Yuxarı

Putinə sürpriz rəqib

Putinə sürpriz rəqib

Rusiya və dünyanın maraqla gözlədiyi qərar açıqlandı. Prezident Vladimir Putin 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkilərində iştirak edəcək.Putinin namizədliyi hakim Vahid Rusiya Partiyası tərəfindən irəli sürülüb.Artıq seçkilərlə bağlı federasiyada anket-sorğular keçirilməyə başlayıb. Rusiya İctimaiyyəti Təşkilatının (RİT) keçirdiyi son sorğuda Putin marafonda ona rəqib ola biləcək namizədləri xeyli geridə qoyur. Ruslar Putinin öz kreslosunu qoruyub saxlayacağına inanırlar və Rusiya cəmiyyətinin 68%-i ona səs verməyi düşünür. Prezidenti 7% səslə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski, 4% səslə Kommunist Partiyasının lideri Gennadi Zyuqanov izləyir. 

Putin qollarını çırmaladı

Artıq Putin qarşısına çıxa biləcək digər namizədləri sıradan çıxarmaq üçün qollarını çırmalayıb.Hökumətin QHT-lər və ölkənin nüfuzlu siyasi institutları, ekspertlər və politoloqları ilə keçirilən gizli görüşündə mövcud siyasi sistemin saxlanılması və Putinin seçkilərdən qalib çıxarılması məsələsinin müzakirə edildiyi bildirilir.Amerikalı mənbələrə görə prezident seçkilərdə ən yüksək səs faizini əldə etmək niyyətindədir. Ehtimal edilir ki, cəmiyyət arasında yüksək nüfuzları olan Zyuqanov və Jirinovskinin yaşlı olmalarına görə Kreml müxalifət daxilində Putinin "dişinə görə” olan rəqiblərin olmadığını düşünür. Buna görə də Kreml Putinin qarşısına iddialı görünəcək, lakin prezidentə təhlükəli olmayacaq namizəd axtarışına çıxıb.Yəni, Putin özünə "ciddi rəqib”i özü hazırlayır.

Navalnı qarşısında çəkilən sədd

Putinin əsas rəqibi sayılacaq Sergey Navalnının prosesdən uzaqlaşdırılması və iştirakına əngəl edilməsi də göstərir ki, Kreml öz namizədinə rəqib sayılacaq şəxsləri bu başdan sıradan çıxarmaqda maraqlıdır. Navalnı isə bu əngəlləri aşmaq üçün hərəkətə keçib, onun Putinin qarşısında çəkdiyi "hündür səddi” necə keçəcəyini demək mümkün olmasa da, Navalnı prezidentliyə namizədliyi qeydə alınmayacağı halda, seçkilərin nəticələrini tanımayacağını açıqlayıb. Navalnı tərəfdarlarını onun namizədliyini dəstəkləməyə səsləyib.

Qeyd edək ki, Putinin əsas rəqibi sayılan Navalnı 18 mart seçkiləri uğrunda kampaniya aparır, ancaq Mərkəzi Seçki Komissiyası dəfələrlə bildirib ki, maliyyə ittihamlarına görə namizəd ola bilməz. Navalnı ittihamları siyasi motivli adlandırıb.

Qərbin hazırladığı sürpriz namizəd

Politoloq Elşən Manafov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, seçkilərdə Putinə əsas rəqiblərin mövcud müxalifət nümayəndələrinin olacaqları birmənalıdır. Politoloq artıq bir sıra namizədlərin məlum olduğunu deyib:

"Artıq Kommunist Partiyası Gennadi Zyuqanovun seçkilərdə iştirak edəcəyini açıqlayıb. Dövlət Dumasında partiyaları ilə təmsil olunan Jirinovski, Mironov və digəriləri də bu seçkilərə qatılacaqlar.Sergey Navalnının bu seçkilərdə Putinin əsas rəqibi olacağı istisna edilir. Hələlik prosesdə Putinin ciddi rəqibinin kim olacağına dair məsələ məlum deyil, rusiyalı siyasətçilər hələlik bununla bağlı istiqaməti müəyyən etməyiblər. Mümkündür ki, Qərb tərəfindən maliyyə və siyasi dəstək alan şəxs Putinə ciddi rəqib olsun. "Yukos”un keçmiş başçısı və Putin tərəfindən həbs edilmiş şəxsin də ona rəqib olması istisna deyil. O, Qərbdə mühacir həyatı yaşayan və Putinə opponent olduğunu gizlətməyən şəxs də ola bilər. Onun Kasparov olduğunu da istisna etmirəm.Real namizədlər arasında keçmiş baş nazir Kasyanovun da adı çəkilir.Kasyanov indiki iqtidarın əsas opponentlərindən biridir.Onun Rusiya ilə bağlı siyasi fikirləri Qərb institutları tərəfindən dəstəklənir.Kasyanovla yanaşı, "Yabloka”nın lideri Yavlinskinin bu seçkilərdə Putinə rəqib olacağı məsələsi üzərində də düşünmək olar”.

Elşən Manafov hesab edir ki, Vladimir Putinin özü də özünə opponent ola biləcək şəxsi də müəyyən edə bilər:

"Bu, Medvedyev, yaxud Medvedyevin funksiyalarını yerinə yetirə biləcək və hakimiyyətdə təmsil olunan digər şəxslərdən biri ola bilər. Nəzərə alsaq ki, Roqozinin Rusiyanın hərbi sənaye kompleksində ciddi nüfuzu var, onun Raqozin, yaxud İvanov ola biləcəyi haqda ehtimallar da var. Bu şəxslərdən birinin Putinin razılığı ilə seçkilərə qatılacağını istisna etmirəm. Amma bu seçkilərdə Qərb institutları Putinə qarşı Kasyanovu dəstəkləyə bilərlər. Hələlik Kasyanova alternativ ola biləcək digər namizədi görmürəm. Hər halda seçkilərə xeyli vaxt qalır və bu vaxt ərzində sürprizlərin olacağı gözləniləndir”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları