Yuxarı

Afrin müttəfiqliyi pozur

Afrin müttəfiqliyi pozur

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin nəzarət etdiyi Afrin bölgəsini Suriya hökumətinə verməsinin daha məqsədəuyğun olduğunu bildirib.

Nazir hesab edir ki, Türkiyə "Zeytun budağı” əməliyyatından sonra vəziyyəti stabilləşdirmək üçün Afrinin idarəçiliyini Suriya hökumətinə versə, daha düzgün olardı. O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Zeytun budağı” əməliyyatından sonra Türkiyə ordusunun Afrində qalacağını heç vaxt deməyib və əməliyyat bitdikdən sonra bu bölgənin idarəçiliyini Suriya hökumətinə verilməlidir: Ən azı, belə bir yol axtarılacağına ümid edirəm”.

Türkiyə Afrini Əsədə niyə verməyəcək?

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Afrinə birgə əməliyyatlarda iştirak edən Azad Suriya Ordusu (ASO) ilə birlikdə nəzarət edir. Silahlı Qüvvələrinin bir qismini Afrindən çıxaran Türkiyə tərəfi demək olar ki, bölgənin bütün nəzarətini SAO-ya verib. Bu vəziyyət Bəşər Əsədə qarşı müxaliflərə dəstək verən Qərbin maraqlarına uyğun olsa da, Rusiya hesab edir ki, bu, bölgədəki gərginliyi bir qədər də artıracaq. Rusiya həmçinin Türkiyənin Amerikanın hərbi qüvvələrinə giriş üçün Afrinə yol aça biləcəyindən narahat olsa da, rəsmi Ankara bu iddianı qəbul etmir. Belə bir vəziyyətin bölgədəki kürd terror qruplaşmalarının fəallaşmasına zəmin yaradacağını da bildirərək, Afrinə nəzarətin hələlik SAO və türk ordusunda qalacağını diqqətə çatdırır. Əməliyyatlardan əvvəl PYD/YPG və PKK terror təşkilatlarının bu bölgədə Türkiyə üçün hansı problemləri yaratdıqlarını nəzərə alsaq, Ankaranın Afrin məsələsindən tamam başqa məqsədləri üçün istifadə edəcəyinə şübhə yoxdur.

Onu da qeyd etmək lazımdır ki, Afrindən sonra Təl-Rıfatı da ələ keçirən Türkiyə Suriyada Rusiya və ABŞ-dan sonra böyük ərazilərə nəzarət edən üçüncü tərəf kimi Suriya danışıqlarında yerini möhkəmlədib. Bu baxımdan, Afrin məsələsi Türkiyəyə masada diktəedici tərəfdə dayanması üçün ideal fürsətlər yaradır. Ankranın ilk növbədə Afrin məsələsindən Suriya tərəfindən öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi üçün dəyərləndirəcəyinə şübhə yoxdur. Bu nöqteyi-nəzrdən də bölgənin Əsəd qüvvələrinin nəzarətinə verilməsi, Türkiyə üçün əlavə problemlər yarada, başqa sözlə, Əsədlə münasibətləri loyal olan kürd terror qruplaşmalarının yenidən bura axınına şərait yarada bilər.

"Rusiya - Türkiyə müttəfiqliyi pozulur”

Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Türkiyə Afrini Əsədə yox, müxaliflərin nəzarətinə verməyi planlaşdırır.

Ekspert hesab edir ki, Türkiyə bununla Suriya üzrə gedən danışıqlarda status-kvonu dəyişmək niyyətindədir: "Ehtimal etmək olar ki, bu, Astana razılaşmasıdır, indi də Lavrov bunu dilə gətirib. Çünki Türkiyə bəyan edib ki, sərhədlərində yerləşən PKK/YPG/PYD terrorçuları Türkiyə ərazilərini raket atəşinə tuturlar, terror aktları törədirlər, buna görə də sərhəd əməliyyatlarına başlamaq şərtdir. İndi isə Rusiya dilə gətirir ki, Türkiyə bu əraziləri Suriya ordusuna təslim etsin və bununla da Suirya sərhədləri hökumətin nəzarətinə keçsin. 

Ancaq Türkiyənin planı başqadır, ehtimal etmək olar ki, Ankara bu bölgələri Azad Suriya Ordusuna vermək və bununla da Əsədi ASO və ətrafındakı siyasi təşkilatlarla danışıq masasına oturtmaq məqsədi güdür. Yəni, bir mənada bu, Rusiya və Türkiyə arasındakı fikir ayrılığıdır. Ruslar Türkiyənin əraziləri ordu gücünə azad edib müxaliflərə verməsinə xoş baxmırlar. Bu. Ankaradakı sammitdə də göründü. İran prezidenti də bu tələbi səsləndirdi. Ankaranın isə geri çəkilmək fikri yoxdur. Ehtimal etmək olar ki, bu, Moskva və Ankara arasında fikir ayrılığını daha da dərinləşdirəcək. Həm də bu, Suriyada Rusiya - Türkiyə müttəfiqliyinin əslində çox kövrək olduğunu və sökülməyə doğru getdiyini göstərir”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları