Yuxarı

Özümüz sayaq banklarımız

Özümüz sayaq banklarımız

[caption id="attachment_1032" align="alignleft" width="285"]Resmiyye Qarayeva Rəsmiyyə Qarayeva[/caption] Hər şeydə bazar təfəkkürü   Biz dədə-badadan qanunları sevməyən, ənənələrlə idarə olunan xalqıq, dünya vecimizə də deyil, dəyişməz “qanunlarımız” var. Kim etiraf etmirsə, özü bilər, amma bu belədir. Ondandır ki, ha çabalayıb çamurdan çıxmaq istəyiriksə, daha da dərinə düşürük. Burda bir el məsəli yadıma düşdü: "su bir yerdə durduqca iylənər." Cəmiyyət də belədi qardaş, dəyişmədikcə, yenilənmədikcə həmin o suyun halına düşür, yəni bizim bugünki halımıza… Son iki-üç gündür deyirlər ki, ölkədə bir neçə bank və filialları fəaliyyətini tamamilə dayandırıb və bir neçəsinin də bağlanacağı gözlənir. Səbəb də göstərilir ki, ölkənin düşdüyü iqtisadi vəziyyət insanların da həyat tərzində özünü göstərir, banklara təlabat azalıb. Bəs necə oldu bizim gələcək nəsillərə hesablanan şaxələnmiş iqtisadiyyatımız, sənayemiz, neft gəlirlərini qeyri-neft sektorunun inkişafına, insan kapitalına çevirən çevik iqtisadi strategiyamız…? “…Ölkədəki iqtisadi vəziyyət bütün sahələrdə olduğu kimi istehlak sahəsində ixtisaslaşan banklara da təsirsiz ötüşmür. Banklar da öz növbəsində bu vəziyyətə uyğunlaşmaq üçün ya inkişafını dayandırır, yaxud da kiçilməklə fəaliyyətini məhdudlaşdırırlar”. Televeziya proqramlarının birindən eşitdim bu fikri. Mütəxəssislərdən biri danışırdı. Bəlkə də demək istədi ki, devalvasiyadan sonra kredit faizlərinin kəskin şəkildə artması bankların vəziyyətini qara günə qoyub, çünki bu faizlərlə insanlar kredit götürmür. Əslində isə vəziyyət ölkədəki bankların fəaliyyətlərini beynəlxalq standartlara uyğun şəkildə qurmaması, xarici təcrübədən yararlanmaması, işlərini özümüzə məxsus bazar təfəkkürü ilə formalaşdırmasıdır. Amma qanunlar hazırlanarkən dünyanın mütərəqqi ölkələrinin qanunlarının mənimsənildiyi və həmin qanunlar əsasında hazırlandığı göstərilir. Bəlkə də elədir. Amma o ölkələrdə qanunlar birbaşa cəmiyyətə tətbiq olunur və onu hər bir vətəndaş anlayır, yaşamını və fəaliyyətini də ona uyğun yönəldir. Bizdə isə qanunların dilini onu yalnız yazanlar anlayır. Eynilə Məşədi İbadın “Tarixi-Nadir”i kimi. Sonra da masalarına gərilib, qanuna “işlək mexanizm” hazırlamaq haqqında “dəruni” təklif irəli sürürlər. Buna ehtiyac varmı? Qanun dövlətin bütün təbəqələrindən olan vətəndaşları üçün yazılmalıdır. Kimsə qanunu əlinə götürüb onu başa düşmək üçün mütəxəssis axtarmamalıdır. Hətta olur ki, qanunlar vətəndaşa deyil, aidiyyəti qurumlara sərf edəcək şəkildə izah edilir. Devalvasiyanın ilk günlərində bank işçiləri hər müştərisinə tək-tək müraciət edərək köçürməni yeni artımla etməli olduğunu anlatdı. Bu azmış kimi zamin duranlara da zəng edərək, filankəs artırılmış faizlə ödəməsə, siz ödəyəcəksiniz deyə təhdid etdilər. Sübut etdilər ki, dayanıqlıqları yoxdur və ölkədə özü-özünü idarə edəcək bank mövcud deyilmiş. Vətəndaş qanunu ortaya gətirib: “Burada yazılır ki, ödəniş müqavilə bağlandığı zaman mövcud olan kursla həyata keçirilməlidir. Hətta İsveçrə və Türkiyədə buna oxşar hadisələr baş vermiş, lakin qanunlar vətəndaşların müdafiəsində durmuş, müştərilər bundan ziyan çəkməmişlər” deyərkən, bank işçilərini od götürür: “Milli Bankdan bizə belə göstəriş gəlməyib. Devalvasiya onqat olarsa, onqatı da banklar müştəridən alacaq deyə gerçək bazar alveri etdilər. Və çox keçmədən gözlədiyimiz Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin dollarla götürülən kreditlərin 21 fevral tarixində manatın devalivasiyasından sonra hansı kursla ödənilməsi ilə bağlı qərarı açıqlandı. Orada göstərildi ki, xarici valyuta ilə götürülən kreditlər həmin valyutanın məzənnəsinə uyğun olaraq ödənilməlidir. Konkret olaraq hansı məzənnəylə ödəniləcəyi yenə də açıq qaldı, yəni məsələ həll olunmadı. Ertəsi gün banklar vətəndaşa istehza ilə güldü. Yəni dəyirman bildiyini edir, çaq-çaq baş ağrıdır. Beləcə, bankların düşdüyü vəziyyəti dövlət, ya da baş bank deyil, rifah halı onsuz da gündən günə pisləşən vətəndaşların belinə yükləndi. Gündə qırxbir kərə yeddiarxa dönəninə söydüyümüz Qərb ölkələrində bank insanlara xidmət edir. Əgər bank iflasa uğrayırsa, bunun vətəndaşa dəxli yoxdur. O bank dövlət dəstəyi və ya əlavə gəlir mənbələri axtarılıb tapılmaqla dayanıqlılığını təmin edir. Çünki bazar qaydaları ilə işləyən banklar və kredit təşkilatlarımız fəaliyyətində müasir idarəetmə prinsiplərini tətbiq etmədi. Bu da riskləri artırdı, bank fəaliyyətinin uzunmüddətli inkişaf yolunun müəyyənləşdirilməsinə əngəl törədir. Nəticədə çox acıdır. Olan vətəndaşa olur. İnsanlar ay boyu işləyib aldığı cüzi əməkhaqqına övladına bir corab və ya bir kitab-dəftər belə almağa ixtiyarı, imkanı yoxdur. Banklar dərisini soyar. Götürək Rusiyanı, burada iqtisadi vəziyyət ağırlaşanda dövlət banklara maliyyə yardımı etdi, ehtiyacı olan təşkilatlara uzun müddətə aşağı faizlə və ya faizsiz vəsait ayırdı. Banklar da həmin vəsaitlə maliyyə vəziyyətini düzəltdi. Lakin Azərbaycanda bankların son vəziyyəti onu göstərir ki, kredit təşkilatlarının üzləşdiyi çətinlik hələ uzun müddət davam edəcək, çünki cibindəki son quruşunu almağa müştəri tapmayacaqlar R.Qarayeva  





Həftənin ən çox oxunanları