Yuxarı

Müharibə hazırlığı: İrana 5 min raket satılacaq

Müharibə hazırlığı: İrana 5 min raket satılacaq

Rusiya İordaniyada hərbi hava bazası yarada bilər. Belə bir açıqlama ilə Livanın "Əd-Diyar" qəzeti çıxış edib. Mənbə qeyd edir ki, prezident Donald Tramp Səudiyyə Ərəbistanını və vəliəhd Məhəmməd bin Salmanı üstün tutaraq, İordaniya ilə əlaqələri görməməyə başladıqdan sonra ABŞ-la ərəb ölkələri arasındakı münasibətlər iki amildən asılı vəziyyətə düşüb. Birincisi, Amerika prezidenti, onun kürəkəni və Məhəmməd bin Salmanla münasibətlərin səviyyəsindən. Digər tərəfdən, İordaniya ABŞ və Səudiyyə Ərəbistanının mövqeyini əsas götürür. Bu, xüsusilə, sonuncunun maliyyə yardımlarını da məhdudlaşdırması fonunda baş verir. "Tramp administrasiyası İordaniya ordusuna 750 milyon dollar ayıraraq, bu məbləği 1,5 milyard dollara çatdırmağı vəd etsə də vədini yerinə yetirmədi və onu hazırkı həcmində saxladı. 

İordaniya kralı II Abdulla İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Krallığının vəliəhdi Məhəmməd bin Salman və Tramp administrasiyası ilə, xüsusilə də Ağ Evdə böyük təsirə malik olan kürəkəni Kuşnerlə ittifaqın onun ölkəsi üçün təhlükəli şərait yaratdığını anlayır. Ona görə də İordaniya kralı Suriyaya səfər etmək və Rusiya prezidenti Vladimir Putinlə görüşmək, öz növbəsində onu ölkəsinə dəvət etmək istəyir.Bu , İordaniyanın  Moskvanın tələbini təmin edərək Əl-Mafrak əyalətində  Rusiya təyyarələri üçün hərbi hava bazasının yaradılmasına razılıq verməsi ilə nəticələnəcək. Ölkənin həmin bölgəsində ərazisi xeyli kiçik olan Hmeymdən fərqli olaraq, Rusiya hərbi-hava bazasının yerləşdirilməsi üçün geniş ərazilər var. Bu hərbi bazanı quracağı təqdirdə, Rusiya Əl-Mafrak vasitəsilə İraq, Suriya və İsraillə sərhəddə, o cümlədən, Qırmızı dənizin sahilində mövqeyini möhkəmlədə bilər. Rusiyanın Əl-Mafrakdan havaya qalxan hərbi  ən müasir "Su-35” qırıcıları  yüksəklikdə uçmaqla 10 dəqiqə ərzində Fars Körfəzinə çatmaq imkanı əldə edəcək.  Əgər İordaniya öz ərazisində Rusiya hərbi-hava bazasının təşkilinə razılıq versə, Moskva bu ölkədəki hakim rejimin istənilən xarici müdaxilədən, hətta İsraildən müdafiəsini öz üzərinə götürə bilər. Bu həmçinin, Səudiyyə Ərəbistanı tərəfindən İordaniyaya qarşı atıla biləcək hər hansı addımın qarşısını almaqla yanaşı, ABŞ-Səudiyyə və  Rusiya-İordaniya ittifaqları arasında balansın formalaşmasını təmin edəcək.

Bundan başqa, Rusiya il ərzində krallığa bir milyard dollarlıq icarəhaqqı ödəyəcək. Rusiyanın qabaqcıl əkinçilik müəssisələrinə tələbatının ödənilməsi üçün İordaniyada kənd təsərrüfatının əhəmiyyətli hissəsinə sərmayə qoyulacaq. Bu, İordaniya iqtisadiyyatının vacib sahələrindəndir və ildə iki milyard dollar gəlir gətirir. Kənd təsərrüfatı məhsulları əsasən Fars Körfəzi ölkələrinə ixrac olunur. Əgər Səudiyyə Ərəbistanı, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və Küveyt tərəvəz və kənd təsərrüfatı məhsullarının öz ölkəsinə idxalının qarşısını almaq üçün nəqliyyat məntəqələrini bağlasa, Rusiya anti-Səudiyyə mövqeyinə keçməklə buna "S-400” zenit-raket komplekslərinin Ər-Riyada satışını dayandırmaqla cavab verəcək.

Əlavə olaraq, Rusiya İranı ballistik raketlərlə təmin edə bilər. Çünki Rusiya ilə ABŞ-ın münasibətləri "soyuq müharibə” dövrünə qayıdır. Rusiya ərazisində artıq istifadə olunmayan yüzlərlə ballistik raket mövcuddur. Hazırda hər biri üç ayda eyni sayda olmaqla 7 il ərzində 5 min ballistik raketin istehsalı proqramı üzərində iş aparılır. Həmin raketlər İrana verilə bilər. ABŞ isə bu proqramın qarşısını ala bilmir. İranın sərəncamında beş min ballistik raketin olması körfəz ölkələri və Amerikann Səudiyyə Ərəbistanında, BƏƏ-də, Küveytdə və Qətərdəki hərbi bazaları üçün ən böyük təhlükə olacaq. ABŞ sanksiyalarının tətbiqinə dair mövqeyini sərtləşdirmək üçün Moskva İranı ilk dəfə "S-600” raketləri ilə təmin edə bilər. Hazırda bu sistemlər İrandan başqa heç bir ölkəyə tədarük edilmir. Adıçəkilən müdafiə sistemlərinin alınması ABŞ-ın raket və havadan zərbə imkanlarının İran tərəfindən sıradan çıxarılmasına kömək etmiş olar.

Qeyd edək ki, Rusiyanın Suriya ərazisindəki Tartus limanında və Hmeymdə iki hərbi-hava bazası yerləşir. 2017-ci ilin dekabr ayında prezident Vladimir Putinin Qahirəyə səfəri zamanı Misirin Aralıq dənizi sahilində yerləşən "Sidi-Barrani” hərbi hava bazasının Rusiya tərəfindən yenidən qurulması və istifadəsinə dair razılaşma əldə olunub.

Beləliklə, Rusiya Aralıq dənizi sahilində ABŞ-ın raketdən müdafiə sistemlərinə qarşı strateji mövqelər qazanıb. Əgər İordaniyadakı "Əl-Mafrak” bazasının da istismarına nail olunsa, Rusiya ərəb coğrafiyasındakı itirdiyi mövqeləri nəinki bərpa edə bilər, hətta geostrateji mövqeyinə görə ABŞ-ın əsas rəqibinə çevrilmək imkanına yiyələnəcək. Rusiyanın "Sidi-Barrani” HHB-dan istifadəsi Liviyaya müdaxilə edəcəyini və yaxın perspektivdə bu ölkədə öz hərbi bazasını qurmağa çalışacağını istisna olunmur. Bu da adıçəkilən hərbi bazanın Liviyada ilə həmsərhəd ərazidə yerləşməsi ilə bağlıdır.  Livan mediasının açıqlamasından göründüyü kimi, Rusiya hazırda Fars Körfəzinə asan çıxış əldə etmək istəyir ki, bu da həmin bölgədə Vaşinqton və Moskva arasındakı geosiyasi ziddiyyətlərin artacağından xəbər verir. Çünki İordaniyada ABŞ-ın 7000 nəfərlik hərbçi də daxil olmaqla hərbi-hava bazası var. Bir ölkədə həm ABŞ-ın, həm də Rusiyanın hərbi bazasının olması rəsmi Əmmanın xarici siyasətində balansın dəyişməsinə səbəb ola bilər. Ona görə də kral II Abdullaya qarşı xüsusilə, Qərbin və onların bəzi ərəb müttəfiqlərinin təzyiqlərinin güclənəcəyi gözləniləndir.

Ancaq Rusiyanın qeyd edilən üstünlüyə malik olması paralel olaraq, İranın da xeyrinə işləyən amil hesab oluna bilər.Çünki Rusiyanın Yaxın Şərqdə, o cümlədən, Fars Körfəzi regionunda möhkəmlənən siyasi çətiri altına sığınmaq İran üçün daha təhlükəsiz şərait yaradır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları