətçi kimi mübarizə aparır.Ona görə də düşünürəm ki, Şultsun dedikləri daha çox auditoriyaya hesablanmış açıqlamalardır.Siyasətçilər Türkiyə əleyhinə istənilən həqarəti səsləndirirlər ki, seçicilərdən daha çox səs ala bilsinlər.Hətta debatlarda Türkiyəyə bir növ loyal siyasət yürüdən Merkel belə sərt bəyanatlar səsləndirir.Düşünürəm ki, bu seçki öncəsi səs almaq üçün atılan addımlardır.Almaniyanın Türkiyəyə qarşı deyildiyi kimi sərt addımlar atmasını demək çox çətindir.

Çünki iki dövlət arasındakı münasibətlər bir anın içində pozulacaq səviyyədə deyil.Digər tərəfdən Türkiyə bir anın içində münasibətləri kəsiləcək bir dövlət deyil.Nəzərə almaq lazımdır ki, Türkiyə Avroatlantika məkanının vahid güc olan NATO-nun bərabərhüquqlu üzvü və Avropanın təhlükəsizliyinin qarantıdır.Ona görə də Türkiyəni Şultsun dediyi kimi asanlıqla sistemdən qoparıb atmaq, münasibətləri kəsmək qeyri-ciddi olardı”.

Politoloq hesab edir ki, Şultsun və ya Merkelin seçkilərdən sonra verəcəkləri açıqlamalara diqqət etmək lazımdır: "Çünki həmin vaxt veriləcək açıqlamalar seçki ərəfəsindəki kimi yox, daha fərqli, daha çox Türkiyə ilə əməkdaşlıqdan yana olacaq. Əks tədqirdə Almaniyanın Türkiyə ilə münasibətləri kəsməkdən qazanacağı heç nə yoxdur.Düşünürəm ki, bu cür ağılsız, auditoriyaya hesablanmış açıqlamaları ciddi almaq lazım deyil.Ancaq seçkidən sonra səslənən fikirlərlə bağlı konkret danışmaq mümkün olacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları