Yuxarı

Qüds də müsəlmanları birləşdirmədi

Qüds də müsəlmanları birləşdirmədi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması bir sıra  ölkələrdə ciddi narazılıqla qarşılandı. Xüsusilə, müsəlman dövlətləri ABŞ prezidentinin qərarından narazıdırlar. Lakin digər məsələlərdə olduğu kimi Qüds məsələsində də islam dünyası vahid mövqedən çıxış edə bilmir. Hətta ABŞ-ın qərarına loyal yanaşan dövlətlər də var. Türkiyə mediasının məlumatına görə, Səuddiyyə Ərəbistanı ABŞ prezidentinin Qüdslə bağlı qərarının mətbuatda müzakirəsinə qadağa qoyub.  Hesab edilir ki, ərəb şeyxləri xalqın etiraz aksiyalarına başlayacağından ehtiyat edir.

Məsələ ilə bağlı "Cümhuriyət” qəzetinə açıqlama verən politoloq Nəzakət Məmmədova hesab edir ki, Qüds məsələsinə münasibət bildirən ölkənin mövqeyi ABŞ-la olan əlaqələrindən asılıdır: 

"Qüds məsələsinə ərəb ölkələrinin münasibəti istənilən səviyyədə deyil. Ancaq  ayrı-ayrı ərəb ölkələrindən, həm də Ərəb Dovlətləri Liqasından müəyyən bəyanatlar verildi. Ərəb Dövlətləri Liqası dekabrın 9-da Qahirədə keçirdiyi fövqəladə toplantıda dünya ictimaiyyətini Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı. Eyni zamanda, Fələstinin suverenliyini tanıma çağırışı da edildi. Liqanın baş katibi Əbul Qeyt Trampın qərarının ABŞ-ın Yaxın Şərq sülh prosesindəki obyektiv rolunu şübhə altına qoyduğunu bildirib. Səudiyyə Ərəbistanı da bu toplantı zamanı ABŞ-ı öz qərarına yenidən baxmağa çağırdı. Livan isə ABŞ-a qarşı sanksiyalar tətbiq edilməsi məsələsini gündəmə gətirdi. Lakin ən sərt münasibət Türkiyədən gəldi. Ərdoğan İsraili terrorçu dövlət adlandırmaqdan belə çəkinmədi. Gördüyümüz kimi, hər bir müsəlman ölkəsinin bu məsələyə mövqeyi onun ABŞ və İsraillə ikitərəfli münasibətindən asılı oldu. Bu ölkələrlə yaxşı münasibəti olan dövlətlər ABŞ və İsraillə əlaqələrinə xələl gətirməmək üçün bir o qədər də sərt reaksiya vermədilər”.

Politoloq hesab edir ki, hazırda ABŞ-la münasibəti gərgin olan Türkiyə öz mövqeyini daha sərt və cəsarətlə bildirdi: 

"Ərdoğan Davosda İsrailə olan mövqeyini dəyişməsini göstərdi. Ümumiyyətlə, İslam aləmini üç ayrı sivilizasiyaya bölmək olar: Ərəb, türk və fars. Onların hər biri də islam ölkələrinin problemlərinə fərqli prizmadan yanaşır. Ərəb ölkələrinin öz aralarında məsələyə münasibətdə fikir ayrılığı var. Eləcə də, dediyimiz kimi islam ölkələrinin münasibəti  də  eyni olmadı. ABŞ və İsraillə yaxşı münasibəti olan islam ölkələri və gərgin münasibətləri olan ölkələr milli maraqlarından çıxış etdilər. Bu, ilk belə hal deyil. 1979-cu ildə Misir ABŞ-ın vasitəçiliyi ilə İsraillə Kemp-Devid razılaşmasını imzalayanda Ərəb Dövlətləri Liqası bunu sərt tənqid etmiş, Misir Liqadan çıxarılmış, təşkilatın iqamətgahı Qahirədən Ciddəyə köçürülmuşdu. Hətta Sədat buna görə cəzalandırılmış, sui-qəsd nəticəsində öldürülmüşdü. Bu gün isə islam dünyasında o həmrəylik daha zəifdir. Artıq bir çox müsəlman ölkələri ABŞ və İsraillə yaxın münasibətlər qurub, nəinki digər müsəlman ölkələri ilə. Lakin İslam dünyasının lideri olmağa iddialı olan ölkələrdən biri kimi Türkiyənin şansı daha çoxdur. Həm də, islam dünyasının ən əsas problemlərindən biri Qüds məsələsidir. Fələstinlilər Davosdakı çıxışından sonra Ərdoğanı lider kimi qəbul edirlər. Bunu öz çıxışlarında Həmas lideri İsmayıl Haniyə də bildirib. Qüds məsələsi  islam aləmində mövcud parçalanmaları  göstərdi. Eyni zamanda  Türkiyənin timsalında islam dünyasının gələcək liderini də üzə çıxarmış oldu”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları