Yuxarı

Türkiyəyə qarşı "Osmanlı ssenarisi”

Türkiyəyə qarşı

Məhəmməd Əsədullazadə: "AKP hakimiyyətinin müstəqil siyasəti, regional oyunçuya çevrilməsi ABŞ-ı çox ciddi şəkildə narahat edir”

Son günlər Amerika Birləşmiş Ştatları və Türkiyə arasında siyasi qarşıdurma pik həddə çatıb. Cənubi Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabın ABŞ məhkəməsinə verdiyi ifadədə Türkiyədə siyasi nüfuza malik şəxslərə rüşvət verdiyini açıqlaması siyasi skandala səbəb olub. Türkiyə tərəfi Zərrab olayını ABŞ-ın Türkiyəyə qarşı yeni planı olduğunu bildirir.Bundan öncə də ABŞ-ın PYD/PKK və Suriyada fəaliyyət göstərən digər terrorçu qruplara silah və maliyyə yardımı etməsi Türkiyə tərəfindən ciddi narazılıqla qarşılanmışdı.Və bunların Türkiyəyə qarşı yönəldiyi iddia olunurdu.

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrıda Ədalət və İnkişaf Partiyasının yerli təşkilatının konfransında çıxışı zamanı deyib: "Baş əymədiyimiz üçün ABŞ bizi mühakimə etməyə, etibarsızlaşdırılmağa çalışır. ABŞ məhkəmə və terror təşkilatlarının vasitəsilə Türkiyəni çökdürməyi planlaşdırır”.Maraqlıdır ki, Türkiyədə ötən əsrin əvvəllərində baş verənlərə oxşar proseslər gedir.Maraqlıdır, proseslər hansı yöndə inkişaf edəcək?ABŞ-Türkiyə qarşıdurması nə ilə nəticələnəcək?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində deyib ki, problemin həlli üçün Türkiyə ABŞ-la dialoqa getməlidir:

"Türkiyə ilə ABŞ arasında siyasi gərginlik yüksələn xəttlə davam edir. Görünən odur ki, Baş nazir Binəli Yıldırımın ABŞ səfəri və prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla telefon danışıqları heç bir müsbət nəticə verməyib.AKP hakimiyyətinin müstəqil siyasəti, regional oyunçuya çevrilməsi ABŞ-ı çox ciddi şəkildə narahat edir.Suriya böhranı başladıqdan sonra ABŞ-ın şimali Suriyada kürd terrorçularını silahlandırması, iki ölkə arasında siyasi qarşıdurmanı gücləndirdi.Tək YPG məsələsi deyil, FETÖ terror təşkilatının ABŞ tərəfindən idarə ediməsi, bu təşkilatın rəhbəri Fətullah Gülənin təhvil verilməməsi də iki ölkə arasında qalmaqalı böyütdü.

Son Rza Zərrab olayı da siyasi sifarişdı.Məqsəd Türkiyə hakimiyyətinə qarşı təzyiqləri gücləndirməkdir.Hesab edirəm ki, prezident Ərdoğanın son açıqlaması çox ciddi və narahatedicidir. Görünür ABŞ tərəfindən Türkiyə hakimiyyətinə qarşı son dərəcə gizli plan həyata keçirilir və bu plan da Türkiyənin zəiflədilməsinə hesablanıb. Suriya böhranı üzrə Türkiyə, Rusiya və İranın koordinasiyalı fəaliyyəti, Ankara ilə Moskva arasında sıxlaşan siyasi-iqtisadi əlaqələr və S/400 raket batareyasının Türkiyəyə verilməsi ABŞ tərəfindən çox ciddi şəkildə narahatlıq kimi ifadə edildi. Bundan çəkinmək barədə Türkiyəyə xəbərdarlıq da olundu.Hazırda bu iki ölkə arasında proseslərin gərginləşəcəyi, siyasi qarşıdurma cəhdinin davam edəcəyi gözlənilir.Rza Zərrabın Türkiyə barədə istintaqa verdiyi ifadələr birbaşa Rəcəb Tayyib Ərdoğana qarşı çevriləcək.Proseslər Türkiyənin bu ölkədən uzaqlaşmasına səbəb olacaq.Baş verənlər Osmanlı dövrünü xatırladır.Təbii ki, Türkiyə hakimiyyəti də hər hansı problemdən çəkinmək üçün müəyyən siyasi addımlar atmalı, ABŞ-la ortaq məxrəcə gəlməlidir.Ankara Rusiya ilə yaxınlaşma siyasətini davam etdirdikcə, ABŞ-la qarşıdurmanı dərinləşdirəcək”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları