Yuxarı

Ukraynanı sarsıdacaq üçüncü "Maydan”

Ukraynanı sarsıdacaq üçüncü

Ukrayna Ali Radasının qarşısında oktyabrın 17-də başlanmış etiraz aksiyası noyabrın 7-ə qədər davam edəcək.Bu barədə mitinqin təşkilatçısı, Odessa vilayətinin sabiq qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məlumat verib. O, "Konstitusiya meydanı”nda çıxışı zamanı aksiyanın sonuncu plenar həftəyə qədər keçiriləcəyini bəyan edib. Saakaşvilinin sözlərinə görə, qarşıdan gələn iki həftə ərzində meydanda mitinq iştirakçıları ilə seminarlar, müzakirələr, ünsiyyət davam edəcək: "Biz qarşıdakı həftədən Ali Radanın sessiyasına qədər bu meydanı çox dinc, güclü, təhlükəsiz məkana çevirməliyik” deyib. 

Müxalifət lideri onu da bildirib ki, Ukraynanın şəhərlərinə səfər etmək, ölkədə nə baş verdiyini öyrənmək və vəziyyətin yaxşılaşdırılması üzrə təkliflər vermək niyyətindədir. Kiyev Şəhər Polis İdarəsinin mətbuat katibi Oksana Blişikin verdiyi məlumata görə, oktyabrın 17-dən 23-ə qədər baş vermiş toqquşmalarda 6 nəfər xəsarət alıb, 3 nəfər saxlanılıb, daha 3 nəfər barəsində isə cinayət işi açılıb. Donbasda döyüşmüş zabitlərdən ibarət "Katana” alayının üzvləri isə ultimatum verərək beş iş günü ərzində prezident Poroşenkoya impiçment elan edilməsi barədə qanunun parlamentin müzakirəsinə çıxarılmasını tələb edib. 

Daxili işlər naziri Arsen Avakov isə parlamentin binası qarşısında qurulan çadırların Regionlar Partiyasının lideri Vladimir Oleynik tərəfindən maliyyələşdirildiyini deyib.Xatırladaq ki, Oleynikdən öncə Regionlar Partiyasına "Maydan hərəkatı” zamanı devrilmiş prezident Viktor Yanukoviç rəhbərlik edib. Vladimir Oleynik isə özünün facebook səhifəsində etiraz aksiyasını maliyyələşdirdiyini etiraf edib:

"Radanın qarşısındakı bəzi çadırları şəxsən mən maliyyələşdirirəm. İnsanlar hazırkı hakimiyyətin əleyhinə çıxır.Hərəkatın liderləri ilə bəzi məsələlərdə mənim fikir ayrılığım var. Ümumilikdə, biz birlikdəyik.Biz Pyotr Poroşenkonun Ukraynada hakimiyyətdə qalmasının əleyhinəyik və onun getməsi vacibdir.Daha sonra biz demokratik yolla yenidən başlamağa çalışacağıq.Bu, mübarizənin ikinci mərhələsi olacaq”.

Hadisələrin Ukraynada hakimiyyət dəyişikliyinə gətirib çıxarması ehtimalı isə hadisələrin inkişaf istiqamətindən asılıdır.Siyasi müşahidəçilər ilk növbədə, Saakaşvilinin təşkil etdiyi mitinqlərin əsas məqsədinin nədən ibarət olmasını müəyyənləşdirməyə çalışır. İnqilablar lideri kimi tanınan Mixail Saakaşvilinin indi Kiyevin mərkəzi meydanında kütləvi oturaq aksiyalar keçirməsi Ukraynada "Maydan hərəkatı”nın təkrarlanacağı barədə proqnozların sayını artırır. Ancaq Ali Radanın qarşısına toplaşan siyasi qüvvələrin tərkibinin də yekcins olmaması diqqətdən yayınmır. Eks-qubernator Mixail Saakaşvili Qərbə, xüsusilə də ABŞ-a yaxın mövqeyi ilə tanınırsa, çadırları maliyyələşdirdiyini deyən V.Oleynik Rusiyaya bağlı siyasi qüvvəni təmsil edir. Bu baxımdan, etiraz aksiyalarının arxasında hər hansı xarici gücün dayanıb-dayanmaması da cavabı axtarılan suallar arasındadır. Ekspertlərin fikrincə, Ukraynada hakimiyyət dəyişikliyi isə Donbasda Rusiyanın daha da fəallaşmasına və Krım məsələsində daha barışmaz mövqe nümayiş etdirməsinə səbəb ola bilər. 

Respublikaçı Alternativ Hərəkatının katibi Azər Qasımlının sözlərinə görə, Ukraynada baş verən proseslər prezident Poroşenkonun istefasına gətirib çıxara bilər. Bu məsələdə müxtəlif siyasi, qeyri-siyasi və oliqarxik qruplar maraqlıdır:

"Məncə, burada əsas məqsəd Saakaşvilinin vətəndaşlığının bərpası və onun prezident seçkilərində iştirakına icazə verilməsinə nail olmaqdır. Böyük ehtimalla hakimiyyət də Saakaşviliyiə bu güzəştləri etməklə müəyyən qədər vaxt qazansın.ABŞ-ın və Avropa Birliyinin bu prosesə münasibəti də çox önəmli rol oynayacaq.Əgər Poroşenko iqtidarına qarşı tənqidi ittihamlar gəlməyə başlasa, proseslər getməyə başlayacaq və nəticədə Poroşenko hakimiyyətini itirmək məcburiyyətində qalacaq.Hazırda Ukrayna Qərbdən tam asılı vəziyyətdədir.Əgər Qərb Ukrayna prezidentindən dəstəyini çəksə, Poroşenko Rusiya ilə tamamilə baş-başa qalar.Pyotr Poroşenko da bunu yaxşı anlayır.Ona görə də ABŞ-ın və Avropa Birliyinin mövqeyi çox vacibdir”.

Azər Qasımlı hesab edir ki, mitinq iştirakçılarının Rusiyaya yaxın siyasi qüvvələr tərəfindən maliyyələşməsi barədə iddialar qara piardırr:

"Saakaşvili də, Poroşenko da Rusiyaya qarşı olan şəxslərdir. Ona görə də bu prosesdə Rusiyanın əlinin olmasını axtarmaq yanlışdır”.

Politoloq onu da vurğuladı ki, Ukraynada hakimiyyət dəyişikliyi baş verərsə, Rusiya Donbasda və Krım münaqişəsində yaranmış vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışacaq. Ancaq yeni prezidentin Rusiyaya güzəştə gedəcəyi inandırıcı görünmür:

"Əgər üçüncü "Maydan hərəkatı” baş verərsə, bu Ukraynanı sarsıda bilər. Rusiya da bundan faydalanmağa çalışacaq.Qərb də çalışacaq ki, belə hadisələr olmasın və bu problemlər sivil qaydada həll olunsun.Artıq Qərbə "Maydan hərəkatı-3” lazım deyil.Sadəcə olaraq, Poroşenkonun Ukraynanın qanunlarını, demokratik qaydaları pozaraq Saakaşvilini vətəndaşlıqdan məhrum etməsi düzgün deyildi.Çünki siyasi rəqibi vətəndaşlıqdan məhrum etmək demokratiyaya ziddir.Qərbdə də bu addımı dəstəkləmirlər”.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları