Yuxarı

Müharibə həyəcanı: Qorxulu raketlər, 150 minlik ordu

Müharibə həyəcanı: Qorxulu raketlər, 150 minlik ordu

ABŞ Dövlət Departamenti Polşaya 500 milyon dollar dəyərində silah və sursatın satılması barədə məlumatı təsdiqləyib. Rəsmi Varşava 250 milyon dollar dəyərində "HIMARS” raket-artilleriya yaylım atəşi sistemlərinin və o cümlədən, "hava-hava” tipli raketlərin alınması üçün Vaşinqtona müraciət edib. Polşa bu silahlara olan tələbatını Rusiyadan gözlənilən təcavüz təhlükəsinin qarşısının alınması ilə əsaslandırır. 

Ekspertlər isə hesab edir ki, son illər, yəni Krımın işğalından sonra Şərqi Avropada Rusiya ilə NATO arasında yaşanan qarşıdurma fonunda Polşa müdafiə vasitələrini xeyli təkmilləşdirə bilib. Bununla yanaşı, Polşa ABŞ-dan 16 ədəd "GMLRS M31A1 Unitary” raketi, doqquz ədəd "GMLRS M30A1 Alternative Warhead” raketi və 61 ədəd "ATACMS M57” operativ-taktiki raket kompleksləri və digər ağır silahlar almağa hazırlaşır. "Təklif olunan satış ABŞ-ın xarici siyasət və təhlükəsilik sahəsindəki məqsədlərinin həyata keçirilməsinə kömək edəcək, Avropadakı siyasi sabitliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynamaqda davam edən NATO-dakı müttəfiqimizin təhlükəsizliyinin genişləndirlməsinə kömək edəcək”-Pentaqonun aşıqlamasında belə deyilir. Bəyanatda o da qeyd edilir ki, Polşaya silahların tədarükü bölgədə hərbi balansın dəyişməsinə gətirib çıxartmayacaq. 
Xatırladaq ki, ABŞ noyabr ayının əvvəlində Polşaya 10,5 milyard dollar dəyərində "Patriot” raketdən müdafiə sistemləri də satıb. Polşaya əsas silah tədarükçüsü ABŞ-ın "Lockheed Martin” şirkətidir. Bu məlumatı Polşanın müdafiə naziri Antoni Matsereviç də təsdiqləyib.

"Defence24” nəşrinin yazdığına görə, bu silahlar 300 km məsafədəki hədəfi məhv etməyə qadirdir. Nazir Matsereviş bildirib ki, bu silahları əldə etdikdən sonra heç bir düşmən Polşaya hərbi müdaxilə etməyə cürət etməz. Rusiyanın Strategiyaların və Texnologiyaların Analizi İnstitutunun rəhbəri Konstantin Makienko Varşavanın son addımını şərh edərkən bildirib ki, Polşanın almaq istədiyi raketlər, eləcə də "hava-hava” raketləri çox ciddi silahlardır. Onun sözlərinə görə, Polşa çox fəal şəkildə silahlanır. Polşa silahlı qüvvələrini son vaxtlar sürətlə modernləşdirir. "Təxminən beş il əvvəl onlar hərbi büdcəsini fəal şəkildə artırmağa və müvafiq olaraq, intensiv satınalmalara başladılar”-deyə ekspert bildirib. 

"Nə Baltikyanı ölkələrdə, nə də Ukraynada belə sistemlər hələlik yoxdur. Baltik ölkələrində belə aviasiya mövcud deyil. Ukraynaya isə ABŞ qanadlı silahlar satmır. Belə raket kompleksləri əvvəllər Finlandiyaya satılıb. Bu çox xoşagəlməz haldır. Çünki Sankt-Peterburq atəş nöqtəsində yerləşir.  Hərbi ekspert Andrey Frolovun sözlərinə görə, Polşanın silahlanmasının digər səbəbi Rusiya təhlükəsi ilə bağlıdır. Oktyabr ayının sonunda Polşanın prezidenti Anjey Duda ölkənin müdafiə xərclərinin artırılmasına dair qanun layihəsini təsdiq edib. Sənəd Polşa ordusunun sayının 100 min nəfərdən 150 min nəfərə qədər artırılmasını nəzərdə tutur.

Polşa radiosunun verdiyi məlumata görə, bundan başqa 50 min nəfər heyətə malik "Könüllü milis” adlanan yeni qoşun növü yaradılacaq. Yeni qanuna əsasən Polşanın müdafiə xərcləri 2030-cu ilə qədər ümumdaxili məhsul 2,5-ə qədər artırılmalıdır. NATO-nun nizamnaməsinə görə üzv ölkələrin müdafiə xərcləri ÜDM-un 2 faizindən az olamamalıdır. Hazırda bu öhdəıliyi yalnız ABŞ, Yunanıstan, Polşa və Estoniya yerinə yetirir. 2018-ci ildə Polşada ABŞ-ın yeni raketdən müdafiə sisteminin istifadəyə veriləcəyi gözlənilir. Bu hadisənin Rusiya ilə Polşa arasında hərbi gərginliyi artıracağı gözlənilir. Hətta Polşanın yaxın perspektivdə NATO-nun Şərqi Avropadakı əsas dislokasiya məntəqəsinə çevriləcəyi istisna olunmur. ABŞ-ın RMS-nin fəaliyyətə başlaması Rusiyanın təzyiqlərini nə qədər artırsa da Qərbin və NATO-nun Polşaya hərbi dəstəyinin genişlənməsinə səbəb ola bilər. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları