Yuxarı

"Kölgə iqtisadiyyatı”na necə son qoyulacaq? – "Əgər nağd dövriyyə sıradan çıxarılarsa...”

Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Proqramında qarşıdakı illərdə iqtisadiyyatda olan bir sıra problemlərin aradan qaldırılması nəzərdə tutulub.

Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması qarşıya qoyulan əsas məqsədlərdəndir.

Bildirilib ki, lakin bu zaman ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində olmalıdır.

Qeyd olunub ki, kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır.

Maraqlıdır, kölgə iqtisadiyyatının aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət”ə açıqlamasında kölgə iqtisadiyyatını leqal dövriyyəyə keçirməyin yollarından danışıb:

"Kölgə iqtisadiyyatı ilə mübarizə bir neçə istiqamətdə müəyyən parametrləri özündə əks etdirməlidir. Öncə hökumət bu siyasətdə bazar iştirakçılarını özünün səmimi olduğuna inandıra bilməlidir. Yəni himayə olunan biznes və himayə olunmayan biznes yanaşması tam aradan qalxmalıdır. Birinə məmur biznesi, digərinə isə vergi ödəyicisi kimi yanaşılırsa, yəni məmur biznesindən vergi alınmayıb, sadə biznes sahibindən alınırsa, ədalətli vergi ödəyicisi olan bazar iştirakçısı məcburi şəkildə defoltla üzləşir. Ona görə də həmin iştirakçı özünü məcburən bazar şərtlərinə uyğunlaşdırır və qeyri-qanuni fəaliyyət göstərməli olur. Bu təbii, uyğunlaşma prosesi- küçə davranışıdır. Əgər hökumət hər kəsə eyni yanaşacaqsa, ayrı-seçkilik etməyəcəksə və hər kəs qanun qarşısında bərabər olacaqsa, o zaman nəticə almaq mümkün olar.

Digər tərəfdən dünya təcrübəsi göstərir ki, gizli iqtisadiyyatla mübarizədə yanlız birtərəfli baxış, yaxud da inzibati metodlar effektiv olmur. Stekorderlərin təşviq edilməsinə ehtiyac var. Burada da stekorderlərin biri biznes, ikincisi istehlakçı-vətəndaşdır, üçüncüsü isə dövlətdir. Burada yalnız inzibati metodlar effekt vermədiyi üçün həm biznesə, həm də vətəndaşa təşviqedici təkliflər verilməlidir ki, onlar bu prosesin iştirakçısı olmaqda maraqlı olsunlar. Məsələn, ƏDV-nin geri qaytarılması məsələsi təxminən ona bənzər bir mexanizmdir. Amma bu mexanizmlərin effektivliyinin və əhatəliliyinin artırılmasına ehtiyac var. ƏDV-nin özü çox az sahibkarlıq subyektlərini əhatə edir və burada diskriminasiya var.

Yəni ƏDV ödəyiciləri bu üstünlükdən istifadə edərək daha asanlıqla müştəriləri özünə cəlb edir. Hansı ki, iqtisadiyyatın 98 faizi mikro sahibkarlardır və onlar ƏDV ödəyicisi yox, sadələşdirilmiş vergi ödəyicisidirlər. Onların bu yaradılmış mexanizmdən istifadə imkanları yoxdur və mövcud mexanizm olnarı təşviq etmir ki, öz fəaliyyətlərini qanuniləşdirsinlər. Çünki 12 ay ardıcıl olaraq dövriyyəsi 200 min manatı keçməyən sahibkarlıq subyektləri sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyət göstərir. Müəyyən sahələr bu məsələdə istisnadır. Məsələn, tikinti sahələri öz fəaliyyətini məcburi ƏDV-yə keçirməlidir. Amma iaşə sahəsində, hətta dövriyyəsi 200 mini keçdikdən sonra sahibkar könüllü şəkildə sadələşdirilmiş vergi ödəyicisi ola bilər. Yəni ƏDV bütün sahələri əhatə etmir. Bu kimi təşviq mexanizmlərinin əhatəliliyi təmin olunmalıdır.

Bütün sahələrdə istehlakçı ödəniş qəbzlərinin tələbində maraqlı olmalıdır ki, bu da öz növbəsində nəticə olaraq sahibkarın fəaliyyətini leqallaşdırmasına gətirib çıxarır”.

Ekspert hesab edir ki, Azərbaycanda pensiya mexanizmi də təşviqedici deyil:

"Bundan başqa pensiya mexanizmi də təşviqedici olmalıdır. Yəni bizdə pensiya vətəndaşın 30-40 il hər hansı bir prosesi proqnozlaşdırması üçün təşviqedici deyil. Pensiya mexanizmi təşviqedici olmalıdır ki, əmək bazarının iştirakçısı öz əməyinin qanuniləşdirilməsində maraqlı tərəfə çevrilsin. İşçi işəgötürənin qarşısında müəyyən tələblər qoysun. Digər sahələrdə də bu kimi yanaşma olmalıdır. Bundan başqa üçüncü məsələ nağdsız dövriyyənin genişlənməsi, əhatəliliyi, infrastrukturun mövcudluğu məsələsidir. Dünya təcrübəsində bir çox hallarda kölgə iqtisadiyyatı ilə nağd iqtisadiyyat eyniləşdirilir. Nə qədər ki, bizim iqtisadiyyatın 90 faizi nağd dövriyyə əsasında fəaliyyət göstərir, bu qeyri- leqal fəaliyyət cəhdlərini genişləndirir. Deməli, əsas hədəfdə nağdsız dövriyyənin genişlənməsi, nağd dövriyyənin sıradan çıxarılması olmalıdır. Yəni infrastruktur buna uyğunlaşdırılmalıdır”.

R.Həsənov regionlarda mövcud olan nağdsız ödəniş problemlərinə də toxunub:

"Regionlarda demək olar ki, nağdsız ödənişlər üçün post-terminallar yoxdur. Bundan başqa ölkədə 9 milyona yaxın kart var, onların da təxminən 20 faizi bu kartlardan nağdsız istifadə etmək qaydalarından məlumatlıdır, yaxud edir. Bu istiqamətdə konservativ yanaşma var. Onlar bu kartlarda nağdsız ödənişlər etmirlər. Çünki həm yaşadığı ərazidə infrastruktur yoxdur, həm də yaşlı və orta nəsil bu ödənişlər məsələsində maariflənməyib.

Pandemiya demək olar müəyyən qədər nağdsız ödənişlərdən istifadəni artırdı və nağdsız dövriyyə 2.4 faiz artıb. Birdən- birə biz bu istiqamətdə 2.4 milyardlıq əlavə dövriyyəni müşahidə etdik. Halbuki biz bun nəticəni 15 ildə əldə edə bilməmişdik. Amma post-pandemiya dövründə yenidən əvvəlki vəziyyətə qayıdılacaqmı? Bu məsələ həllini tapmalıdır. Bunların hamısı ən çox maarifləndirmə ilə mümkün olur.

Bütün bunların başında isə hökumətin iqtisadi sahədə apardığı siyasəti nəticəsində, səmimi olduğuna bazar iştirakçısını inandıra bilməsi, tərəf tutmadığı, hər kəsin qanun qarşısında bərabər olduğunu sübut edəcəyi və inandıra biləcəyi təqdirdə, bütün bu proseslərin də siyasi islahatlarla əhatə olunacağı təqdirdə Azərbaycanda da qeyri- leqal iqtisadi dövriyyənin leqallaşdırılması da mümkün olacaq. Amma bu çox çətin və uzun yoldur. Qoyulan hədəflərə nə dərəcədə nail olacağını demək çətindir. Buna qədər çoxlu bənzər dövlət proqramları və strategiya da ortaya qoyulub, amma heç biri öz həllini tapmayıb”.

Əli Bədir





Həftənin ən çox oxunanları