Yuxarı

İranı qarışdıran güc

İranı qarışdıran güc

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın tərəfdarları etiraz aksiyasına hazırlaşır. Eks-prezidentin ətrafındakı yeddi fəal şəxs ölkə rəhbərliyindən xalqın da qatılacağı bir etiraz aksiyası üçün rəsmi icazə tələb edib. Əhmədinejad bəzi dairələrdə 2017-ci il dekabrın 28-də başlayan və bir həftədən artıq davam edən etiraz aksiyalarının təşkili ittihamı ilə saxlanılmışdı. Lakin sonradan rəsmi qurumlar bu xəbəri təkzib etməyə çalışdı. Əksəriyyəti Əhmədinejadın prezident olduğu dövrdə kabinetində yer alan qrup, Daxili İşlər Nazirliyinə göndərdikləri məktubda, "ölkədəki mövcud şəraitə və pis iqtisadi şərtlərə" etiraz etmək üçün xalqın da qatılacağı bir toplanış icazəsi istəyində olub. Daxili İşlər Nazirliyinə göndərilən ərizədə bəzi şəhərlərdə hakimiyyətə qarşı çıxışlara çevrilən hadisələrə toxunularaq, xalqın aksiyalar zamanı dilə gətirdiyi istəklərini rəsmilərin müsbət qarşılamadığı irəli sürülüb. 

İran İnqilab Mühafizəçilərinin komandiri general-mayor Məhəmməd Əli Cəfəri, yanvarın 3-də verdiyi açıqlamada ölkədəki etiraz nümayişlərinin başlamasında "keçmiş bir səlahiyyətli" olaraq adlandırdığı şəxsin barmağının olduğunu dilə gətirərək ad çəkmədən keçmiş prezident Mahmud Əhmədinejadı günahlandırmışdı.

Ona görə də Əhmədinejad tərəfdarlarının hətta icazəli olsa belə, aksiyaları davam etdirmək cəhdi İranın siyasi həyatına təsir göstərə biləcək hadisə sayılır. Bu bir tərəfdən, eks-prezidentin hakim elita daxilində xeyli tərəfdarlarının olması ilə bağlıdırsa, digər halda ölkə rəhbərliyi daxilində siyasi qarşıdurmanı dərinləşdirə bilər. 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, Əhmədinejadın arxasında Mispah Yəzdi də daxil olmaqla nüfuzlu din xadimləri dayanır. Əhmədinejadı dəstəkləyən ayətullahlar da onun sosial bazasına arxalanır: "Bu məsələnin meydana çıxması Babək Zəncani əməliyyatı ilə bağlıdır. Əhmədinejad prezident olduğu dövrdə İranı sanksiyalardan xilas etmək üçün "qara iqtisadiyyat”ın üsullarından istifadə edib. Babək Zəncani əslində, Güney Azərbaycanın Zəncan şəhərində adi bir taksi sürücüsünün oğludur. Onun üzərində işləyib, hazırlayıblar və "günah keçisi”nə çeviriblər. İndi İranın vitse-prezidenti Cahangiri bildirir ki, əgər Zəncani mənimsədiyi 2 milyard dollardan artıq pulu qaytararsa, biz onu sərbəst buraxa bilərik. Zəncani də belə bir vəsaitə malik olmadığını iddia edir. Digər tərəfdən, ABŞ İrandan Zəncaninin təhvil verilməsi üçün təzyiq göstərir. Bu cinayət şəbəkəsinin digər başında Rza Zərrab dayanır və o, hazırda ABŞ-da həbsdədir.

Əhmədinejad-Babək Zəncani-Rza Zərrab üçbucağı var. ABŞ bu şəbəkəni ələ keçirmək istəyir. Əhmədinejada təzyiq edilir ki, ya bildiklərini desin, ya da Zəncani əlindəki vəsaiti dövlət xəzinəsinə qaytarmaq istəmir. Həmçinin, İrandakı mövcud hakimiyyət ABŞ-ın nəzərində müsbət görünmək və təzyiqləri yumşaltmaq üçün Əhmədinejadla Babək Zəncanini qurban vermək istəyir. Bununla da Türkiyənin əli ilə onların barəsində ala biləcəkləri məlumatları ABŞ-a təqdim etmək və Amerikanın qəzəbini bir qədər azaltmağa çalışırlar. İkincisi, keçirilən aksiyalar Əhmədinejadın və ya başqasının tərəfdarları tərəfindən təşkil olunmasına baxmayaraq, İranda vəziyyətin ürəkaçan olmadığından xəbər verir. Bu gərginlik müxtəlif formalarda təzahür edir. Hələlik bu ziddiyyətlər hakimiyyətiçi çevrələrdə müşahidə olunur”. 

Ekspertin fikrincə, Mahmud Əhmədinejad özünə qarşı yönəlmiş təzyiqlərə müqavimət göstərmək üçün etiraz aksiyaları təşkil edir: "Əhmədinejad da deyirdi ki, mənə təzyiq olarsa, mən də hər şeyi açıb danışacam. Deməli, hakimiyyət içindəki müəyyən qüvvələr Əhmədinejada danışmağa icazə verir. Əgər həmin aksiyalar baş tutarsa, həmin icazələrin bir əlamətidir”. 

Sədrəddin Soltan hesab edir ki, İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi belə məsələlərdə bitərəfliyini qorumağa çalışır. Bu qarşıdurma daha çox hakimiyyətin aşağı strukturlarında mühafizəkar və islahatçı qanadları arasında gedir. Ancaq onu da nəzərə almaq lazımdır ki, M.Əhmədinejad prezident olduğu müddətdə Ayətullah Xameneyiyə qarşı çıxmışdı: "Hakimiyyət daxilindəki bu mübarizəyə bəzən sıravi vətəndaşlar da qoşuıur. Hələ cəmiyyətin İran hakimiyyətinə qarşı real etirazları özünü tam göstərmir. Dekabr-yanvar aylarında keçirilən aksiyalarda Ayətullah Xameneyiyə qarşı etiraz şüarları səsləndirildi, onun posterləri yandırıldı. Amma bunlar kütləvi deyildi, daha çox epizodik xarakter daşıyırdı”. 

Qeyd edək ki, M.Əhmədinejad 2004-cü ildə ilk dəfə prezident seçiləndə onun İslam inqilabçıları arasında formalaşmış və gənclərin də dəstəklədiyi yeni ultrasağçı cərəyanın liderinə çevrilidiyi bildirilirdi. Bu baxımdan, Əhmədinejad İranın siyasi elitasında dayaqları olan şəxs hesab edilir: "Əhmədinejadın başçılıq etdiyi cərəyana "Xətti-imam” deyirlər. Yəni onlar imam Xomeyninin davamçıları hesab olunur. 1980-ci ilin payızında da ABŞ-ın İrandakı səfirliyinin əməkdaşlarının girov götürülməsində "Xətti-imam”ın üzvləri fəallıq nümayiş etdirib. Onların sırasında Əhmədinejad da var.

İran İslam İnqilabındakı əsas gənclərdən biri də Mahmud Əhmədinejaddır. Ötən illər ərzində "Xətti-İmam” sıradan çıxmayıb. Bu cərəyanın nümayəndələri hazırda İranın idarəetmə orqanlarında yüksək vəzifə tutur. Ölkənin hərbi, təhlükəsizlik, kəşfiyyat, iqtisadiyyat sahələrində vəzifə tutan bu şəxslər boş dayana bilməz. Hakimiyyətin zəifləməsi, mülayimləşməsi, hətta islahata getməsi "Xətti-imam” cərəyanının məhvi deməkdir. Deməli, onlar perspektivdə gözlənilən təhlükədən müdafiə olunmaq üçün ultraradikal və digər adlar altında müqavimət göstərməyə çalışa bilər”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları