Yuxarı

Rusiya İrəvanı BTQ ilə sıxışdırır

Rusiya İrəvanı BTQ ilə sıxışdırır

Nəzakət Məmmədova: "Bu, son illərdə iqtisadi çətinliklərlə üzləşən, sanksiyalar məngənəsində sıxışdırılan Rusiya üçün əhəmiyyətli ola bilər”

Regionun ən böyük iqtisadi layihələrindən hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti layihədə iştirakçı olmayan digər dövlətlərinin də maraq dairəsindədir. Rusiyalı politoloq, Strateji Qiymətləndirmə İnstitutunun rəhbəri Aleksandr Konovalov Rusiyanın BTQ layihəsinə qoşulmaq marağında olduğunu deyib. Məlumdur ki, Rusiya Azərbaycan torpaqlarını işğal edən Ermənistanın hərbi-strateji tərəfdaşıdır. Bu münaqişənin yaranmasında və uzun müddətdir həll olunmamasında da Rusiyanın "payı” olduğu istisna edilmir. 

Ehtimal olunur ki, rusiyalı politoloq da məhz bu amili nəzərə alaraq, "Siyasi motivlər nəzərə alınmasa Rusiya bu marşrutdan yararlanacaq” şəklində açıqlama verib. Maraqlıdır, Rusiyanın BTQ-yə qoşulması bu layihənin əhəmiyyətini nə dərəcədə artıra bilər? Və Rusiyanın bu layihədə iştirakı Ermənistana nə vəd edir?

Politoloq Nəzakət Məmmədova "Cümhuriyət” qəzetinə şərhində deyib ki, Rusiyanın və ya hər hansı bir digər dövlətin bu layihəyə qoşulması nəzəri cəhətdən mümkündür: 

"Xüsusilə də indiki Rusiya-Türkiyə yaxınlaşması fonunda bu məsələ mümkün hesab oluna bilər. Habelə, Rusiyanın ABŞ-ın lideri olduğu  Atlantizmə qarşı Avrasiya həmrəyliyi vasitəsilə balans yaratmaq istəyi nəzərə alınarsa, əlbəttə ki, bu variantı istisna etmək olmaz. Böyük İpək Yolunun "tarixi varisi" olan Bakı-Tbilisi-Qars dəmiryolu Çindən başlayıb Avropada qurtarır. Başlanğıc  Çin,  son nöqtə Avropa Rusiyanın ABŞ hegemonluğuna qarşı eyni mövqeyi bölüşürlər. Bu baxımdan Rusiyanın bu layihəyə qoşulması tamamilə mümkün ola bilər. Bu, onun böyük bir materiki əhatə edən nəhəng miqyaslı layihədə iştirakını təmin edər, iştirakçı ölkələrlə qarşılıqlı əlaqələrini möhkəmləndirər. Eyni zamanda siyasi proseslərlə yanaşı, nəqliyyat-kommunikasiya, ikitərəfli və çoxtərəfli formatda manevr imkanlarını genişləndirər. Çinlə və Avropa ilə enerji, iqtisadi sahələrdə uğurla əməkdaşlıq edən Rusiyanın nəqliyyat-kommunikasiya sahəsində fəallığı ona yalnız əlavə divident gətirə bilər. Bu, son illərdə iqtisadi çətinliklərlə üzləşən, sanksiyalar məngənəsində sıxışdırılan Rusiya üçün əhəmiyyətli ola bilər. Çin və Avropa arasında ticarətin həcmi yarım trilyon dollardır. Belə nəhəng ticarət dövriyyəsi olan  layihəyə qoşulmaq yalnız fayda verə bilər. Rusiyanın qoşulması həm də bu ölkə ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müsbət bir addım olardı. Bu, həm də beş Xəzəryanı ölkə arasında əməkdaşlığın daha bir inkişaf istiqaməti olardı. Bu günlərdə Tehranda Azərbaycan, Rusiya, İran prezidentlərinin "Şimal-Cənub" nəqliyyat dəhlizi barədə müzakirələrinin müsbət nəticələrini nəzərə alsaq, Xəzəryanı ölkələrin həm bu formatda, həm də Bakı-Qars layihəsi çərçivəsində əməkdaşlığının  dərinləşdiyini demək olar”. 

Nəzakət Məmmədova deyib ki, müstəqillik əldə etdikdən sonra Cənubi Qafqazdakı bütün beynəlxalq əhəmiyyətli layihələrdən kənarda qalmış Ermənistan işğal etdiyi torpaqları geri qaytarmayınca bu layihədən də təcrid olunacaq. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları