Yuxarı

Qərbin müəmmalı Suriya planı

Qərbin müəmmalı Suriya planı

Almaniyanın Türkiyədəki səfiri Martin Erdman ölkəsinin və Qərbin Suriya ilə bağlı planını açıqlayıb. "Cümhuriyət” qəzeti xəbər verir ki, alman diplomat Rusiya, İran və Türkiyənin Suriya böhranını həll etmək gücündə olmadığını diqqətə çatdırıb. Qərb dövlətlərinin də iştirak edəcəyi çoxtərəfli görüşün isə həllə gətirib çıxaracağını deməklə, müttəfiqlərin Suriyanın parçalanmasında maraqlı olduqları məsələsinə də dolayı yolla eyham vurub. Martin Erdman Rusiya, İran və Türkiyə liderlərinin Ankara görüşü ilə bağlı Almaniyanın mövqeyini ifadə edib: "Bu sammit Suriya məsələsində daimi həll tapmaq imkanında deyil. Problem BMT-də həll edilməlidir”.

Amerikanın məxfi Suriya dosyesi

Hələ bir neçə gün əvvəl ABŞ öz Silahlı Qüvvələrini Suriya ərazilərində saxlamaq barədə son qərarını verəndə Qərbin Suriyanı parçalamaq üçün daha ciddi addımlar atacağı ilə bağlı iddialar yenidən gündəmə gətirildi. Artıq Qərbin Suriyanı 5 mərhələdə bölmək üçün yeni planı bir neçə gün əvvəl ortaya çıxıb. Planın İngiltərə və Amerika kəşfiyyatının birgə hazırladığı iddia edlir ki, bununla bağlı sənədlər Livanın xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib. Dosye İngiltərənin bu ölkədəki səfirliyindən kənara sızdırılıb. Sənəddə qeyd edilir ki, ABŞ dövlət katibinin köməkçisi David Satterfild yanvarın 11-də bir sıra Avropa İttifaqı və Yaxın Şərq dövlətlərinin nümayəndələri ilə Vaşinqtonda keçirdiyi gizli görüşdə ABŞ-ın Suriyanı parçalamaqla bağlı yeni planını təqdim edib. Sənəd Benjamin Norman adlı ingilis diplomat tərəfindən imzalanıb və burada bildirilir ki, görüşdə region dövlətlərindən Səudiyyə Ərəbistanı və İordaniya təmsilçiləri ilə yanaşı, İngiltərə, Fransa və ABŞ-dan olan rəsmilər də iştirak ediblər.  Dosyedə həmçinin ABŞ-ın Suriya ilə yanaşı, Türkiyə, Rusiya və İranla bağlı planlarından da bəhs edilir. Sənədə görə İŞİD-in məğlub edilməsinə baxmayaraq, prezident Donald Tramp məhz bu parçalanma planının həyata keçirilməsi üçün ABŞ ordusunun Suriyada saxlanılmasına razılıq verməyə məcbur edilib. Planın ABŞ-a 4 milyard dollara başa gələcəyi də diqqətə çatdırılır. Lakin bu, ABŞ-ın öz büdcəsindən ayırdığı məbləğdir ki, xərclərin bir qismi də planda icraçı kimi iştirak edən digər dövlətlər tərəfindən qarşılanacaq.

5 mərhələli plan Qeyd edilir ki,

 keçən ay ABŞ qırıcılarının Deyr ez-Zor bölgəsində Bəşər Əsəd ordusuna məxsus "Vaqner”i vurması, Fərat çayının şərq sahillərində yerləşmək cəhdi üçün edilmiş ilk manevrdir. ABŞ Fəratın qərb və şərt sahilləri boyunca xətt formalaşdırmağa çalışır. Hələ 6 həftə əvvəl Amerikadan Yaxın Şərqdəki müttəfiqlərinə Suriyanın şərqini ələ keçirmək üçün hücumların başlayacağı barədə məlumat verilib. Plana gəlincə, bununla bağlı 5 mərhələdə ayrı-ayrı addımların atılması nəzərdə tutulur. İlkin mərhələ Suriyanın parçalanmasını nəzərdə tutursa, digər mərhələlərdə Türkiyə sərhədlərinin tamamilə nəzarətə götürülməsi, verilən qərarlara BMT Təhlükəsizlik Şurasının dəstəyini təmin etmək, Suriya ilə bağlı gedən Soçi görüşünü (Türkiyə, İran və Rusiyanın iştirakı altında) sabotaj etmək və Suriya müxalifətinin tamamilə ələ keçirilməsi kimi məsələlərin həll edilməsi planlaşdırılır.

Oyunda "yeni kart”

Rusiya Elmlər Akademiyasının Ərəb və İslam Araşdırmaları İnstitutunun mütəxəssisi Boris Dolqov Qərbin, xüsusilə də ABŞ-ın Suriya siyasətində bu ölkənin parçalanmasının başlıca məqsəd olduğunu bildirib. Mütəxəssis hesab edir ki, kürdlərin nəzarətində olan bölgələrdə öz nüfuzunu genişləndirən Amerikanın bu ölkəni parçalamaq üçün ilkin addımlarını atdığını da iddia edib:

"Suriyanın parçalanması ABŞ-ın əsas hədəfidir. Əvvəlcə radikal islamçılarla buna cəhdlər etdi. Radikallar sıradan çıxarılan kimi də üzünü separatçı kürdlərə tutub. Beləliklə, Suriyanı parçalayaraq bölgədə ABŞ və İsrailin maraqlarına xidmət edən kiçik dövlətlər qurmağa çalışırlar. Kürdlərə verilən hərbi təlimlər və silahlar da bu məqsədlərinə xidmət edir”.

Suriyanın ABŞ-ın rəqiblərindən biri olan İranın müttəfiqi olduğunu bildirən Boris Dolqov qeyd edib ki, Amerika Suriyanı parçalamağa çalışdığı halda, İsrail də İranı sıradan çıxarmağa cəhd edir:

"Bununla yanaşı, Suriya İsraillə müharibə aparan "Hizbullah”ı dəstəkləyir. Əgər Suriya parçalansa, İran və "Hizbullah”ı bölgədən çıxarmaq mümkün olacaq. Bu, son dərəcədə təhlükəli plandır və bölgədəki gərginliyin pik həddə qalxmasına səbəb olacaq”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları