Yuxarı

Türkiyənin parçalanması planı

Türkiyənin parçalanması planı

Nəzakət Məmmədova: "Ankaranın son zamanlar Rusiya və İsraillə yaxınlaşması, Əsədə qarşı mülayim mövqedən yanaşması Qərbi qane etmir”

Türkiyə ilə Qərb arasında siyasi böhran dərinləşir. Müşahidələr göstərir ki, son proseslər Türkiyənin xeyrinə deyil. Qərbin apardığı siyasət Türkiyəni parçalamaq və nüfuzunu zədələməyə hesablanıb. Politoloq Nəzakət Məmmədova "Cümhuriyət” qəzetinə şərhində deyib ki, Qərb Türkiyəyə qarşı tarixən qərəzli mövqedən çıxış edib. N.Məmmədovanın sözlərinə görə, hazırda baş verən proseslər Türkiyənin xarici siyasətinə qarşı bəzi beynəlxalq güclərin xəbərdarlığıdır. Bu, ilk növbədə 1923-cü ildə Türkiyəyə cızılmış sərhədlərin və nüfuz dairəsinin Ərdoğan tərəfindən yenidən dəyişdirilməsinə qarşı etirazdır:

"1916-cı ildə Böyük Britaniya, Fransa, Rusiya və İtaliya arasında gizli "Sayks-Piko” razılaşması imzalanıb. Müqavilə Birinci Dünya müharibəsindən sonra Yaxın Şərqdəki nüfuz dairəsini müəyyən edib. Bu razılaşmalar Osmanlı imperiyasının süquta uğraması ərəfəsində böyük dövlətlər arasında uzun danışıqlar, ziddiyyətlərin uzlaşdırılması, konfranslar, sövdələşmələr, münaqişələr nəticəsində əldə edilib. Yaxın Şərqin 100 il əvvəl cızılan hazırkı sərhədləri etnik, dini, tayfa, dil amilləri nəzərə alınmadan çəkilib. Hal-hazırda "Sayks-Piko” razılaşmasını darmadağın etməkdə iki qüvvə aparıcı rol oynayir - İŞİD və kürd silahlıları. Doğrudur, kürd peşmərgələri Qərbin İŞİD-lə mübarizədə ən yaxın müttəfiqidirlər. Lakin həm onların, həm İŞİD-in Yaxın Şərqin xəritəsini yenidən dəyişdirmək istəməsi şübhəsizdir. İraq kürdlərinin lideri Məsud Bərzani BBC-yə müsahibəsində bəyan etmişdi ki, onlar mərkəzi İraq hökuməti ilə ciddi danışıqlara başlamaq, əgər bu, nəticə verməzsə, o zaman müstəqillik barədə referendum keçirmək niyyətindədirlər. Bərzani "Kürdüstan”ın dənizə çıxışının olmadığını, Suriya, Türkiyə, İran və İraq tərəfindən müstəqillik cəhdlərinin daim təzyiqlərə məruz qalacağını vurğulamışdı. Lakin Qərb onların İraqın tərkibində muxtariyyət statusu ilə qalmasında təkid edir”. 

N.Məmmədova qeyd edib ki, "Sayks-Piko” razılaşması Osmanlılara qarşı ərəblərin üsyan qaldırması müqabilində ingilislər tərəfindən verilmiş azadlıq vədinin yerinə yetirilmədiyini göstərdi:

"Bu, habelə prezident Vilsonun "Osmanlı əsarəti”ndən azad olmuş xalqlara özmüqəddəratını təyinetmə hüququnun verilmədiyini sübut etdi. Türkiyənin hazırkı hakimiyyəti bu vəziyyətdə Osmanlı imperiyasının tərkibinə daxil olmuş ərazilərdə Türkiyənin nüfuz dairəsini yenidən bərpa etməyə çalışır. Lakin daxili problemlər onun fəal ekspansionist xarici siyasət aparmasına mane olmaqdadır. Türkiyədə bəzilərinin terror, bəzilərinin dövlət çevrilişi olaq səciyyələndirdiyi hadisələr hərbçilərlə ölkənin siyasi rəhbərliyi arasında ənənəvi olaraq mövcud olan ziddiyyətin tam aradan qalxmadığını göstərdi. Bu hadisələr Osmanlıdan bəri türk dövlətçiliyinin, siyasi mədəniyyətinin ayrılmaz bir hissəsinə çevrilmiş olan hərbi çevriliş, qiyam fenomenlərinin XXI əsrdə də davam etdiyini bir daha göstərdi. Türkiyə respublikası 1923-cü ildə Böyük Atatürk tərəfindən yaradıldıqdan sonra bu, beşinci dövlət çevrilişi hadisəsidir. Lakin Osmanlı dövlətinin yarandığı 1299-cu ildən çoxlu sayda hərbçi qiyamları, üsyanları baş verib. Osmanlı dövləti öz sərhədlərini genişləndirmək üçün daima hərbçilərə (yeniçərilər, sipahilər) istinad edib, hərbçilər də dövlət idarəçiliyində daima əsas söz sahibi kimi çıxış ediblər. Dövlətin siyasi elitasındakı şəxslər, hakimiyyətə gəlməyə çalışan şahzadələr öz mövqelərini gücləndirmək üçün ilk növbədə yeniçəriləri və sipahiləri öz tərəflərinə çəkməyə çalışmışlar. Bu qüvvələr kimin tərəfində olardılarsa, onun hakimiyyətə gəlmək imkanları o qədər çox olurdu. Yeniçərilər imperiyada sabitliyin əsas dayağı, dövlətin sərhədlərinin genişlənməsinin və güclənməsinin başlıca vasitəsi olmaqla yanaşı, həm də onun zəifləməsinin və daxili təlatümlərin, siyasi çaxnaşmaların başlıca səbəbkarı idilər”. 

Politoloqun sözlərinə görə, hərbçilər hər zaman dövlətçiliyin təminatçısı kimi çıxış edib:

"İlk növbədə onlar hazırda olduğu kimi hakimiyyət uğrunda mübarizənin əsas hərəkətverici qüvvəsi idilər. Heç kim, hətta Osmanlı sultanlarının özləri belə onlara qarşı dura bilmirdilər. Məsələn, gənc sultan II Osman öz xarici səfərində yeniçərilərdən narazı qaldığı üçün onları buraxmaq, yerinə türkəsilli əsgərlər toplamaq niyyətində idi. Bu məlumatı alan yeniçərilər qiyam qaldıraraq onu edam ediblər. Sonradan Türkiyə respublikası elan edilərkən bu ənənəni əsas götürən Atatürk hərbçilərin siyasi həyatdakı üstün mövqeyini qoruyub saxladı. Onlar siyasi hakimiyyətin Türkiyənin dövlətçiliyinə zidd olan hər hansı bir addımından, idarəçilik üslubundan narazı qaldıqları təqdirdə silahlı çevriliş vasitəsilə hökuməti iqtidardan uzaqlaşdıra bilərdilər. Atatürk bir çox məsələlərdə Osmanlı irsindən imtina etsə də, hərbçilərin dövlətçiliyin zəmanətçisi olması ənənəsini Türkiyə cümhuriyyətinə ötürməyə müfəffəq oldu. Odur ki, 1923-cü ildən sonrakı dövrdə də Türkiyədə hərbçilər sekulyarizm, dünyəvilik və demokratiyanın əsas təminatçısı qismində çıxış etdi. Türkiyədə hərbçilərin qərbpərəst və dünyəvi düşüncəli insanlar olması sirr deyil. Onlar dövlət çevrilişinə cəhd edərkən bir qayda olaraq bu ölkədə Qərbin maraqlarının tapdanmasının qarşısını almaq məqsədi güdürdülər. Məsələn, 1960-cı ildə baş nazir Adnan Menderes SSRİ-yə planlaşdırdığı rəsmi səfərdən bir neçə gün qabaq edam edildi. Yaxın Şərqdə baş verən hazırkı proseslər fonunda prezident Ərdoğanın Türkiyənin milli maraqlarından çıxış etməsi ABŞ və Qərbi Avropa dövlətlərini qane etmədiyi üçün onlar hərbçiləri çevrilişə vadar etdilər”. 

N.Məmmədova hesab edir ki, Türkiyə hakimiyyətinin son zamanlar Rusiya və İsraillə yaxınlaşması, PKK-ya qarşı əməliyyatlar aparması, Əsəd rejiminə qarşı əvvəlkinə nisbətən daha mülayim mövqedən yanaşması Qərbi qane etmir:

"Onlar Osmanlının süqutundan sonra Yaxın Şərqi necə bölmüşdülərsə, indi də Suriyanı Türkiyəsiz bölmək istəyirlər. Türkiyənin fəal oyunçu olması onları qane etmir. Lakin onların doğrudan da dövlət çevrilişi etmək istəməsi sual altındadır. Belə ki, bu işə daha çox qüvvə və vasitə cəlb edilməli olduğu halda daha az qüvvənin olması fikrimizcə, xəbərdarlıq səciyyəlidir. Eyni zamanda, AKP iqtidarının diqqətini və resurslarını xarici siyasətdən daha çox daxili düşmənlərlə mübarizəyə yönəltmək istəyirlər. 2016-cı ilin may ayında Türkiyə və BMT tərəfindən İstanbulda təşkil edilmiş Beynəlxalq humanitar forumda Avropa ölkələrindən yalnız Almaniyanın iştirakı bunu bir daha sübut edir. Almaniya I Dünya müharibəsindən məğlub çıxan dövlət olaraq o dövrkü dünya nizamının formalaşmasında iştirak etmədiyi və Yaxın Şərqdə nüfuz dairəsi əldə etmədiyi üçün bu gün də o mübarizələrdən müəyyən qədər uzaqdır və Türkiyəyə qarşı ABŞ, İngiltərə və Fransadan fərqli olaraq radikal mövqe tutmur. Eyni zamanda, miqrant axını məsələsində Türkiyənin yaxın dəstəyini hiss etməkdədir”.

QEYD: "Sayks-Piko” razılaşması 1916-cı il mayın 16-da Böyük Britaniya və Fransa arasında bağlanıb. Sonradan Fransa və Rusiya da Antanta üzvü olan qalib dövlətlər kimi sazişə qoşulublar. Müqavilə Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının ərazilərinin böyük dövlətlər arasında bölünməsini təsbit edirdi. Müqavilə Bosfor və Dardanel boğazlarının Rusiyaya verilməsini, Ərəbistanda müstəqil dövlət yaradılmasını nəzərdə tuturdu. Britaniya müasir İordaniya, İraq, Xayfa şəhərlərinin ətrafını, Fransa şərqi Anadolunu, Şimali İraq, Suriya və Livanı, Rusiya isə İstanbul, "Şimali Kürdüstan” və "Qərbi Ermənistan” adlandırdıqları Türkiyənin ermənilərin iddia etdiyi 6 vilayətini - Van, Ərzurum, Elazığ, Bitlis, Diyarbəkir və Sivası əldə edirdi.






Həftənin ən çox oxunanları