Yuxarı

"Mavi dəbilqəlilər” Qarabağda?

Şərqi Ukraynada münaqişə bölgəsinə BMT sülhməramlılarının yerləşdirilməsi təklifi müzakirə olunur.

Rusiya prezidentinin sentyabrın 5-də irəli sürdüyü bu təşəbbüsə ABŞ Dövlət Departamenti də etiraz etmədiyini bildirib. Vaşinqtondan verilən rəsmi açıqlamaya görə, "mavi dəbilqəlilər” əsasən Ukrayna-Rusiya sərhədinə və Donbasdakı münaqişə bölgəsinə yerləşdirilə bilər. Ancaq siyasi müşahidəçilər hesab edir ki, BMT-nin mandatı altında həbçilərin şərqi Ukraynaya gəlməsi hələ problemin həlli kimi başa düşülməməlidir. Bu, sözügedən münaqişənin daha çox dondurulmuş fazaya keçməsinə şərait yaradacaq. 

Qeyd edək ki, beynəlxalq sülhməramlı qüvvələrdən istifadə olunması Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair "yol xəritəsi”ndə də nəzərdə tutulub. Dağlıq Qarabağ probleminin nizamlanmasına dair bütün təkliflər paketində qeyd edilir ki, Ermənistan qoşunları işğal edilmiş ərazilərdən çıxarıldıqdan sonra münaqişə bölgəsinə sülhməramlı silahlı qüvvələr yerləşdirilməlidir. ATƏT-in 1994-cü ildə keçirilmiş Budapeşt sammitinin qərarına əsasən, sülhməramlı mandat həmsədr ölkələrin silahlı qüvvələrinə aid edilməyəcək. Beynəlxalq kontingentin formalaşdıran hərbçilərin sayı isə kvotaya uyğun olaraq 30 faizdən artıq təşkil edə bilməz. Buna baxmayaraq, rəsmi Moskva hələ də Dağlıq Qarabağa Rusiya qoşunlarının sülhməramlı adı altında yerləşdirilməsinə çalışır. 2016-cı ilin aprel döyüşlərindən sonra Kremlin Azərbaycana Dağlıq Qarabağ ətrafındakı 3 rayonu (Ağdam, Füzuli, Cəbrayıl) qaytarılması müqabilində Rusiya silahlı qüvvələrinin Araz çayı boyunca İranla sərhəd ərazilərə yerləşdirməyi təklif etdiyi barədə məlumatlar yayıldı. Ancaq rəsmi Bakının bu "siyasi barter”dən imtina etməsi Putin iqtidarının planlarını pozdu. Sülhməramlı missiyanın Ermənistan-Azərbaycan münaqişə bölgəsinə gətirilməsi problemin nizamlanması üzrə "Madrid prinsipləri”nə də daxildir. Həmin sənəddə göstərilir ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlar mərhələli şəkildə Azərbaycana qaytarılır. Ermənistan silahlı qüvvələri birinci mərhələdə 5, sonra isə 2 rayonu (Laçın və Kəlbəcər) boşaldır. Laçın rayonundan keçməklə Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz yaradılır. 

Məcburi köçkünlər öz evlərinə qayıdır. Sonra isə münaqişə bölgəsinə beynəlxalq sülhməramlı qüvvələrin gətirilməsi nəzərdə tutulur. Ancaq sülhməramlı missiyanın formalaşdırılması və yerləşdirilməsi mexanizmi ətraflı şəkildə müəyyən edilməyib. Həmin kontingentin BMT-nin, yoxsa ATƏT-in mandatı altında fəaliyyət göstərəcəyi bilinmir. Ona görə də beynəlxalq missiyanın hansı mənbədən maliyyələşməsi məsələsi də açıq qalır. 

Dağlıq Qarabağ problemi üzrə mütəxəssis, "Karnegi” Fondunun Vaşinqton bürosunun rəhbəri Tomas de Vaal hesab edir ki, terrorizmə qarşı mübarizənin daha vacib olduğu indiki məqamda Ermənistan-Azərbaycan münaqişəsi bölgəsinə təxminən 4000 nəfər sülhməramlı yerləşdirilməlidir. Digər dövlətlərin isə bu kontingentə hərbi və maliyyə dəstəyi ayırması hazırkı şəraitdə qeyri-real görünür. 

Xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland avqust ayında irəli sürdüyü prinsiplərdə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayonun azad edilməsini, məcburi köçkünlərin öz evlərinə dönməsini və Dağlıq Qarabağın yekun status müəyyən olunana qədər əraziyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini təklif etmişdi. Lakin Ermənistan "Hoqland prinsipləri”nə müsbət cavab vermədi. 

Təbii ki, beynəlxalq sülhməramlıların Azərbaycana gəlməsi yalnız Ermənistan qoşunlarının işğal olunmuş torpaqları tərk etməsindən sonra mümkündür. Ancaq vasitəçi dövlətlər Ukraynada olduğu kimi, Azərbaycanda da sülhməramlılar məsələsini gündəmə gətirsə, Ermənistanın özünü Dağlıq Qarabağdakı erməni icmasının təhlükəsizliyinin təminatçısı kimi qələmə verməsinə ehtiyac qalmaz. 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, sülhməramlıların fəaliyyətinin səmərəliliyi hərbi kontingentin həm Donbasda, həm də Dağlıq Qarabağda hansı ərazilərə yerləşdirilməsindən çox asılıdır:

"Sülhməramlı qüvvələr Ukraynanın Rusiya ilə sərhəddinin bütün perimetri üzrə yerləşdirilsə sülhə nail olmaq mümkündür. "Mavi dəbilqəli” kontingentin gətirilməsi Rusiyanın təklifidir. ABŞ isə bunu yarımçıq dəstəkləyir. Avropa Birliyi ölkələri isə dəstəkləmir. Əgər sülhməramlılar qondarma respublikalarla Ukrayna arasında yerləşdirilsə, o zaman bu, Rusiyanın xeyrinə atılmış addım olacaq. Ona görə də bu məsələ tam həllini tapmayıb. Bu təcrübənin Ermənistan-Azərbaycan münaqişəsinə tətbiqi ilə bağlı hələ heç bir rəy yoxdur. Rusiya ordusunun münaqişə bölgəsinə gəlməsindən daha çox beynəlxalq sülhməramlıların gəlməsi məqbul ola bilər. Amma bir şərtlə ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında yerləşsin. Yəni azərbaycanlı icması Şuşaya, Ağdərəyə, Xocalıya, Xocavəndə qayıtsın. Ondan sonra sülhməramlılar iki icma arasında mövqe tutsun. Digər yerlərdə sülhməramlıların yerləşdirilməsi müvəqqəti xarakter daşıya bilər. Əgər ermənilər tələb etsə, Azərbaycan-Ermənistan sərhədinə də həmin kontingentin yerləşdirilməsi mümkündür. Bu da Ermənistanla Azərbaycan arasında razılaşma əsasında olmalıdır. Yaxın dövlətlərdən, məsələn, Rusiyanın, İranın silahlı qüvvələri həmin missiyada iştirak edə bilməz”.

Qabil Hüseynli bildirdi ki, sülhməramlı kontingentin tərkibinin formalaşması və münaqişə zonasına gətirilməsi məsələsində Azərbaycanı qane edən məqamlarla yanaşı, boşluqlar da var. Ona görə də həmin təklif üzərində yenidən işlənilməli və Azərbaycanın maraqlarına uyğun təkmilləşdirilməlidir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları