Yuxarı

ABŞ Qarabağ planını dəyişir

ABŞ Qarabağ planını dəyişir

"Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsini Azərbaycanın suverenliyinə hörmət etmədən həll etmək mümkün deyil”. "Cümhuriyət” qəzeti xəbər verir ki, bunu ABŞ Konqresinin Helsinki komissiyası tərəfindən təşkil olunmuş Dağlıq Qarabağ münaqişəsinə həsr olunan brifinqdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib. O qeyd edib ki, gərginlik riski hər zamankından daha çoxdur və möhkəm sülhün əldə olunması üçün səyləri daha da artırmaq lazımdır.

Münaqişənin sülh yolu ilə həllinin üstünlüklərindən danışan C.Uorlik bildirib ki, sülhün əldə olunacağı təqdirdə Ermənistan sərhədlərin açılmasından, qonşularla qarşılıqlı fəaliyyət imkanlarından xeyir görəcək.

Vaşinqtondan işğalçıya zərbə

Ermənistan - Azərbaycan münaqişəsinin həll prosesinə girdiyi 1994-cü ildən bu günədək ilk dəfədir ki, ABŞ-dan problemin Azərbaycanın suverenliyi nəzərə alınaraq həll edilməsi təklif olunur. Bu baxımdan vaxtilə Minsk qrupunda həmsədr olarkən münaqişə ilə bağlı işğalçının - Ermənistanın lehinə olan açıqlamaları ilə tez-tez gündəmə gələn Ceyms Uorlikin səsləndirdiyi fikirlər son dömələrdə ABŞ-ın Qarabağla bağlı etdiyi strateji dəyişikliklə əlaqələndirilir. Nəzərə alsaq ki, Uorlikdən sonrakı həmsədr Riçard Hoqland avqust ayında münaqişənin həlli ilə əlaqədar təqdim etdiyi 6 bəndlik təklifdə də dolayı yolla Dağlıq Qarabağ Azərbaycanın suverenliyindəki ərazi kimi qeyd olunurdu, bundan sonrakı mərhələlərdə Vaşinqtondan verilən digər açıqlamalarda bu prinsiplər öz əksini tapmağa başlayıb. Hazırkı həmsədr Endryu Şafferin son açıqlaması da Hoqland prinsiplərinə əsaslanmışdı.

Ekspertlər hesab edirlər ki, ABŞ indiyədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yürütdüyü siyasətə redaktələr edərək, strateji dəyişikliyə gedir. Nəzəri də olsa, Amerikanın Ermənistan üzərində artan təzyiqləri Cənubi Qafqazda hökm sürən geosiyasi vəziyyətlə əlaqələndirilir. NATO və Pentaqonun Gürcüstanda təlim mərkəzləri və koordinasiya bölməsi açdıqdan sonra bu ölkədən arxayın olan Vaşinqton Rusiya və Ermənistan arasında birgə qoşun yaratmasından və Rusiyanın bu ölkədə hərbi bazalarının sayını artırmaq qərarından sonra bölgədə manevr imkanlarının məhdudlaşacağından ehtiyat etməyə başlayıb. Buna görə də Rusiyanın həll prosesində açıq formada Ermənistanı dəstəkləyən mövqeyinə qarşı ABŞ-ın Azərbaycanı dəstəkləyəcəyi ehtimal edilir. Ekspertlərə görə bu, ABŞ-a bölgədəki güc balansını qorumaq üçün lazım ola bilər.

"Hakimiyyət rəsmi qaydada ABŞ-a təşəkkür etməlidir”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Helsinki Komissiyasının Qarabağla bağlı dəyirmi masa keçirməsi, həll prosesində Rusiya və ABŞ-ın mövqelərini ortaya çıxardı. Politoloq hesab edir ki, Minsk qrupunun apardığı danışıqlar həll prosesində irəliləyişə gətirib çıxarmadı: "Artıq ABŞ və Rusiyanın öz fərqli yanaşmaları və həll prinsipləri var. Hesab edirəm ki, Uorlikin Qarabağla bağlı təklifləri, Azərbaycanın milli maraqlarına və ədalətli həll planına uyğundur. Bu, Hoqlandın avqust ayında təklif etdiyi 6 bəndlik prinsipləri özündə ehtiva edir. Uorlikin irəli sürdüyü həll planında ilk mərhələdə 7 rayonun boşaldılması, qaçqınların öz yerlərinə qaytarılması, Ermənistanla Qarabağ arasında Laçın rayonunun böyük hissəsdən istisna olmaqla kiçik bir hissəsindən dəhliz kimi istifadə olunması, Qarabağa yerli özünüidarəetmə hüququnun verilməsi, beynəlxalq təhlükəsizlik qarantiyası və bölgəyə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələləri yer alıb”. 

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Rusiyanın planı ilk mərhələdə 5 rayonun Azərbaycana qaytarılmasını, 2 rayonun qaytarılmasının (Laçın və Kəlbəcər) sonrakı mərhələyə saxlanılması, Qarabağa aralıq status verməklə, referendumun tarixinin müəyyən edilməsi və Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi məsələlərini ehtiva edir: "Rusiyanın planı, Azərbaycanın maraqlarına və suverenliyinə təhdiddir. Hazırkı vəziyyətdə yalnız ABŞ-ın mövqeyi maraqlarımızı əks etdirir. Hesab edirəm ki, Amerikadan olan diplomatların son dönəmlərdə verdikləri açıqlamalar, Vaşinqtonun rəsmi mövqeyidir. ABŞ münaqişənin həllində dəyişiklik edir. Beləliklə, ABŞ Azərbaycana Qarabağla bağlı rəsmi və konkret dəstək verir. Azərbaycan hakimiyyəti də ABŞ-la sıx işləməlidir və rəsmi qaydada Amerikaya təşəkkür etməlidir. Lakin rəsmi Bakı bunu ciddi dəyərləndirmir, Rusiyanın mövqeyi və siyasəti isə əleyhimizədir”.

"Bu açıqlamalar Amerikanın siyasətinə çevrilmir”

Politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında Ceyms Uorlik və digər amerikalı diplomatların münaqişə ilə bağlı verdikləri açıqlamaların hazırkı vəziyyətdə ABŞ-ın xarici siyasətində prioritet olmadığını deyib. Politoloqun sözlərinə görə, ABŞ-ın mövqeyi Dövlət Departamentinin tutacağı xəttə bağlıdır: "Minsk qrupunda təmsil olunan amerikalı həmsədrlər dəfələrlə vurğulayıblar ki, münaqişənin həlli üçün ilk növbədə ətraf rayonlar boşaldılmalıdır. Keçmiş həmsədr Riçard Hoqland da, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da bir neçə dəfə bununla bağlı açıqlamalar verib. Amma təəssüf ki, amerikalı diplomatların bu mövqeləri Dövlət Departamentinin siyasətinə çevrilmir. Bu istiqamətdə Ermənistan hakimiyyətinə heç bir təsir edilmir. Digər yandan isə Amerika Konqresi erməni lobbisinin təsirləri altında Azərbaycan əleyhinə addımlat atmağa çalışır. Düzdür, bu açıqlamalar yaxşıdır, amma bu, Amerikanın siyasətinə çevrilmir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları