Yuxarı

"İraqın prezidenti türkmən olacaq"

"Türkmən millət vəkilini Kərkük şəhərinə vali təyin etmişik”

Əkrəm Fevzi: "Bərzani kürdlərin Qorbaçovu oldu və millətini intihara sürüklədi"

Məsud Bərzaninin başçılıq etdiyi separatçı qüvvələrin Kərkük də daxil olmaqla Şimali İraqda müstəqil kürd dövləti yaratmaq planı baş tutmadı.  İraq ordusu, "Həşti-Saabi” qüvvələri və türkmən könüllü hərbi birləşmələrinin keçirdiyi əməliyyat nəticəsində Kərkük şəhəri separatçılardan azad edilib. Bərzaniyə dəstək verən "peşmərgə”lər və  PKK terrorçuları şəhəri tərk edərək şimala doğru qaçıb. Artıq Kərkükə İraq hökumət qüvvələri və yerli türkmənlər nəzarət edir. Cebhe.info vəziyyətlə bağlı daha ətraflı məlumat almaq üçün İraq Türkmən Yazıçılar Birliyinin sədri, İraq parlamentinin sabiq deputatı , siyasətçi  Əkrəm Fevzi ilə əlaqə saxlayıb.

- İraq və bölgə üçün strateji əhəmiyyət daşıyan Kərkük şəhəri "peşmərgə" və  silahlı kürd terrorçularından azad edilib.  Şəhərin azad edilməsi əməliyyatında türkmənlər də iştirak ediblər.  Hazırda Kərkükdə son durum necədir?

- Təlafərdən Bəsrəyə qədər ərazidə yaşayan İraq türkmənləri 2003-cü ildən bəri böyük bir qorxu, təlaş, işgəncə içərisində yaşayıb. Bunun da səbəbi Məsud Bərzaninin İraq türkmənlərinin malını-mülkünü, var-dövlətini, torpaqlarını öz nəzarəti altına götürməsi idi. İsrail və Amerika Birləşmiş Ştatları da ona dəstək verirdi. Amma şükürlər olsun ki, bu gün çox gözəl bir gündür, bayramların bayramıdır. İgid və qəhrəman ordumuz, "Haşti Şaabi" və  türkmən gəncləri birgə hərbi əməliyyat keçirib gözəl Kərkükü düşməndən xilas etdilər. Bu gün Kərkük özümüzə döndü, inşallah, sabah Qarabağ da dönər. Bu zəfər  dövlətimizin, cəmiyyətin birliyi, BMT başda olmaqla beynəlxalq dəstəyin sayəsində mümkün oldu. Xeyli sayda qurbanlar verdik, yaralılarımız oldu. Amma qəsb olunmuş bütün torpaqlarımız bizə döndü. Bundan sonra prezident də türkmən olacaq, Kərkükün valisi də,  Tuz-Kurmatunun rəhbəri də türkmən olacaq.  Çünki onlar bu torpağın əsl sahibidir. Burada üçüncü böyük millət türkmənlərdir.  Onlar Məhəmməd Füzulinin övladı, İmam Hüseyn aşiqidirlər.

"Kürdlər mülki əhalini raket atəşinə tuturdu”

- Son döyüşlərdə tələfat nə qədər oldu?

- Mən dəqiq say deyə bilmərəm. Amma dünən gecə bizim 9 şəhidimiz, 42 nəfər yaralımız var idi. Kürd silahlıları mülki əhalini raketlərlə atəşə tuturdular. İndi mən həmin yaralıların yanından gəlirəm.

- İndi Kərkükdə Bərzaniyə yaxın kürd qrupları qalıbmı, yoxsa "peşmərgə", PKK və digər kürd yaraqlıları  şəhəri tamamilə tərk edib?

-  Bizim ordumuzun və cəsur gənclərimiz elə bir hücum etdilər ki, onların əksəriyyəti çaşqın durumda qorxub qaçdı. Doğrudur, Bərzaninin yanında az sayda qüvvələri var. Amma onun bu qüvvəsi bizim gücümüzün yanında çox zəifdir. İndi pis vəziyyətə düşüblər. Bir çox imkanlarını itiriblər. Kərkükə kənardan gəlmiş  minlərlə insan şəhəri tərk edib qaçdılar. Çünki onlar Kərkükə kənardan gəlmişdilər və şəhərimizi qəsb etmişdilər.

"Bərzani İraqa xain çıxdı”

- Bərzani hökuməti Kərkükdə düçar olduğu məğlubiyyətin səbəbkarı kimi mərhum prezident Cəlal Təlabaninin ailəsini, oğlanlarını  satqınlıqda ittiham edir. Sizcə bu ittihamlar nə qədər doğrudur? Təlabani ailəsinin mövqeyi Bərzaninin məğlubiyyətinə nə qədər təsir göstərib?

- Bərzaninin və yanındakıların dedikləri yalandır. Xain onların özləridir. Bərzaninin qrupu İraq xalqına və torpağına xain çıxdı. Onlar İsrailin planı əsasında bölmək, parçalamaq istədilər. İraqın çörəyinə, duzuna xain çıxdılar. Cəlal Təlabaninin həyat yoldaşı Hiro xanım və oğlu Bafil hazırda Süleymaniyyədə yaşayır. Onların ürəyimizdə hər zaman yeri var. Çünki biz heç bir xalqı digərindən üstün tutmamışıq. İstər ərəb olsun, istər kürd olsun, istərsə də türkmən və ya digəri. Onların hamısı bu vətənin övladıdır. Əsas odur ki, insan kimi yaşasın. Biz bu ölkənin, torpağımızın bölünməsini heç zaman qəbul etməmişik.

"Kərkükün kürd valisi Ərbilə qaçdı”

Kərkükün azad edilməsi ilə müstəqil kürd dövlətinin yaradılması və İraqın bölünməsi təhlükəsi sovuşdumu?  

 - Təhlükə bitmək üzrədir. İndi biz  bir nəfər türkmən millət vəkilini  Kərkük şəhərinə vali təyin etmişik. Həmin şəxs Niyazi Müəmməroğludur.  Eyni zamanda, bundan sonra İraqın prezidenti də kürd olmayacaq. On üç ildir İraqın prezidenti kürd idi. Artıq buna son qoyuldu. Bundan sonra İraq türkmənləri gərək ən layiqli, nüfuzlu yerlərə sahib olsun. Bu torpağı qorumağa, sahib çıxmağa hər zaman hazır olan igid oğullarımız, gənclərimiz var.

-Kərkükün PKK-ya yaxın mövqeyi ilə seçilən valisi Nəcməddin Kərim indi haradadır?

- O, Kərkükü qoyub Ərbilə qaçdı. Bu gün İraq Məclisi referendumda iştirak edən, səs verən deputatların  hamısının mandatının ləğv edilməsi barədə  qərar çıxarıb.  Vali də bizim namizədimiz olacaq.

Prezident Fuad Məsum hələ vəzifə başındadır. Dövlət başçısının kürd olmaması üçün öncə onun bu vəzifədən kənarlaşdırlması  lazımdır.  İraqda prezident postundan kürdlərin uzaqlaşdırılması və milliyyətcə türkmən olan namizədin seçilməsi üçün  konstitusiyaya əlavə və dəyişikliklər nəzərdə tutulubmu?

- Prezidentin mütləq kürd olması konstitusiya ilə təsbit olunmayıb. Konstitusiyada göstərilir ki, prezident İraq vətəndaşı olmalı, İraqın  ərazi bütövlüyünün və suverenliyinin qorunmasıını təmin etməlidir. Prezident seçkiləri qazanan partiyaların arasından seçilir.

"Oğurladığı pulları Avropa banklarında yerləşdirib”

- Deməli, Məsud Bərzani belə bir siyasi oyuna getməklə kürdlərə də zərbə vurdu və İraq dövlətində onların hakim mövqeyini sarsıtmış oldu.

- Bərzani İraq kürdlərinin Qorbaçovu oldu. O, İraq kürd millətini  intihara sürüklədi. Amma şükür olsun ki, onlar ağıllı çıxdılar. Həm Təlabaninin tərəfdarları, həm islami və həm də başqa qruplar Bərzaninin dediklərinə uymadılar. Sözü bir yerə qoyub Bərzaniyə qarşı dayandılar. Çünki Bərzani 2014-cü ildən bəri İraqın neftini şəxsi mənfəəti üçün satır. O, öz ailəsi, qohumları, tayfası üçün şirkətlər qurub, oğurladığı pulları Avropanın banklarında yerləşdirib. İndi isə çalışır ki, kürd bölgələrini dağıdıb yox etsin.

- Demək olarmı ki, artıq ABŞ-ın İraq ərazisində müstəqil Kürdüstan dövləti yaratmaq planı baş tutmadı?

- Bəli. Co Baydenin İraqı Kürdüstan, "şiistan” və "sünnistan"dan ibarət üç hissəyə bölmək planı baş tutmadı. Biz də bunu iradəmizlə, əqidəmizlə, ağlımızla  bunu qəbul etmədik.  Onun bütün planlarını puça çıxardıq.

- Ərbildə hərbi əməliyyatlar davam etdiriləcək, yoxsa artıq hərbi qarşıdurma başa çatıb?

-  Xeyr, Ərbildə belə bir əməliyyatın keçirilməsi nəzərdə tutulmayıb. 2003-cü ildə müəyyənləşmiş bir xəritə var. Təlafərdən Bəsrəyə qədər coğrafiyanı əhatə edən həmin xəritədə İraq ordusunun, polisinin olması vacibdir.

"Bərzaninin sonu Səddam kimi olacaq”

-Amma Məsud Bərzani hələ də öz məqsədindın geri çəkilməyəcəyini bıyan edir. Onu bu qədər israr etməyə vadar edən səbəb nədir?

- Bərzani İsrailə ya da Amerikaya arxalanır. Onun sonu ya Səddam Hüseyninki kimin ola bilər, yəni bir quyuda tapacaqlar, ya da Təl-Əvivə sürgünə gedəcək.

"Ərdoğan çox gözəl mövqedə dayandı”

- Bəs bu prosesdə Türkiyə hansı mövqe nümayiş etdirməlidir? Türkyə silahlı qüvvələrinin İraqdakı vəziyyətə hərbi müdaxiləsinə ehtiyac varmı?

- Türkiyə ordusu sərhəddə geniş hərbi təlimlər keçirdi. Cənab Ərdoğan çox gözəl mövqedə dayandı. Eyni zamanda, Milliyyətçi Hərəkat Partiyası çox gözəl bəyanatlar verdi və bu mövqeyi müsbət nəticə verdi. Lakin mən bu müsahibədən istifadə edib bütün türk dünyasına səslənmək istəyirəm. Mən Azərbaycanı görmədən onun haqqında kitab yazmışam. Mən Azərbaycanın Yazıçılar Birliyinin üzvüyəm. Azərbaycanı Kərkük qədər sevirəm. Amma indiyə qədər bir yaralımızı müalicə etmədilər. Kərkük türk şəhəri olaraq qalacaq. Dünyada humanitar yardım, insan haqları  deyilən bir anlayış var. Ən azı, yanğın, zəlzələ olanda dövlətlər bir-birinə yardım edər. Biz bunu görmədik.  Mən bunu 3 milyon İraq türkməninin adından deyirəm.

Müşfiq Abdulla







Həftənin ən çox oxunanları