Yuxarı

Bağdadi "dirildi”: İŞİD yenidən fəallaşır

Bağdadi

İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadi barədə yeni məlumat yayılıb. "Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, barəsində dəfələrlə ölüm xəbəri yayılan Bağdadinin sağ olduğu bildirilir. Məlumata görə o, dövlət sərhədini də normal qaydada keçib.

Misirdə nəşr olunan "Əd-Düstur” qəzetinin verdiyi məlumata görə noyabr ayının 3-də İŞİD lideri İraqdakı bazasını tərk edərək Suriyaya gedib. Bağdadinin səfərə olduqca komfortlu, sarı taksidə getdiyi bildirilir. İraq kəşfiyyatı onun hazırda Suriyadakı Dəyr-əz Zorda olduğunu təxmin edir.  "Sarı taksinin xidmətindən istifadə edən Bağdadi Ənbar vilayətindən Suriyaya gedib”,- deyə nəşr vurğulayıb.

Bağdadinin Suriyaya qayıdışının pərdəarxası

Artıq İŞİD liderinin Suriyaya gözlənilməz qayıdışın örtən "sirr pərdəsi” aralanmağa başlayıb. Amerika KİV-lərinin iddiasına görə Suriyada Bəşər Əsəd rejimi və Rusiyanın lehinə dəyişməyə başlayan status-kvo belə bir zərurəti ortaya çıxarıb. Məlumdur ki, bir neçə gün əvvəl İŞİD Suriyadakı sonuncu ən böyük strateji mərkəzi hesab olunan Deyr əz-Zor şəhərini itirdi. Əsəd ordusu 2014-cü ildən bölgədə yerləşən terrorçuları tamamilə zərərsizləşdirərək, şəhəri azad etdi. Suriyada kiçik bölgələrdə sıxışıb qalan İŞİD məhdud sayda canlı qüvvəsi və hərbi texnikası ilə artıq nə Əsəd, nə də özünə qarşı olan silahlı qruplaşmaları üçün baş ağrısına çevrilə bilir.

SNC Rusiya ilə danışıqlardan niyə imtina etdi?

Rusiyalı analitiklərdən də Bağdadinin Suriyaya qayıdışına ilginc şərhələr gəlir. Rusiyalı mənbələrə görə Suriyada Bəşər Əsəd və müttəfiqlərinin lehinə dəyişən vəziyyətin qarşısına keçmək istəyən qüvvələr yenidən "İŞİD kartı”nı masaya atıblar. Ehtimal edilir ki, bir neçə gün əvvəl Suriyada Qərbin dəstəklədiyi əsas müxalifət qrupu olan Suriya Milli Koalisiyası (SNC) Rusiyanın təşkilatçılığıyla keçirilən danışıqlara getməkdən imtina edib. Qrup Rusiyanın bu təşəbbüsünü BMT-nin dəstəklədiyi sülh danışıqlarını pozmaq cəhdi adlandırıb. Rusiyalı analitiklər bunu Suriyada müharibənin növbəti mərhələsi olduğunu bildirirlər, indiki məqamda da Əsəd və Rusiyaya qarşı yenidən İŞİD-in fəallaşdırılacağını iddia edirlər. Bağdadinin Suriyaya gözlənilməz qayıdışının arxasında da bu məqamların dayandığı vurğulanır. Hesab edilir ki, Bağdadinin qayıtmasından sonra fəallaşacaq İŞİD Əsəd rejiminin mövqelərinə qarşı növbəti irimiqyaslı hücumlara hazırlaşır.

"Cihad başqa coğrafiyaya daşınacaq”

Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İŞİD-in əvvəlki kimi Suriyada fəallaşması mümkün deyil. Ekspert terror təşkilatının Yaxın Şərqdən çıxmağa hazırlaşdığını da istisna etməyib:

"İŞİD İraqda əlində olan sonuncu şəhəri - Əl-Qaimi ötən həftə itirdi. Yəni, faktiki olaraq, bu terror təşkilatının İraqda qalması üçün bir səbəb və belə bir imkanı qalmayıb, qalsa da gizli qalmalıdır. Suriyada isə hələlik müəyyən əraziləri var. Həm Deyr əz-Zor vilayətində, həm Həma ətrafında, Dəməşq yaxınlığında Yərmukda və bir də Colan istiqamətində İŞİD-in nəzarətində olan kiçik də olsa bölgələr var. Təbii ki, Bağdadinin gəlməsi Suriyada İŞİD-i bir qədər fəallaşdıracaq, ruh yüksəkliyi verəcək. Ancaq bunun uzunmüddətli olacağını düşünmürəm. Çünki əllərində olan böyük əraziləri itiriblər. Əvvəlki aktivlik və güc əldə etmələri mümkün deyil. Amma müəyyən bir müddət davam gətirəcəklər. Sonra isə ehtimal ki, cihad coğrafiyası dəyişəcək. Bəlkə də artıq qərar verilib, çünki ötən aylarda cihadın Kəşmir və Pakistana daşınması ilə bağlı çağırışlar olmuşdu. Başqa sözlə, hesab edirəm ki, İŞİD-in Suriyada əvvəlki gücünü bərpa etməsi mümkün deyil. Hazırda Əbu Kamal şəhəri uğurunda ağır döyüşlər gedir. İŞİD-in Suriyadakı sonuncu böyük şəhəri də budur. Bu şəhəri də itirdikdən sonra xeyli zəifləyəcək”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları