Yuxarı

İŞİD-in kamikadze hücumları

İŞİD-in kamikadze hücumları

ABŞ-ın liderlik etdiyi koalisiya, Türkiyə, Bəşər Əsəd ordusu və İraq Silahlı Qüvvələrinin son əməliyyatlarından sonra İŞİD terror təşkilatının nəzarət etdiyi əsas strateji bölgələr geri qaytarılıb.

İŞİD-in 3 əsas strateji mərkəzi hesab olunan Əl-Bab, Mosul və Raqqa da terrorçulardan təmizlənib. Tamamilə küncə sıxışdırılan terror təşkilatının verdiyi ağır itkilər və ən böyük silah cəbbəxanalarının ələ keçirilməsi də manevr imkanlarını tamamilə məhdudlaşdırıb. Artıq İŞİD geniş miqyaslı əməliyyatlar qarşısında müdafiə mövqeyinə çəkilib. ABŞ-dan verilən son açıqlamaya görə, ayrı-ayrı hərbi qüvvələrin əməliyyatları nəticəsində terror təşkilatı nəzarət etdiyi bölgələrin 80%-dən çoxunu itirib. 

Beləliklə, müdafiə mövqeyinə çəkilən İŞİD öz varlığını qorumaq üçün alternativ taktikaları seçməyə hazırlaşır. Pentaqondan verilən açıqlamaya görə, terror təşkilatı özünü saxlamaq üçün kamikadze hücumlarına ümid edir və son aylarda Suriya, İraq və digər bölgə dövlətlərində belə halların sayının artdığı diqqətə çatdırılır.

Kamikadze hərəkatı

"İŞİD kamikadze hücumu taktikasına geri qayıdır. Özünü yenidən göstərmək üçün kamikadze hücumlarına ümid edir. Çünki bu "manyak xilafət” ərazilərini sürətlə itirir və kiçilir. Neft mənbələrini və nəqliyyat xətlərini tamamilə itirib. Başqa sözlə, İŞİD özünümüdafiə mövqeyindədir. Son əməliyyatlarda ağır itkilər verdilər və indi də barbarca silahsız insanala qarşı hücuma keçiblər”, - deyə ABŞ KİV-lərində qeyd olunur. 

Vatikan hədəfdə

Hələ bir müddət əvvəl Amerikanın nüfuzlu media qurumları İŞİD-in Liviyada yerləşən bazasında kamikadze pilotlar hazırlamağa başladığı haqda məlumat yaymışdılar. Məlumata görə, İŞİD Liviyada prezident Müəmmar Qəddafi devrildikdən sonra azı bir aviasiya trenajoru və bir neçə kiçik mühərrikli təyyarə ələ keçirib. İsrail kəşfiyyatında bildirilib ki, bu, 2001-ci il 11 sentyabr terror aktlarına bənzər hücumların təkrar törədilə biləcəyi təhlükəsi yaradır. Kəşfiyyat qurumları İŞİD-in bu kamikadze pilotlar vasitəsilə katolik dünyasının mərkəzi hesab olunan Vatikan və digər Qərbi Avropa dövlətlərini hədəf ala biləcəyini istisna etmirlər.

11 Sentyabr narahatlığı

İngiltərə KİV-ləri də İŞİD-in bu və digər Avropa ölkələrinə qarşı kamikadze hücumlarına hazırlaşdıqlarını iddia edirlər. İngilis kəşfiyyatı tərəfindən ələ keçirilən İŞİD terrorçusunun verdiyi məlumata görə, təşkilat geniş miqyaslı terror aksiyaları üçün Avropaya göndəriləcək kamikadzelər gizli bazalarda son təlimlərdən keçirilir. O, Fransa və Belçikada son terror aktlarını törədən terrorçuların Suriyada yerləşən həmin bazadan göndərildiklərini də etiraf edib. Terrorçu həmçinin İŞİD-in Avropa ölkələrindəki şəbəkələrinin Suriya ilə sıx təmasda olduqlarını bildirib. İngilis KİV-ləri 50 İŞİD üzvünün artıq bu məqsədlə hazır vəziyyətə gətirildiyini iddia edirlər.

Amerikalı mənbələr də eyni iddialara çıxış ediblər. İddialara görə, Yeni İl bayramı ərəfəsində İŞİD pilot kamikadzelərlə Amerikada bənzəri olmayan terrakt törədə bilər. Kəşfiyyat qurumlarının bu barədə artıq hüquq mühafizə orqanlarını və hökuməti məlumatlandırdığı bildirilir. Hökumət İŞİD-in 11 sentyabr ssenarsinin təkrar edəcəyindən narahatdır. Bu məqsədlə terror təşkilatının Amerikanın strateji müəssisələrini hədəf alacağı da müzakirə mövzusudur.

Yeni maliyyə mənbələri

Kamikadze hərəkatına start verən İŞİD-in bu məqsədlə 700 "canlı bomba”sını ayrı-ayrı ölkələrə göndərdiyi də iddia olunur. Mosul, Raqqa və Əl-Babdakı ağır itkilərdən sonra artıq terror təşkilatının qanlı planını işə saldığı deyilir. ABŞ kəşfiyyatı 700 İŞİD kamikadzesinin Amerika, Kanada, Avropa İttifaqı ölkələri, Rusiya və Türkiyəyə göndərməsi barədə məlumatı hələ bir müddət əvvəl yaymışdı. Məlumatda yeni kamikadzelərin də göndəriləcəyi diqqətə çatdırılır. Mənbələr militanların maddi ehtiyaclarının ödənilməsi üçün İraq, Oman, Küveyt və Qətərdə yeni valyuta bürolarının fəaliyyətə başladığını bildirirlər. Lakin buradan pul transferlərinin o qədər də asan olmadığı vurğulanır.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları