Yuxarı

İnqilabın gizli ssenarisi

İnqilabın gizli ssenarisi

Ermənistanda kütləvi aksiyalar bütün ölkəni bürüyüb. Polisin mitinqləri və yürüşləri dağıtmaq məqsədilə həbslərə başlamasına baxmayaraq, aksiya iştirakçıları kütləvi itaətsizlik nümayiş etdirir. Müxalifət parlamentin binasına daxil olub eks-prezident Serj Sarkisyanın baş nazir seçilməsinin qarşısını almağa çalışıb. Nəticədə pois qüvvələri ilə S.Sarkisyan əleyhdarları arasında ciddi toqquşma baş verib. Aksiyaların təşkilatçısı, "Vətəndaş Dialoqu” Partiyasının lideri və "Yelk” (Çıxış) fraksiyasının deputatı Nikol Paşinyan ölkədə demokratik, rəngli və dinc inqilabın başlandığını elan edib. 

Parlamentin tribunasından çıxış edən Serj Sarkisyan isə deputatların böyük əksəriyyətinin onun namizədliyini dəstəklədiyini deyib. Sarkisyan baş nazir kimi ölkənin çiçəklənməsinə xidmət etməyə hazır olduğunu söyləyib. 

Ermənistanda aksiyaların belə kütləvi şəkildə baş tutması Sarkisyan üçün demək olar ki, gözlənilməz olub. Yəni hakim Respublika Partiyasının sədri aksiyaların belə geniş miqyas alacağını proqnozlaşdırmırdı. Bu da mitinq və yürüşlərin təşkilatçısı olan "Vətəndaş Dialoqu” Partiyasının siyasi proseslərə təsir imkanlarının zəif olması ilə bağlıdır. Ona görə də yüksək reytinqə malik siyasətçi hesab olunmayan Nikol Paşinyan geniş sosial bazaya malik olmadığından ölkədə inqilabi yolla hakimiyyəti dəyişmək imkanları məhduddur. Bu baxımdan, baş verən kütləvi aksiyaların arxasında başqa bir siyasi qüvvənin dayanması ehtimalı var. Müəyyən siyasi dairələrin Serj Sarkisyanın baş nazir seçilməməsində maraqlı olmadığı açıq görünür. Siyasi müşahidəçilərin rəyinə görə, əsas şübhələr aprelin 17-ə qədər baş nazir işləmiş Karen Karapetyanın üzərinə yönəlir. Ermənistan Respublika Partiyasının icra orqanınınn aprelin 14-də keçirilmiş iclasında Serj Sarkisyanın namizədliyini K.Karapetyan irəli sürüb. Buna rəğmən ekspertlər hesab edir ki, parlamentar sistemdə baş nazir kürsüsünə iddialı olan Karapetyan əslində Serj Sarkisyanı yenidən ali icra hakimiyyətinin başçısı görmək istəmir. Ölkə əhalisi arasında da K.Karapetyan güclü nüfuza malik siyasətçi sayılır. "Gellup İnternational” Mərkəzinin bu yaxınlarda Ermənistan əhalisi arasında keçirdiyi rəy sorğusu zamanı respondentlərin böyük əksəriyyəti baş nazir vəzifəsinə ən layiqli namizəd kimi K.Karapetyanın adını çəkmişdi. Cavan və texnokrat kadr kimi tanınan Karapetyan Rusiyaya yaxın olmaqla yanaşı, Qərb dairələri də yaxın münasibətlərə malikdir. Ona görə də aksiyaların arxasındakı "görünməyən əl”in Karapetyana aid olduğu ehtimalı var. O, S.Sarkisyanı hökumət başçısı postuna namizəd irəli sürərək özünün də baş nazirin birinci müavini olması ilə razılaşdığını bildirir. Ancaq baş verən hadisələr Karapertyanın ikinci mərhələdə S.Sarkisyanı inqilabi yolla devirmək niyyətindən xəbər verir.  

Digər bir ehtimal isə Ermənistandakı aksiyaların təşkilində ABŞ-ın da maraqlı olması variant ilə bağlıdır. Çünki S.Sarkisyan Rusiya üçün ən əlverişli fiqurdur. Onun hakimiyyətdə qalması Azərbaycanın işğal olunmuş ərazilərində status-kvonun qalmasını təmin edir. Bu səbəbdən ABŞ Sarkisyanın yenidən baş nazir seçilməməsində maralı ola bilər. Qeyd edilən ehtimal diqqəti N.Paşinyanın ABŞ vətəndaşı olmasına yönəldir. 

Yaranmış situasiyanı şərh edən AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə hesab edir ki, kütləvi aksiyaların təşkilində ikinci və üçüncü qüvvələrin iştirakı daha real görünür: ”Ermənistanda martın 2-də parlamentdə Serj Sarkisyanın təqdimatı ilə bu ölkənin Böyük Britaniyada səfiri Armen Sarkisyanın prezident seçilməsi yekcins olan erməni siyasi camesində katakalizmlərə yol açacağı gözlənilən idi. Aprelin 9-da Serj Sarkisyanın vəzifə səlahiyyətlərini yeni prezidentə təqdim etməsi və hakim Respublikaçılar Partiyası tərəfindən baş nazirliyə nominasiya edilməsi erməni ictimaiyyətində qəzəb və hiddətə səbəb olmalı idi. Çünki, 10 il ərzində Serj Sarkisyanın prezidentlik dönəmi erməni xalq üçün siyasi-iqtisadi deqredasiyaya və demoqrafiq problemə yol açıb. Həmçinin Ermənistanda Qarabağ klanına qarşı qəzəb və nifrətin pik nöqtəsi idi. Parlamentdə "Yelk” blokunun depudatı Nikol Paşinyanın başçılığı ilə İrəvan küçələrində başlayan etirazlar artıq bütün şəhəri əhatə edir, polslə qarşıdurmalar intensivləşir.

Qeyd edim ki, Nikol Paşinyan ölkədə siyasi çəkisi olmayan bir deputatdır. Sadəcə, o yaxşı bilir ki, erməni əhalisi Sarksiyanın növbəti müddətə hakimiyyətdə qalmasına etiraz edir və bundan istifadə edərək narazılığın ön cərgəsinə keçərək prosesləri idarə etməyə başladı. Sarksiyana qarşı 2008-ci ilin martında da geniş kütləvi aksiyalar olmuşdu. Bu aksiyaları Sarkisyan odlu silah istifadə edərək bir neçə nəfərin ölümünə səbəb olaraq yatırda bilmişdi. Hesab edirəm ki, baş nazir kimi Moskvanın siyasi dəstəyini alan Sarkisyan yenidən etirazçılara qarşı silah işlətsə bu ölkədə ümumi etirazlara səbəb olar və Sarkisyanın hakimiyyətinə son verilə bilər. Hazırda İrəvanda siyasi vəziyyət kövrəkdi. Əhali ilə polislər qarşıdurma vəziyyətindədir. Bu etiraz mitinqlərin xaricdən idarə edilməsini istisna edirəm. Əgər, vəziyyət burada böhranlaşsa Qərbin proseslərə müdaxiləsi qaçılmaz olacaq. Qərb çalışacaq ki, xalqın yanında olsun. Amma Moskvanın siyasi mövqeyi isə Sarkisyanı hakimiyyyətdə saxlamaqdır. Hesab edirəm ki, Kremlin axıra kimi təlimatı ilə gedən Sarkisyan çalışacaq ki, hakimiyyətini qorusun. Bu mitinqlərin arxasında de-fakto baş nazir Karen Karapetyanda dayana bilər. 

Çünki, kifayət qədər siyasi çəkiyə malik olan Karen Karapetynın Serj Sarkisyanla baş nazir uğrunda gizli siyasi mübarizəsi gedirdi. Həmçinin bu etirazlara Ermənistan siyasi müxalifətinin dəstək verməsi və liderlərinin arxasında durması şübhəsizdir. Bura eks-müdafiə naziri Seyran Ohanyan, eks-xarici işlər nazir Vardan Oskanyan və digər Qarabağ müharibəsinin keçmiş nüfuzlu iştirakçıları dəstək verir. Bu etirazlar kütləvililik xarakteri aldıqda baş nazir postuna real təhlükə yarandıqda Sarkisyan Kremlin dəstəyi ilə yenidən dinc sakinlərə qarşı silah işlədə bilər. Qeyd edim ki, kifayət qədər Sarksiyandan narazı olan qüvvələr var. Onlar bu etirazlarla çalışacaqlar ki, Sarksiyanın növbəti dəfə hakimiyyətinə əngəl olsunlar. İrəvanda cərəyan edən hadisələr öz ciddiyyətini qoruyur. Əgər, digər şəhərlər etirazlara qoşularsa, Ermənistanda siyasi böhrana səbəb olacaq. Hakimiyyət dəyişilikliyi reallaşa bilər. Amma Serj Sarkisyanın asanlıqla hakimiyyətidən getməsi real görünmür. Moskva çalışacaq ki, Gümrüdə öz hərbi bazası vasitəsi ilə Sarkisyanın hakimiyyətini qorusun. Hətta Moskvadan xüsusi təyinatlı qüvvələri də onun müdafiəsi üçün göndərəcək”.

M. Abdulla





Həftənin ən çox oxunanları