Yuxarı

Müharibə riski: Pentaqon Ankaranı inandıra bilmədi

Müharibə riski: Pentaqon Ankaranı inandıra bilmədi

"ABŞ Suriyadakı yerli birləşmələrlə hazırlığı dayandırmır, ancaq söhbət yeni ordunun yaradılmasından getmir”. 

Cebhe.info xəbər verir ki, bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinin saytında yer alıb. 

Məlumatda bildirilir ki, Suriyada yerli təhlükəsizlk qüvvələrinin hazırlığı davam etdiriləcək: "Bu hazırlıq dağıdılmış qəsəbələrə qayıdan sakinlərin təhlükəsizliyinin təmini, həmçinin terrorçu İŞİD-in həmin bölgələrə qayıdışının qarşısını almaq üçündür. Bu, ordu və ya sərhədlərin qorunması üçün güc deyil". Pentaqon həmçinin, bu məsələ ilə bağlı Türkiyənin narahatlığını anladığını vurğulayıb: "Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı başadüşüləndir. Biz Suriya məsələsi və İŞİD-lə mübarizədə Türkiyə ilə açıq olmağa davam edəcəyik. Terrorizmlə mübarizədə NATO müttəfiqimizi dəstəkləyirik".

Qeyd edilən açıqlama ABŞ-ın Suriyanın şimalında tərkibinə YPG terror təşkilatının üzvlərinin də daxil olduğu 30 min nəfərlik sərhəd-mühafizə qüvvələrinin yaradılması planından imtina etməsi kimi şərh olunub. Lakin Türkiyənin baş naziri Binəli Yıldırımın son bəyanatı rəsmi Ankaranın mövqeyindəki narahatlığın Vaşinqtonda səslənən fikirlərdən sonra aradan qalxmadığını göstərir. Binəli Yıldrım bildirb ki, İŞİD-dən təmizlənən əraziləri başqa bir terror təşkilatı ilə dolduran ABŞ-ın Suriyadakı fəaliyyəti NATO-dakı müttəfiqi Türkiyə ilə müttəfiqlik hüququna təsir göstərir. Birləşmiş Ştatlar bölgənin gələcəyi ilə bağlı beyinləri dumanlandıran davranışını sülhə, Türkiyə ilə hüquqi münasibətləri düzəltməyə yönəltməlidir. Baş nazir YPG-nin də sıralarına daxil olduğu sərhəd-mühafizə qoşunlarının yaradılmayacağı barədə Amerikadan gələn və bir-birini təkzib edən məlumatlara inanmadıqlarını, Türkiyənin cənubunda terror ordusunun qurulmasına imkan verməyəcəklərini söyləyib. 

Binəli Yıldırımın fikirləri rəsmi Ankaranın PYD/YPG terror qruplaşmasına qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindən xəbər verir. Yəni, bu mərhələdə ABŞ-la əldə olunacaq hər hansı anlaşma belə Ərdoğan iqtidarını Afrin, Menbiç, Raqqa Kobani və digər həmsərhəd ərazilərdəki PKK terrorçuları üzərinə hazırlanan hərbi əməliyyatdan vaz keçməyə məcbur edə bilməz. 

Türkiyə silahlı qüvvələrinin yaxın günlərdə Afrin bölgəsini YPG-dən azad etmək üçün hücuma başlayacağı, əməliyyatın iki istiqamətdən həyata keçiriləcəyi gözlənilir. Türkiyə qırıcıları və ordusu Hatay vilayətindən, Azad Suriya Ordusu isə Suriyanın şimalındakı Azez rayonundan hücuma keçəcək. Ona görə də YPG yaraqlıları ASO-nun Azezdəki mövqelərini top atəşinə tutub. Hərbi əməliyyata başlamazdan öncə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar yaranmış vəziyyəti ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin rəisi Cozef Danfordla, xarici işlər naziri Mövlud Çavuşoğlu isə Amerikanın müdafiə naziri Ceyms Məttslə müzakirə edib. 

Bundan sonra Hulusi Akarın Moskvaya təcili səfəri baş tutub. Hulusi Akarın Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdüyü xəbər verilir. 
Prezident Bəşər Əsədin bəyanat verərək ABŞ-ın Suriyadakı hərbi fəaliyyətini qeyri-qanuni adlandırması isə Rusiyanın və İranın etiraz mövqeyi kimi başa düşülə bilər. Bu da Suriyada geosiyasi güclər arasındakı ziddiyyətlərin yenidən dərin münaqişə müstəvisinə keçməsi ehtimalını artırır. 

Məsələni "Cümhuriyət” qəzetinə şərh edən "Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, ABŞ kürd silahlı qruplaşmalarına hərbi və maddi dəstəyini davam etdirir. Kürd yaraqlılardan ibarət 30 minlik ordu yaradılmayacağına dair Pentaqonun açıqlaması Vaşinqtonun PKK-ya və onun qollarına dəstəyini dayandırması anlamına gəlmir: "Bu səbəbdən də ABŞ-la Türkiyə arasında həmişə fikir ayrılığı mövcud olub və gərginliklər yaşanıb. ABŞ hansı bəyanatı səsləndirməsindən asılı olmayaraq, kürd yaraqlılarına həm hərbi, həm maliyyə, həm də maddi-texniki yardım göstərib və bu prosesi davam etdirmək niyyətindədir. Söhbət birbaşa ordu quruculuğundan getməsi də Birləşmiş Ştatlar PKK, YPG kimi terror təşkilatlarının ordu səviyyəsində silahlanmasına və təşkilatlanmasına hər cür dəstək göstərir. Bu dəstəyini də dayandıracağı gözlənilmir. Çünki Suriyada gedən proseslər İranın və Rusiyanın mövqelərinin güclənməsi, eyni zamanda Türkiyənin "Fərat qalxanı” əməliyyatından sonra kürd terrorçularına öldürücü zərbələr vurması, son günlər Afrin əməliyyatına hazırlıq getməsi və müəyyən mövqelərə zərbələr endirməsi kimi faktlar onu göstərir ki, Suriyada yaranan mənzərə ABŞ-ın maraqlarına cavab vermir. ABŞ isə öz mövqelərini qorumağa çalışır və buna nail olmaq üçün kürd qruplaşmalarına dəstəyini davam etdirir ”. 

Lakin ekspert onu da vurğulayıb ki, ABŞ-la aparılan danışıqlardan sonra Türkiyə rəhbərliyinin səsləndirdiyi bəyanatlar Afrin əməliyyatını təxirə salmaq istəmədiyini göstərir. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları