Yuxarı

Prezidentlər kürd məsələsində razılığıa gəldilər

Prezidentlər kürd məsələsində razılığıa gəldilər

Rusiya prezidenti Vladimir Putinin sentyabrın 29-da Türkiyəyə rəsmi səfəri zamanı tərəflər arasında strateji əhəmiyyət daşıyan bir sıra razılaşmalar əldə edilib. İki saat qapalı davam edən danışıqlardan sonra açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib əyalətində təhlükəsizlik zonalarının yaradılması istiqamətində işlərin uğurla getdiyini deyib. Vladimir Putin isə qardaş qırğınına son qoymağın şərtlərini faktiki olaraq müəyyən etdiklərini bildirib. Rusiyanın dövlət başçısı R.T.Ərdoğanla əldə olunan razılaşmanı müsbət nəticə adlandırıb. Prezident Putin bildirib ki, terrorçuların tamamilə məhvi və suriyalıların öz dinc həyatına, doğma ocaqlarına qayıdışı uzaqda deyil. 

Putin həmçinin bəyan edib ki, Suriyada atəşə yasaq dörd bölgənin, o cümlədən, İdlibdə yaradılması üzrə sentyabrın ortalarında Astanadakı beynəlxalq görüşdə təsdiq olunmuş yekun razılaşmanın həyata keçirilməsinə hazırlıq gedir. "Qəbul etmək lazımdır ki, mövcud ideyanı gerçəkləşdirmək Suriya münaqişəsinə tərəf kimi cəlb edilmiş, Astana prosesinin təminatçısı kimi çıxış edən Rusiya, Türkiyə və İran üçün heç də asan deyil. Bütün çətinliklərə baxmayaraq, Suriyada deeskalasiya zonalarının təşkili məsələsində müsbət nəticəyə nail olduq”- deyən Putin buna görə türkiyəli həmkarına təşəkkür edib. "Hesab edirəm ki, bizim ümumi uğurumuz olan bu razılaşma dostumuz, cənab Ərdoğanın uğurudur. Çünki o, bu prosesin əsas təşəbbüskarlarından biridir”. Bundan başqa, Rusiya və Türkiyə Suriya böhranının nizamlanmasına və digər regional problemlərə dair xarici işlər nazirlikləri, müdafiə nazirlikləri və xüsusi xidmət orqanları arasında əlaqələri sıxlaşdırmaq, birgə əlaqəli fəaliyyəti dərinləşdirmək barədə razılaşma əldə ediblər. 

Putin onu da bildirib ki, prezident Ərdoğanla İraq Kürd Muxtariyyətində keçirilmiş referendumu da müzakirə edib. Rusiyanın dövlət başçısı bu məsələ ilə bağlı Rusiyanın Xarici İşlər Nazirliyi vasitəsilə mövqe açıqladıqlarını söyləyib. "Bu gün Suriyanı və İraqı müzakirə etdik. Suriyanın və İraqın ərazi bütövlüyünün qorunub saxlanılmasının vacibliyi barədə ümumi fikrə gəldik. Referendumun heç bir hüquqi əsası yoxdur”-Rəcəb Tayyib Ərdoğan belə deyib. Hər iki ölkə arasında aparılan danışıqlarda 2018-ci ildə İqtisadi Əməkdaşlıq Forumunun keçirilməsi, Türkiyənin Rusiyadan "S-400” zenit-raket komplekslərini alması, ”Akkuyu” AES-in inşası ilə bağlı məsələlər də müzakirə olunub. Lakin hazırda Türkiyə üçün İraqda müstəqil kürd dövlətinin yaradılması məqsədilə sentyabrın 25-də keçirilmiş referendumdan sonra yaranmış vəziyyət prioritet təşkil edir. Hətta Türkiyə silahlı qüvvələrinin İraqa müdaxilə edəcəyi belə, istisna olunmur. Təbii ki, bu barədə qərar həm də mərkəzi Bağdad hökumətinin mövqeyindən və prezident Ərdoğanın oktyabrın 4-də İrana səfərinin nəticəsindən asılı olacaq. Siyasi ekspertlər isə hesab edir ki, 1926-cı ildə imzalanmış Ankara müqaviləsi Türkiyəyə İraqın ərazi bütövlüyü təhlükə altına düşdüyü üçün bu ölkəyə ordu yeritmək, Kərkük və Mosul şəhərləri də daxil olmaqla 90 min kvadratkilometr ərazini öz sərhədləri daxilinə qaytarmaq hüququ verir. Bəzi müşahidəçilər isə Ankara müqaviləsinin şərtlərini müasir beynəlxlaq siyasi reallıqlara uyğun gəlmədiyini bildirir. Ancaq Türkiyə prezidentinin son bəyanatları rəsmi Ankaranın İraqa silahlı qüvvə yeritmək niyyətindən xəbər verir. Həmin əməliyyat Ankara müqaviləsinin şərtləri daxilində olmasa da Türkiyə Şimali İraqda təhlükəsizlik qurşağı yaratmaq niyyətini gizlətmir. 

Digər tərəfdən, bölgədə əsas siyasi aktorlardan biri olan Rusiya kürdlərə ciddi təsir imkanına malikdir. PYD terror təşkilatının Moskvada nümayəndəliyi fəaliyyət göstərir. Eyni zamanda, Məsud Bərzani ilə Rusiyanın beynəlxalq səviyyədə sıx əlaqələri var. Rusiya PKK-nı və "peşmərgə”ləri silahla təmin edir. Son dövrlər isə Rusiya şirkətləri Şimali İraqdakı neft və qaz yataqlarına investisiya yatırmaqda maraqlı görünür. Lakin ABŞ-ın planına uyğun bölgənin xəritəsinin dəyişməsi Türkiyə ilə yanaşı, Rusiyanın da maraqlarına cavab vermir. Bu amilləri nəzərə alan Ərdoğan iqtidarının hazırda İraqda yaranmış vəziyyətlə bağlı Moskvanın dəstəyinə ehtiyacı var. Suriyada maraqlarını uzlaşdıra bilən Ankara və Moskva bu prosesi İraqda da təmin edə bilər. Əvvəlki ilə müqayisədə fərqli mövqe nümayiş etdirən Ərdoğan hakimiyyətinin Suriyada Bəşər Əsəd rejiminin qalmasına razılaşdığı açıq görünür. Əsəd hökumətinin tabeliyiniə keçən ərazilərə həm də Rusiya silahlı qüvvələri nəzarət edir. Türkiyə artıq bu nüfuz bölgüsü ilə barışır. Əvəzində rəsmi Ankaraya Rusiyanın referendumun nəticələrini tanınmaması və kürdlərə beynəlxalq təzyiqi artırması lazımdır. Əgər Türkiyə SQ İraq ərazisinə daxil olarsa, Rusiyanın bu əməliyyata siyasi dəstək verəcəyini görmək mümkündür. 

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, Rusiya Suriyada əldə etdiyi hərbi nailiyyətləri Türkiyənin diplomatik dəstəyi ilə möhkəmləndirmək istəyir. Türkiyə də bu dəstəyi verir. Eyni zamanda, Rusiya hərbi-sənaye kompleksini Türkiyənin hesabına genişləndirməyə çalışır. Bundan başqa, atom enerjisi sahəsində Türkiyə ilə əlaqələri inkişaf etdirməyə maraq göstərir. Lakin politoloq qeyd etdi ki, Türkiyə silahlı qüvvələrinin İraqa daxil olması üçün Rusiyanın hərbi dəstəyinə ehtiyacı yoxdur: "Burada söhbət Rusiyanın siyasi-diplomatik dəstəyindən gedir. Ümumiyyətlə, Türkiyənin İraqa hərbi müdaxiləsinə ehtiyac yoxdur. Əgər belə bir əməliyyat olacaqsa, bunu İraq mərkəzi hökuməti və "Həşti-Şaabi” həyata keçirəcək. İran və Türkiyə də buna dəstək verəcək. İkincisi, Türkiyənin İraqda dörd hərbi bazası var. Lazım gələrsə, həmin hərbi bazalardan istifadə olunacaq. Ancaq hərbi əməliyyatlar keçirilərsə, İraq ordusu və "Həşti-Şaabi” qabağa veriləcək, İran və Türkiyə də bu prosesə dəstək verəcək. Türkiyənin əsas rolu İraqla sərhədin mühafizəsi məsələsində mərkəzi hökumətə yardım etməkdir. Eyni zamanda, hökumətin nəzarətində olan marşrutun açılmasını təmin etməkdir. Məlum olduğu kimi, İraq Kürd Muxtariyyətinin nəzarətindən kənar Haburdan əlavə quru əlaqəsinin yaradılması üçün yeni buraxılış məntəqəsinin açılması nəzərdə tutulur. Türkiyə lazım gələrsə, hərbi nəzarət məsələsində İraqa yardım edəcək. Bunun beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsi üçün İraq hökuməti Türkiyəyə, eləcə də İrana müraciət edə bilər. Ona görə də Türkiyənin Rusiyadan ala biləcəyi dəstək BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ABŞ-a qarşı balanslaşdırıcı addım hesab oluna bilər”. 

Sülhəddin Əkbər hesab edir ki, Kreml Suriyada Bəşər Əsəd hakimiyyətini deyil, rejimin timsalında öz maraqlarını müdafiə edir. Artıq Rusiya qarşıya qoyduğu məqsədə çatıb və Türkiyənin buna mane olmaq imkanı yoxdur. Ancaq S.Əkbər onu da vurğuladı ki, Türkiyənin İraqa birtərəfli qaydada müdaxilə etmək planı yoxdur: "Ankara anlaşması ilə bu addımı atmağa ehtiyac yoxdur. Bunlar mübahisəli məsələlərdir. Əgər ehtiyac yaranarsa, İraq hökuməti Türkiyədən hərbi yardım istəyə bilər”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları