Yuxarı

Suriya gündəmi: Türkiyə məqam gözləyir

Suriya gündəmi: Türkiyə məqam gözləyir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-nin nəzarətindəki Afrin bölgəsindən Türkiyəyə qarşı hər hansı bir təhdidin olması halında qəflətən bölgəyə girə biləcəklərini söyləyib."Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə XİN rəhbəri Azərbaycanın paytaxtı Bakı şəhərində keçirdiyi mətbuat konfransında bildirib. Nazir Suriyadakı proseslər və Türkiyənin keçirdiyi əməliyyatlar barədə danışıb: 

"Bundan əvvəl - 2016-cı ilin avqust ayının 24-də başlayan və 216 gün davam edən "Fərat Qalxanı” əməliyyatında Kilis və ətraf bölgəyə təhdid gəldiyi zaman heç tərəddüd etmədən o bölgəyə girərək, oranı terror təşkilatı İŞİD-dən azad etdik. Afrin və ya başqa bir bölgədən də Türkiyəyə qarşı təhdid gələrsə, oralara tərəddüdsüz girərik.Yəni, prezidentimiz Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, bir gecə qəflətən gələ bilərik”.

"Afrin dalanı”nadirənmiş Türkiyə

Suriyanın şimalında, Türkiyənin Hatay və Kilis bölgələri ilə sərhədlərində yerləşən Afrin uzun müddətdir Türkiyə Silahlı Qüvvələrinin hədəfindədir.Bölgədə hərbi əməliyyatların keçirilməsi Türkiyənin "Fərat Qalxanı 2 əməliyyatı” adlandırılan planına daxildir.Türkiyənin məqsədi, Afrini muxtariyyət arzusunda olan kürd silahlı birləşmələrinin (YPG terror təşkilatı) nəzarətindən çıxarmaqdır.Rəsmi Ankara Suriya ilə bağlı Qazaxıstanın paytaxtı Astanada gedən danışıqlarda da bu məsələni gündəmə gətirib.Əlbəttə, separatçı kürdlərin muxtariyyət tələbləri Türkiyənin maraqlarına ziddir və üstəgəl, YPG Türkiyəyə qarşı ərazi iddiası irəli sürür. Buna görə də Türkiyə "kürd dəhlizi”nin bir qolu kimi qəbul etdiyi "Minnig” (Menağ) hərbi hava bazası və Təl-Rıfatı alıb Afrindəki kürdləri tərkisilah etməyi planlaşdırır. Hazırda İdlib və Azez bölgələri arasındakı əlaqəni kəsən Afrin YPG-nin nəzarətindədir. 2011-ci ildə - Suriyada müharibənin başlamasından bu günədək Türkiyədən dəstək alan silahlı qruplaşmaların həmlələrinə baxmayaraq, YPG-ni buradan çıxarmaq mümkün olmadı.

Afrin kürdlər üçün Aralıq dənizinə çıxmaq üçün əhəmiyyətli bölgədir.Kürdlər bunun üçün İdlibi də ələ keçirib bu şansdan yararlanmaq fürsətini əldən vermək istəmirlər.Belə bir vəziyyət də Türkiyənin maraqlarına uyğun deyil.ABŞ-ın YPG-ni dəstəkləməsi Türkiyənin Afrinə girmək istəyinə mane olur.Müəyyən zaman aralıqlarında Bəşər Əsəd ordusu və Rusiya da kürdlərə dəstək verib.Çünki Türkiyə Afrini tutacağı halda, İdlibə nəzarəti də ələ keçirə bilər ki, bununla da Ankaranın Suriya - Türkiyə sərhədlərində təhlükəsizlik zolağı qurmaq planı reallaşa bilər.Beləliklə, Türkiyə Cənub sərhədlərinin təhlükəsizliyini tamamilə sığortalamaqla yanaşı, PKK və YPG kimi kürd terror təşkilatlarını zərərsizləşdirə bilər.

"Türkiyə əməliyyatlara başlayacaq”

Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Türkiyə uzun müddətdir Afrindəki kürdlərin, yəni PKK/YPG qüvvələrinin çıxarılmasını istəyir. Ekspert fikrini onunla izah edib ki, Afrinin bir tərəfi Hatay sərhədinədək uzanır və bura Türkiyə üçün həssas nöqtədir:

"Kürdlərin bu bölgədə möhkəmlənib qalması və muxtariyyət əldə etməsi çox risklidir, separatizm təhlükəsini gücləndirir. Buna görə də Türkiyə hansı yolla olursa olsun, kürdlərin Afrindən çıxarılmasını istəyir.Yəni, söhbət silahlı kürd terror təşkilatından gedir.Ancaq hələlik bu mümkün deyil, çünki Pentaqon da kürdləri müdafiə edir.Buna görə də Ankara bir tərəfdən təzyiq etməklə, bir tərəfdən də danışıqlarla Afrin məsələsini həll etməyə çalışır.Gücdən istifadə etmək variantı da var, ancaq çox risklidir.Buna görə də Ankara hələlik təzyiq etməyə çalışır.Ancaq kürdlər muxtariyyət əldə etsələr və Afrin bu muxtariyyətə daxil olsa, o zaman Türkiyənin hərbi əməliyyata başlaması labüd olacaq. Ancaq mən düşünürəm ki, Soçi toplantısında bununla bağlı bir anlaşma var. Geri qayıdarkən, Ərdoğan təyyarədə jurnalistlərə də bunu dedi. Ehtimal ki, İdlib və Afrində yeni əməliyyatlar olacaq, Afrinə nəzarət kürdlərdən alınacaq.Ehtimal ki, Türkiyə müvafiq şəraitin yaranmasını gözləyir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları