Yuxarı

Kreml İrəvanı küncə sıxışdırır

Kreml İrəvanı küncə sıxışdırır

Rusiya Ermənistanı sanksiya ilə hədələyib. Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistandan tərəvəz idxalına müvəqqəti məhdudiyyət tətbiq etmək niyyətindədir. Bu qərar Ermənistandan gətirilən pomidor və xiyar arasında karantin məhsullarının aşkar edilməsi ilə əlaqədar qəbul edilib.

Qeyd olunur ki, bu məsələnin aydınlaşdırılması ilə bağlı tərəvəz idxalına məhdudiyyət qoyulacaq.

Rusiyanın hədələrinin arxasında iqtisadi, yoxsa siyasi maraqlar dayanır?

İqtisadçı-ekspert Vüsalə Əhmədova "Cümhuriyət” qəzetinə bildirib ki, 2018-ci ilin mayından etibarən Rusiyada Ermənistandan gətirilən kənd təsərrüfatı məhsullarına karantin fitosanitar nəzarət gücləndirilib:

"Hazırda Rusiya Kənd Təsərrüfatı Nəzarət İdarəsi tərəfindən Ermənistandan tərəvəz məhsullarının idxalına müvəqqəti məhdudiyyətlərin qoyulacağı ilə bağlı ehtimallar irəli sürülür. Bu qərarın arxasında hansı məqsədlərin dayandığını söyləmək hazırkı vəziyyətdə bir az çətindir. Nikol Paşinyanın baş nazir seçilməsindən sonra ABŞ və Avropa Birliyinin reaksiyası məlum idi, ancaq Rusiyanın reaksiyası sakit və qeyri-müəyyən olaraq qalır. Moskva hələ ki, hadisələrə ehtiyatla yanaşır. Düşünürəm ki, bunun bir neçə səbəbi ola bilər. Ukrayna, Gürcüstan və Abxaziya hadisələrində Rusiya kəskin olaraq bir tərəfi dəstəkləyirdi.

Ukraynada hadisələrin başladığı ilk günlərdən etibarən Rusiya KİV-də protestlərin anti-Rusiya xarakteri daşıdığı, etirazçıların hərəkətlərinin konstitusiyaya zidd olduğu deyilirdi. Ancaq Ermənistandakı hadisələr digər ölkələrdəkindən köklü surətdə fərqlənir. Bildiyiniz kimi, burada Rusiya əleyhinə çağırışlar olmadı. Paşinyan xarici KİV nümayəndələrinə verdiyi açıqlamada, Rusiya ilə münasibətlərə zərər vermədən Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirəcəyini qeyd etmişdi. Ermənistan çox gözəl bilir ki, hazırkı müttəfiqləri olan Rusiya istənilən vaxt Dağlıq Qarabağ konfliktindən istifadə edərək Ermənistanı əzə bilər. Nikol Paşinyan mayın 14-də Soçidə Vladimir Putinlə baş tutacaq görüşdə öz mövqeyini ona açıqlamağa çalışacaq. Onların bir-birilərinə nə dərəcədə xoş gələcəkləri isə, bu görüşdən sonra aydın olacaq”.

"Kreml üçün əsas faktor odur ki, Ermənistan hadisələrində milliyyətçi komponentlər yoxdur, monoetnik dövlətdir”

Ekspertin qənaətincə, Rusiya Kiyev hadisələrində olduğu kimi Ermənistanda baş verən proseslərə emosional yanaşmır. Vüsalə Əhmədova hesab edir ki, Rusiya bunun mənfi təcrübəsini artıq bir neçə dəfə yaşayıb: "Erməni ictimaiyyətində Rusiyaya qarşı mənfi reaksiya doğurmaq istəmir. Rusiya eyni zamanda, Azərbaycanla Ermənistan arasında Qarabağ qarşıdurmasının kəskin mərhələyə keçəcəyindən də ehtiyat edir. Hazırkı mərhələdə neytral mövqe tutmaq Rusiya üçün daha məqsədəuyğundur. Düşünürəm ki, Kreml üçün əsas faktor odur ki, Ermənistan hadisələrində milliyyətçi komponentlər yoxdur, monoetnik dövlətdir. Burada az sayda rus millətindən olan vətəndaşlar yaşayır ki, onlar üçün də hazırkı vəziyyətdə heç bir problem mövcud deyil”.

Vüsalə Əhmədova onu da əlavə edib ki, Rusiya kəskin reaksiyanın heç bir perspektivi olmayacağını anlayır: "Kreml bilir ki, Ermənistan elə bir geopolitik məkanda yerləşib ki, istər iqtisadi, istərsə də siyasi Rusiyasız keçinmələri qeyri-mümkündür. Bundan əlavə, rəsmi Moskvanın Paşinyanı maliyyələşdirən Rusiyadakı erməni diasporu ilə sıx əlaqələri mövcuddur. Rusiya hökumət nümayəndələri, Moskvada biznes maraqları olan bu diaspor üzvlərindən Ermənistanda anti-Rusiya çağırışlarının olmayacağına dair müəyyən zəmanətlər əldə ediblər. Ermənistandakı son hadisələr daxili proseslərdən, əhalinin narazılığından irəli gəlib və Avropa Birliyinin burada heç bir rolu yoxdur. Kremlin hazırda yeganə məqsədi Ermənistanı Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərkibində saxlamaqdır və buna da nail olacaq”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları