Yuxarı

Ərdoğan islam dünyasının liderliyinə iddialıdır?

Ərdoğan islam dünyasının liderliyinə iddialıdır?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Myanmanın faktiki rəhbəri, dövlət müşaviri vəzifəsi tutan Aun San Su Çji (Aung San Suu Kyi) arasında telefon danışığı olub.Türkiyə mətbuatı yazır ki, Rəcəb Tayyib Ərdoğan danışıq zamanı Myanmada Arakan müsəlmanlarına qarşı insan hüquqlarının pozulması hallarının artdığını və bunun İslam ölkələri başda olmaqla, bütün dünyada narahatlıq doğurduğunu dilə gətirib. O, Türkiyənin həm terroru, həm də məsum insanları hədəf alan hərbi əməliyyatları qınadığını bildirib. Tərəflər böhranın həlli və bölgə əhalisinə humanitar yardımların çatdırılması məsələlərini müzakirə ediblər.

Türkiyə prezidenti problemin həlli üçün atılan bütün addımları dəstəklədiyini və bu müddətdə silahların yerə qoyulmasını və yerli əhalinin zərər görməməsi üçün həssas davranmaq lazım olduğunu vurğulayıb.

Doğrudur, əslində Myanmarın ətrafında baş verən hadisələr dini zəmində olmasa da, nəticə etibarilə orada zülmə tabe tutulan müsəlmanlardır.Ərdoğan da müsəlmanların müdafiəçisi kimi çıxış edib.Maraqlıdır, Ərdoğan dünya müsəlmanlarının liderinə çevrilə bilərmi?

Politoloq Əli Orucov "Cümhuriyət” qəzetinə bildirib ki, hər bir insanın dinindən, irqindən, dünya görüşündən fərqli olaraq insanlığa zidd addımı pisləməlidir:

"Ərdoğan müsəlman ölkəsinin lideri kimi səsini çıxardıb, etirazını bildirib. Türkiyənin atdığı bu addım, hətta BMT tərəfindən də təqdir olunub.Bu, türk xalqının, millətinin humanizmindən irəli gələn bir haldır.Diqqət yetirsək, görərik ki, Myanma ətrafında baş verənlərə Türkiyədən başqa səsini çıxaran ikinci bir İslam ölkəsi yoxdur.Halbuki İslamdan gələn milyardlarla pullar Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirlikləri və digər körfəz ölkələrində toplanır.Danılmaz faktdır ki, onların böyük neft siyasətinin dünya maliyyə qurumlarına çox ciddi təsirləri var. Buna baxmayaraq bu haqsızlığa həmin ölkələrin səsi çıxmadı, sükuta qərq oludular.Görünən odur ki, Türkiyə nəinki İslam ölkələrinin lideri, hətta İslam olmayan, haqqı qorunan qonşu ölkələrini də hüquqlarının müdafiəçisinə çevrilib.Ərdoğan BMT-nin yüksək tribunasından "Dünya 5 dövlətə sığacaq qədər kiçik deyil” deməklə BMT-nin Təhlükəsizlik Şurasının daimi nümayəndəliklərinin tərkibinin genişləndirilməsini də istəyib.Bu, insanlıq faciəsinə qarşı qaldırılan etiraz səsidir.Burada təkcə siyasi maraqlardan və ya liderlikdən söhbət getmir.Bu xidmət, bu fəaliyyət, bu münasibətlər istər-istəməz o liderliyə gedən yolu açır”.

AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə bildirib ki, Myanmada Arakan müsəlmanlarına qarşı diskriminasiya və dini zəmində törədilən cinayətlərə görə birbaşa bu ölkənin rəhbərliyi məsuliyyət daşıyır: "Arakanda yaşayan yerli əhali Rohica müsəlmanlarıdır və vətəndaşlıqdan məhrumdurlar. Onlara qarşı etnik və dini düşmənçiliyin təməlini buddistlər qoysa da, ilk növbədə burada geosiyasi amilləri də nəzərə almaq lazımdır.Arakan bölgəsi neftlə zəngin olmaqla ABŞ və Çinin maraq dairəsindədir.Hazırda Myanmada yaşanan əsrin faciəsi bir milləti etnik və dini ayrıseçkiliyə görə soyqırıma məruz qoyurlar.Dünya liderlərindən bu soyqırıma ilk təpki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəldi.Cənab Ərdoğan Myanmanın de-fakto xanım rəhbəri ilə telefon əlaqəsi yaradıb.

Orada yaşanan humanitar problemləri dilə gətirməsi, dünya birliyinin diqqətini buradakı müsəlmanlara yönəltməkdir.Müsəlman ölkələrini bu faciəyə qarşı təpki göstərməyə çalışmaqla öz liderlik xarizması ilə dünya müsəlmanlarının lideri obrazında görünmək istəyir.Arakan faciəsi utancvericidir.Türkiyənin bu məsələyə necə həssaslıqla yaşandığı görünür.Hesab edirəm ki, Ərdoğan Arakan faciəsinin qarşısında etiraz edən insanlara sahib çıxarsa, dünya müsəlman ölkələrinin siyasi liderliyinə yüksəlmək şansı olar”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları