Yuxarı

Türkiyə dialoq siyasətinə qayıdır

Türkiyə dialoq siyasətinə qayıdır

Xalqı düşmənçiliyə təhrik etməkdə günahlandırılan Türkiyədə müxalifətdə olan Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş barəsində məhkəmə bəraət hökmü verib. 7 iyun 2015-ci il tarixindəki Sancaqtəpədəki seçkiöncəsi mitinqdə etdiyi çıxışa görə həbs edilən kürd əsilli siyasətçinin günahsız olması sübuta yetirilib. Qeyd edək ki, məhkəmə müddətində prokuror Səlahəddin Dəmirtaşı üçün 142 il həbs istəmişdi. İstintaqın gedişatında kürd siyasətçinin azadlığa çıxacağı mümkün görünmürdü. Ona görə də məhkəmənin verdiyi bəraət qərarı ciddi marağa səbəb olub.

Məsələni "Cümhuriyət” qəzetinə şərh edən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Səlahəddin Dəmirtaşın PKK-nın parlamentdəki təmsilçisi olduğunu deyib: "Türkiyədə AKP hakimiyyətinin başlatdığı "kürd açılımı" ilə bu ölkədə kürdlərə yüksək səviyyədə siyasi haqlar tanındı və PKK terror təşkilatı ilə aparılan danışıqlar prosesində atəşkəs elan edildi. Aparılan bu siyasi açılım xüsusilə, PKK ilə atəşkəs razılaşması, gələcək perspektivdə PKK güclənməsinə yol açırdı. Düzdür, terror təşkilatı öz üzvlərini Türkiyənin sərhədlərini tərk etməsi barədə üzərinə öhdəlik götürsə də, müəyyən vaxtdan sonra bəlli oldu ki, nəinki çəkilmə, hətta PKK Qaradəniz regionuna sızaraq, şəhərlərdə özünə silah depoları qurub. PKK Cənubi-Şərqi Türkiyədə terrorçu fəaliyyəti nəticəsində hər hücrədə silah anbarları qurulmuşdu. Bu hərəkətlilik təbii ki, Türkiyə ilə qarşıdurmaya hesablanırdı. 

Qeyd edim ki, kürdləri parlamentdə təmsil edən Xalqların Demokratik Toplum Partiyası və onun iderləri ilə aparılan danışıqlar prosesidə müəyyən anlamda nəticə verməli idi. Sonradan xüsusilə, Qərb tərəfindən PKK-nın yeni təlimatlar alaraq Türkiyə ilə atəşkəsi pozması, yenidən Türk Siyasi Qüvvələrinin anti-terror əməliyyatlarını şərtləndirdi. Demək olar ki, kürd açılımı DTP və PKK tərəfindən fiaskoya uğradı. PKK-nın terrorçu fəaliyyətinin qarşısını almaq üçün Ankaranın Diyarbəkr, Mardin və Hakkaridə fövqəladə vəziyyət elan etməsi, hərbi əməliyyatlar aparması DTP liderlərini, xüsusilə, Səlahəddin Demirtaşın ciddi narahatlığına səbəb olurdu. Dəmirtaş daima Türkiyə dövlətçiliyi əleyhinə çıxışlar edir, PKK-nın terrorçu təşkilat deyil, "xalq hərəkatı” olduğunu deyirdi. Ondan əlavə Türkiyə-Rusiya təyyarə insidentindən sonra Demirtaşın Moskvaya getməsi, Türkiyə əleyhinə fəaliyyəti cavabsız qala bilməzdi. Onun parlamentə buraxılması Türkiyədə siyasi böhranın yaşanmasına gətirib çıxardı”. 

Politoloqun sözlərinə görə, Türkiyə hakimiyyəti daxildəki kürdləri sakitləşdirmək üçün Dəmirtaşı azadlığa buraxır: "Türkiyədə açıq separatçı və terror çağırışlarına yol açdı. Dəmirtaşın təşkil etdiyi mitinqlərdə PKK-nı tərifləməsi, digər çıxışları artıq Türkiyə əleyhinə formalaşırdı. Onun həbsi labüd idi və həyata keçirildi. İndi isə məhkəmənin qərarı ilə azadlığa buraxılmasından, görünür, AKP yenidən kürdlərlə "siyasi dialoq” kursuna qayıdır. Çünki məhkəmə hakimiyyətin razılığı olmadan bunu həbsdən azad edə bilməzdi. Ola bilər ki, Demirtaş həbsdən sonra Türkiyə əleyhinə fəaliyyətinə son qoysun.

PKK-nın üzvü olan birinin bundan sonra Türkiyə üçün çalışması mümkün deyil. Parlamentdə təmsil olunan kürd partiyası daim bölücülüklə məşğul olub. Hesab edirəm ki, Türkiyə hakimiyyəti keçmişdəki siyasi səhvləri etməyəcək və bu şəxsləri parlamentə buraxmayacaq. Hazırda PKK Şimali İraqda və Suriyada ABŞ silahları vasitəsilə güclənir. Türkiyəni qarşıda bu terrorçularla müharibə gözləyir. Hakimiyyət daxildəki kürdləri sakitləşdirmək və idarə etmək üçün müəyyən siyasi islahatlara gedəcək”. 

Vilayət Muxtar






Həftənin ən çox oxunanları