Yuxarı

Dolları nə bahalaşdırır? - "Qara bazar”, yoxsa devalvasiya xəbərləri?

Dolları nə bahalaşdırır? -

Dolları nə bahalaşdırır? -

Ölkədə devalvasiyanın olacağı ilə bağlı məlumatların dollara tələbi artıracağı gözlənilən idi və demək olar ki, bu baş verib.

Bu Mərkəz Bankın keçirdiyi hərraclar barədə informasiyalardan da aydın olur. Digər tərəfdən "qara bazar”-da dollara tələbin, eyni zamanda dolların manata qarşı qiymətinin yüksəldiyi bildirilir. Marja.az Bakı şəhərində bir neçə ünvanda qanunsuz valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərdiyini və onları idarə edən mafiyanın ölkədə dolları bahalaşdırdığını bildirir.

Portalın məlumatına görə, həmin məntəqələrdə dolların satış qiyməti 1.71 manatı da keçərək 1.7120 manata yüksəlib. Bu qiymət dünən daha yüksək 1.7150 manat olub. Dolların alış və satışı ilə məşğul olanlar qiymətlərin daha da yüksələcəyini bildirirlər.

Qeyd olunur ki, indiyədək "qara bazar"da dollar 1.7070-1.7080 manat qiymətlərə satılırdı. Portalın qeyri-rəsmi mənbələrə istinadən verdiyi məlumatda həmçinin qeyd olunur ki, dollar "qara bazara" bir neçə bank əməkdaşları tərəfindən ötürülür.

Mövcud iqtisadi durumda valyutanın bahalaşmasına "qara bazar” səbəb olursa, hökumət nəyə görə, onun qarşısını almır?

İqtisadçı Rəşad Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, mövcud vəziyyətdə "qara bazar”-ın qarşının alınmasına ehtiyac görmür:

"Ölkədə iqtisadiyyatın əhəmiyyətli hissəsi qeyri-leqaldır. Həmin dövriyə lazım olduğu vaxtda valyutaya çıxış əldə edə bilmir. Dünyada belə bir yanaşma var - heç olmamaqdansa, "kölgə iqtisadiyyatı”-nın olması yaxşıdır. Bu özü də bir iqtisadiyyatdır, çünki o da dəyər, məşğulluq yaradır, ailələrə gəlir verir. Bizim hazırkı vəziyyətə düşməyimiz aparılan iqtisadi siyasətin nəticəsidir”.

İqtisadçı deyir ki, hazırda banklar dollar satmır:

"Söhbət yalnız son günlərdən getmir. Bu 3-4 aydır ki, belədir. Məhdud valyuta əlçatanlığı çərçivəsində sahibkarlıq subyektləri və ya vətəndaşlar əziyyət çəkir. Məsələn, bir vətəndaş öz əmlakını satıb və 50-100 manatlıq vəsait əldə edib. Hansısa səbəbdən onu valyutaya çevirmək istəyir, onu milli valyutada saxlamaqdan çəkinir. Banklar satmır, o nə etməlidir, "qara bazar”a üz tutur”.

Rəşad Həsənov deyir ki, "qara bazar”ın aradan qaldırılması ilə bağlı tədbirlər görülə bilər:

"Banklarda valyuta əlçatanlığı təmin etməklə "qara bazar”-da tələb sıfıra endirilə bilər. Bu əslində çox asandır. Amma həm bunu etmə, həm də "qara bazar”-ın qarşısını al, bu doğru yanaşma deyil. Doğrudur, bu qanunsuz fəaliyyətdir, amma qanuni fəaliyyətin özünü elə tənzimləmək lazımdır ki, qanunsuz fəaliyyətlər təşfiq olunmasın. Bu gün qurulmuş mexanizm qanunsuz fəaliyyətləri təşfiq edir”.

İqtisadçı son günlərdə valyuta bazarında həyacanlanmanın olduğunu bildirir: "Həm devalvasiya məsələləri burada rol oynayır, həm də ilin sonu olması ilə bağlı subyektlərin xərclərinin, ödəniş öhdəliklərinin artması ilə bağlı faktorlar bazarda tələbi artırır. Bu da "qara bazar”-ın özünü təşviq edir”.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları