Yuxarı

Ukraynaya qarşı "Saakaşvili silahı”

Ukraynaya qarşı

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili paytaxt Kiyev şəhərinə gəlib. Hazırda "Sol qüvvələr hərəkatı”nın lideri olan Saakaşvili Kiyevə gələr-gəlməz ilk mitinqini keçirib. O, Prezident Administrasiyasının qarşısında narazı elektoratla görüş keçirib.Etirazçılardan polis və hərbi qüvvələrə müqavimət göstərmədən, sakit dağılışmağı istəyən Saakaşvili mitinqlərin davamlı olacağını bildirib. Görüşdən sonra o, Ukrayna vətəndaşlığından məhrum edilməsinə dair vəkilləri ilə birlikdə Kiyevdə mətbuat konfransı keçirib.

Saakaşvili Kiyevdə

Qeyd edək ki, Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı mübarizəni davam etdirmək və Ukrayna vətəndaşlığını bərpa etmək üçün Kiyevə qayıdacağını bildirmişdi. Keçmiş qubernatorun bu istəyinə Baktivişina Partiyasının lideri, sabiq baş nazir Yuliya Timoşenkodan da dəstək verilib. Hələ Lvovda olarkən Kiyevdə həyata keçirəcəyi planı barədə KİV-lərdə iddialar ortaya çıxmışdı. İddiaya görə, Kiyevə gələcək Saakaşvili Timoşenko və müxalifətin digər güc partiyaları ilə birlikdə Ali Radanı ələ keçirərək hakimiyyəti növbədənkənar parlament seçkiləri keçirməyə məcbur edəcəkdi. Lakin paytaxtdakı ilk mitinqində o, inqilab etmək fikrindən uzaq olduğunu, lakin mübarizəni davam etdirəcəyini bildirdi. Xatırladaq ki, 2016-cı il noyabrın 7-də Saakaşvili Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib. 2017-ci il iyulun 25-də Pyotr Poroşenko Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib. Lakin Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmayacağını bildirdi. Elə bu məqsədlə də sentyabrın 10-da o, bir qrup tərəfdarı ilə Polşa-Ukrayna sərhədində sərhədçilərin və polis əməkdaşlarının qurduğu sipəri yararaq Lvov şəhərinə keçib. Ukraynada buna görə cinayət işi qaldırılıb. Olay dövlət sərhədini qanunsuz keçmə ittihamı üzrə araşdırılır.

Poroşenko Yanukoviç yolunda

Artıq Kiyevdə olan Mixail Saakaşvili Ukraynada hakimiyyətin dəyişikliyi üçün mexanizm yaratmaq anonsu verib. "Yeni Qüvvələr Hərəkatı” adlı müxalif partiya yaradan Saakaşvili Ukraynada növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir. Paytaxta gəlişi ilə ictimai-siyasi vəziyyətin gərginləşdiyi Ukraynada artıq keçmiş qubernatorla bağlı daha ilginc məlumatlar yayılıb. Artıq Saakaşvilinin inqilab ssenarisinin və Poroşenkonu devirəcək siyasi qüvvələrin "kölgə kabineti”nin hazır olduğu bildirilir. Qeyd olunur ki, başında Saakaşvilinin dayandığı inqilabi qüvvələr ona baş nazir postunu vəd edirlər. İddialardan imtina edən Saakaşvili məqsədinin hansısa yüksək post tutmaq yox, Poroşenkonu hakimiyyətdən göndərməklə Ukraynada yeni qaydalar yaratmaq və yeni nəsil siyasi elitanı təqdim etməkdən ibarət olduğunu diqqətə çatdırır. Qeyd edək ki, Saakaşvilinin özü də bir müddət əvvəl prezident Poroşenkonun yaxın gələcəkdə xalq tərəfindən devriləcəyi vədini vermişdi: "Poroşenko məni Ukrayna vətəndaşlığından məhrum etməklə "qırmızı xətt”i keçdi. O, bütün demokratik qaydaları pozdu. Nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmağa çalışır və buna görə də o, Yanukoviçə oxşayır. Lakin Poroşenko da öz səlahiyyətinin başa çatacağı müddətədək hakimiyyətdə qala bilməyəcək və xalq tərəfindən devriləcək”.

"Saakaşvilidən Rusiya da istifadə edir”

"Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Mixail Saakaşvili ölkədə müəyyən qədər qarışıqlıq yaradıb. Amma politoloq zaman keçdikcə insanların bu prosesi unutmağa başlayacaqlarını deyib: "Çünki Saakaşvilinin Ukraynada böyük reytinqi yoxdur. Müxalifət də ona dəstək vermir. Sadəcə, müxalifət Saakaşvilidən Poroşenkoya qarşı istifadə etmək istəyir. Bu da Rusiyanın işinə yarayır, çünki bu halda Ukraynada vəziyyət qarışır. Başqa sözlə, Saakaşvili müxalifətin fəallaşmasına şərait yaradır. Vaxtilə Saakaşviliyə rəqib və düşmən olan müxalifət nümayəndələri də ondan istifadə etməyə çalışırlar. Yəni, onu Ukraynanı qarışdırmaq üçün bir fiqur kimi ortaya atıblar. Əlbəttə, hansısa məqamda Saakaşvili anlayacaq ki, ondan istifadə edirlər. Saakaşvilidən həm Ukrayna müxalifəti, həm də Rusiya istifadə edir. Əlbəttə, Saakaşvili bu fəaliyyətinə qiymət vermək məcburiyyətində qalacaq”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları