Yuxarı

Bərzaninin müstəqillik dirənişi

Bərzaninin müstəqillik dirənişi

Şimali İraq kürdləri "müstəqil Kürdüstan”ın yaradılmasında israrlıdır. İraqın Baş naziri Heydər əl-Abadi isə İraq Kürd Regional Hökumətinin 25 sentyabr referendumunun qeyri-qanuni olduğunu vurğulayıb, dialoqun mümkün olmayacağını bildirib. Bərzani hökuməti müstəqillik elan etmək üçün dirəniş göstərməsinə baxmayaraq, başda İraq olmaqla regional dövlətlər Kürdüstanı müstəqil dövlət kimi tanımır. Nəzərə almaq lazımdır ki, regionun böyük gücü hesab olunan Türkiyə rəsmən Bərzani hökumətini bu prosesdən geri çəkilməyə çağırır. 

Mosul və Kərkükün Türkiyə tərəfindən geri alınacağını sərt şəkildə bəyan edir. Qeyd edək ki, ekspertlər Bərzaninin Qərbdən, xüsusilə də ABŞ və İsrail tərəfindən dəstəkləndiyini bildirir. Bu baxımdan bölgə dövlətlərinin bu prosesin qarşısını almaq cəhdləri hələ ki effekt vermir.

Maraqlıdır, Bərzaninin göstərdiyi müstəqillik dirənişinin qarşısını almaq mümkün olacaqmı? 

Siyasi şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə bildirib ki, Bərzaninin dirənişi öz gücünə deyil: "Çünki "Kürdüstan” qlobal güclərin ortalığa atdığı bir layihədir ki, Bərzani burada sadəcə bir alət, "kukla” kimi iştirak edir. O baxımdan hələlik Kürdüstan bölgəsi bu prosesdən ciddi zərər görməyənə qədər dirəniş göstərəcək. Ortalıqda bir də Kürdüstan bölgəsinə qarşı çox ciddi addımlar planlaşdırılır. Son addımlardan biri də məlumdur ki, Türkiyə ilə Şimali İraqın sərhəd qapısı olan Haburun bağlanması və Türkiyə ilə İraqın yeni bir sərhəd qapısı açmaq layihəsi var ki, bu da təbii ki, Bərzani hökumətinə çox böyük zərbə olacaq. Nəzərə almaq lazımdır ki, 8 milyard dollardan yuxarı Türkiyə ilə Şimali İraq arasında bir ticarət var ki, bundan gələn tranzit mənfəəti yalnız Şimali İraq hakimiyyətinə qalır.

Yeni sərhəd qapısı açılandan sonra bu mənfəətlərdən Bərzani hakimiyyəti məhrum olacaq. Bundan əlavə Kərkükdən Türkiyəyə gələn neft boru xətti artıq Bərzani hakimiyyətinin əlindən alınacaq və bu neftin ixracı mərkəzi hakimiyyətin səlahiyyətlərinə keçəcək. Doğrudur, bu elə-belə baş verəcək hadisə deyil. Bunun üçün İraq ordusu çox ciddi hazırlıqlara başlayıb və bu hazırlıqlarda Türkiyə ordusu da bilavasitə iştirak edir. Çünki yeni sərhəd qapısını reallaşdırmaq üçün onun yaxınlığında yerləşən bir neçə bölgə var ki, o bölgələrin Bərzani peşmərgələrindən azad olunmasına ehtiyac var. Bu yöndə də İraq ordusunun 50 min əsgəri hazırlıqlara başlayıb. Bütün bu proseslər həyata keçiriləndən sonra artıq Bərzaninin dirənib-dirənməyəcəyini konkret söyləmək mümkün olacaq”.

Politoloqun sözlərinə görə, Bərzaninin Şimali İraqa qarşı bu sanksiyaların qarşısında durması mümkün deyil: "Çünki bu cür əməliyyatlardan, sanksiyalardan sonra demək olar ki, Bərzani hakimiyyəti 2005-ci ildə qəbul olunmuş sərhədlər çərçivəsinə sıxışdırılacaq. Tamamilə mühasirə səviyyəsinə düşəcək ki, bu da əhalinin bir çox sosial problemlərlə qarşı-qarşıya qalacağı vəziyyəti yaradacaq. Bu da siyasi hakimiyyət üçün çox böyük çətinliklərin olacağı deməkdir. Bilirsiz ki, Şimali İraqda çalışan məmurların əmək haqları məhz mərkəzi hakimiyyət tərəfindən ödənilir.

Bu maaşların verilməsi prosesinə də konkret sanksiya tətbiq olunub və bundan sonra əməkhaqqı ödənilməyəcək. Neftdə nəzarət məsələsi də Bərzani hakimiyyətinin əlindən alınandan sonra Şimali İraqın dirənişi getdikcə zəifləyəcək. Həmçinin, Türkiyə İraqla yanaşı yeni sərhəd qapısı olan Olaköy layihəsinin həyata keçirilməsi qlobal güclərin böyük İsrail projesinə də çox ciddi zərbə vuracaq. Çünki bu sərhəd xətti əslində Şimali İraqla Şimali Suriya arasında olan əlaqəni tamamilə aradan qaldıracaq. 

Bu da PKK ilə PYD arasındakı xilasetmə xəttini tamamilə aradan qaldıracaq. Eyni zamanda İraq ərazisində yerləşən PKK ilə digər bölgələrdə olan terrorçular arasındakı əlaqəyə də çox ciddi bir zərbə vuracaq ki, bu xəttə də İraq ordusu ilə bərabər həm də Türkiyə ordusu nəzarəti öz əlinə götürəcək. Bu da təbii ki, güclərin, regiondakı geosiyasi maraqlarına zərbə vuracaq. Ona görə də hesab edirəm ki, hələlik Bərzaninin dirənişindən danışmaq tezdir. Onun dirənişinin nə qədər sürəcəyi yaxın vaxtlarda baş verəcək hadisələrdən asılıdır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları