Yuxarı

Ağ Ev Putinlə şərt kəsdi

Ağ Ev Putinlə şərt kəsdi

ABŞ Rusiya ilə münasibətlərin normallaşması üçün şərtini açıqlayıb. "Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın Rusiyadakı yeni səfiri Con Hantsman iki ölkə arasında münasibətlərin yaxşılaşmasında Ukraynanın ərazi bütövlüyünün bərpası məsələsinin xüsusi əhəmiyyət kəsb edəcəyini bildirib. Səfir qeyd edib ki, münasibələtin normallaşması üçün ilk addımı Moskva atmalıdır, Ukraynaya imkan verməlidir ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri daxilində ərazilərinə nəzarəti qaytarsın. Hantsmanın sözlərinə görə, bu, təkcə ABŞ-ın yox, həm də Avropa İttifaqı, Kanada və demək olar ki, bütün başqa inkişaf etmiş ölkələrin mövqeyidir.

Con Hantsman qeyd edib ki, ABŞ Şimali Koreyanın nüvə və ballistik raket proqamları ilə bağlı problemin həllində də Moskva ilə əməkdaşlıq etmək istəyərdi. Səfir Şimali Koreyanı təkcə ABŞ üçün yox, bütün dünya üçün təhlükə sayır: "ABŞ və Rusiya əməkdaşlıq edərək Şimali Koreyanı danışıqlar masasına əyləşməyə və problemi sülh yolu ilə çözməyə məcbur edə bilər. Bu sözləri prezident Donald Tramp bir neçə gün əvvəl səsləndirib”. Səfir Kreml və Ağ Ev arasında Suriya ilə bağlı əməkdaşlığın da mümkünlüyünü dilə gətirib. Hantsmanın fikrincə, terror təşkilatlarına qarşı birgə mübarizə Suriyada 6 ildir davam edən vətəndaş müharibəsinə son qoya bilər.

Koreya və Suriyada anlaşma, Ukraynada güzəşt

Xatırladaq ki, ABŞ və Rusiya Suriyada düşmənçilik edən fərqli tərəfləri dəstəkləyirlər. Münasibətlər Suriyada bir qədər də gərginləşməyə başlasa da ABŞ ilə Rusiya arasındakı münasibətlər Amerikadakı prezident seçkilərindən sonra daha da pisləşib. ABŞ Konqresi Rusiyanı seçkilərə müdaxilədə suşlayır. Buna görə Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirib. 
Onu da qeyd edək ki, Rusiya Ukraynanın Krım bölgəsini ilhaq edib. Bundan başqa Rusiyameylli separatçılar Ukraynanın şərqində nəzarəti ələ keçiriblər. 2014-cü ildən bu yana hökumət qüvvələri ilə separatçılar arasında baş verən toqquşmalarda 10 minə yaxın insan ölüb. Ukrayna ölkənin Şərqinin (Donbas) əslində Rusiya ordusu tərəfindən işğal edildiyini bildirir. Kreml bu ittihamları qəbul etmir. Avropa İttifaqı və ABŞ Krım məsələsinə görə Rusiyaya sanksiyalar qoyub. Amma Ukrayna məsələsi ABŞ və Rusiya arasındakı problemlərin yalnız biridir.

Amerkanın Rusiyaya təklifi

Ekspertlərə görə, səfirin Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra səsləndirdiyi bu fikirləri Ağ Evin Kremlə anlaşma üçün verdiyi yeni təklif hesab etmək olar. Hantsman görüşdə Trampın adından Suriya və Şimali Koreya böhranlarının həllində Rusiyanın oynaya biləcəyi böyük roldan danışması da ona hesablana bilər ki, ABŞ Krım və Donbası Ukraynaya geri qaytarmaq müqabilində Şimali Koreya və Suriyada güzəştə gedə bilər. Düzdür, vizual olaraq Rusiyanın Şimali Koreyada o qədər də böyük maraqlarının olmadığı görünsə də Suriyada vəziyyət bir qədər fərqlidir. Moskvanın bu ölkədə hərbi bazaları var. Heç bir halda Rusiyanın Yaxın Şərqdə yeganə forpostu olan Suriyadan geri çəkiləcəyini gözləmək inandırıcı görünmür. ABŞ-ın Suriyanı Ukrayna böhranına görə Rusiyanın qarşısına şərt kimi qoyacağının Moskvada  qəbul ediləcəyi də ağılabatan deyil. Düzdür, Rusiya Donbas məsələsində müəyyən güzəşətlərə getməyə meyilli görünsə də Krımı geri qaytarmaq fikrindən tamamilə uzaqdır. Putin son açıqlamalarından birində bununla bağlı məsələsinin ümumiyyətlə, müzakirə mövzusu olmayacağına diqqət çəkib. ABŞ isə Donbas kimi Krımı da Ukrayna üçün geri istəyir.

Krımın geri qaytarılması Rusiyanın maraqları baxımından da uyğun deyil. Çünki bu bölgə yenidən Ukraynaya geri qaytarılsa, bu o demək olacaq ki, Moskva NATO və Pentaqonun öz qonşuluğunda yerləşməsinə razıdır. Vaxtilə Rusiya bölgədəki güc balansını qorumaq məqsədilə bu əraziləri işğal etmişdi. Hesab etmək olar ki, Krım geri qaytarılsa, Rusiya Şərqi Avropadakı bütün mövqelərini ABŞ-a güzəştə getməli olacaq ki, bu da NATO-nun Rusiya ətrafında daraltmağa çalışdığı çənbərin bir qədər də daralması demək olacaq və Avropaya çıxış imkanları tamamilə məhdudlaşmaqla yanaşı, bu Moskvanı təcrid edə bilər. Buna görə də Rusiyanın ABŞ-ın şərtlərinə Vaşinqtonun istədiyi cavabı verərək əsas "oyun kartları”nı açacağı inandırıcı görünmür.

"Məsələ təkcə Donbasla bitmir”

Politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Moskvanın Vaşinqtonun şərtini yerinə yetirəcəyi inandırıcı görünmür. E.Şahinoğlunun sözlərinə görə, məsələ təkcə Donbasla bitmir, Krım da var: "Bütün dünya dövlətləri Krımı Ukraynanın ərazisi kimi qəbul edirlər. Krım da Rusiya tərəfindən işğal olunub. Amerikanın əsas şərtlərindən biri də Krımın geri qaytarılması ilə bağlıdır. Hesab edirəm ki, Rusiya heç vaxt bu bölgəni Ukraynaya geri qaytarmayacaq. Amma bu şərtlər yerinə yetirilməsə, Rusiya - ABŞ münasibətləri normallaşmayacaq. Bu addımlar atılsa belə, bu qısa müddətdə münasibətlərin qaydasına düşəcəyi inandırıcı görünmür. Çünki digər məsələlər də var ki, bunlar iki ölkə arasında münaqişəyə çevrilib. Əsas məsələ isə Ukraynadır. Amma Rusiya Amerikanın gözlədiyi addımı atmayacaq. Ən yaxşı halda Donbasla bağlı güzəştə gedə bilər ki, bu istiqamətdə də heç bir irəliləyiş yoxdur”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları