Yuxarı

“Neftin qiyməti yenidən aşağı düşə bilər”

“Neftin qiyməti yenidən aşağı düşə bilər”

[caption id="attachment_854" align="alignleft" width="325"]Natiq Ceferli Natiq Cəfərli: “Yaxın gələcəkdə neft qiymətlərinə yenidən basqı yaranacaq”[/caption]

Həftə böyü neft qiymətlərinin 5 dollardan çox bahalaşması dünya iqtisadiyyatında canlanma yaradıb. Çin fond bazarlarına nəzər yetirdikdə, 1% üzərində artımlar müşahidə edilir. Cümə axşamı günü Amerika fond bazarları da Avorpa sessiyasından ilhamlanaraq, sessiyanı müsbət rəqəmlərlə bağladı. Bəzi ekspertlər hesab edirlər ki, bu tendensiya Suriyadakı proseslərlə bağlıdır. Amma rusiyalı ekspert Mixail Krutixinin "Rbc.ru" saytındakı yazısında bildirib ki, Suriyadakı siyasi situasiya neftin qiymətinə təsir etmir.

Onun sözlərinə görə, neftin qiymətindəki dəyişikliklər daha çox ABŞ-la bağlıdır: "Əgər Suriyada müharibə gedən bölgələrə baxsaq, o zaman neftin hasilatı və nəqlinə bunun heç bir aidiyyəti olmadığını görərik. Neftin qiyməti daha çox tələbat və təklifdən asılıdır. İndiyə qədər bir sıra şəxslər neftin qiymətinin dolayısı ilə İŞİD-in vasitəsilə tənzimləndiyini güman edirdilər. Lakin son yoxlamalar göstərdi ki, İŞİD yalnız bir neçə avtosisterni Türkiyəyə satmağa cəhd edib. Neft hələ uzun müddət 45 dollar səviyyəsində qalacaq. Lakin əgər neft təsadüfən 60-65 dollara qalxsa, o zaman ABŞ yenidən fəaliyyətə başlayacaq. Ona nə OPEK, nə də ki, digər böyük neft ixracatçıları mane ola biləcək. Hazırkı situasiya göstərir ki, neft ən azı 10 il indiki səviyyədə qalacaq və Yaxın Şərqdəki heç bir siyasi situasiya ona təsir etməyəcək".

Bəs dünya bazarında qiymət artımı Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcəkmi?

İqtisadçı-ekspert Vüqar Bayramov öz “facebook” səhifəsində yazıb ki, oktyabr ayında dünya bazarında Brent markalı neftin qiyməti 11 faizə yaxın yüksəlib: “9 gündə iki rəqəmli qiymət yüksəlişinə imza atan xam neft məhsulları son dövrün rekrod artımını rəsmilləşdirib”.  Onun sözlərinə görə, neftin dünya bazarındakı qiymətində artımlar davam edir: “Bununla da neftin dünya bazar qiyməti son 2 ayda ən baha qiymətə satılır. Qiymət artımına əsas kimi ABŞ-da açıqlanan iqtisadi göstəricilər qeyd edilir. Belə ki, ABŞ-da benzin tələbatının yüksəlməsi və bir sıra neft buruqlarının bağlanması da enerji bazarına ciddi təsir göstərib. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, ötən ay ABŞ-da neft hasilatı gündəlik 120 min barel azalıb. Bu son 1 ildə ABŞ-da qeydə alınan ən aşağı istehsal göstəricisidir. Eyni zamanda Birləşmiş Ştatlarda hasilatın azalacağı ilə bağlı proqnozlar verilməkdədir. Digər tərəfdən, investorların yalnız ABŞ-da deyil, eyni zamanda digər neft bölgələrində də sərmayə qoyluşunu azaltması müşahidə olunur ki, bu da neftin potensial təklifinə təsir göstərməkdədir”.

neft

V.Bayramov əlavə edib ki, buna digər səbəb isə Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlardan sonra dünyanın ən böyük enerji hasilatçılarından olan Yaxın Şərqdə qeyri-stabilliyin yaranacağı ilə bağlı narahatçılıqdır: “NATO-nun son münaqişə ilə bağlı açıqlamaları və Rusiyanın regionda qalmaq istəyi hərbi əməliyyatların bütün Yaxın Şərqə yayılması təhlükəsi yaradıb. Bu isə potensial neft təklifinin azalacağı ilə bağlı investorlar arasında ciddi narahatçılıq formalaşdırıb. Neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycan üçün olduqca faydalıdır. Bu ölkəyə daxil olan valyutanın həcminin artmasının, büdcə gəlirlərinin çoxalmasının, monetar stabilliyin və dövlət rezervlərinin həcminin qorunub saxlanmasının əsas şərtlərindən hesab edilir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə “Cumhuriyət”ə bildirdi ki, dünya bazarında neftin qiymətinin qalxmasının Azərbaycan iqtisadiyyatına təsir edib-etməyəcəyi artım prosesinin nə qədər davamlı olacağından asılıdır. Onun fikrincə, hazırda bu prosesin davamlı olacağı ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil: “Əlbəttə, davamlı olacaqsa, Azərbaycan iqtisadiyyatının neftdən asılı olduğunu nəzərə alsaq bu ölkəyə daha çox gəlir gəlməsi deməkdir. İndiki şəraitdə bir çox faktorlar var ki, artım prosesinin uzunmüddətli olma ehtimalını minimuma endirir. Yaxın gələcəkdə tamamilə əks prosesin başladığını görə bilərik. Ötən ay da belə bir yüksəliş olmuşdu, hətta neft 54 dollara qədər qalxmışdı. Sonra yenidən 47-48 dollara qədər endi. Bu ayın axırında bir neçə önəmli faktorlar var ki, onlar neftin qiymətinə təsir göstərə bilər. Oktyabrın 21-də İranla bağlı sanksiyaların aradan götürülməsi bu amillərdən biridir. Oktyabrın 21-də İran artlıq fiziki olaraq bazara çıxma şansı əldə edəcək.  İkinci faktor ondan ibarətdir ki, bu yaxınlarda həm ümumdünya Valyuta Fondu, həm də Dünya Bankı 2016-cı il üçün dünyada iqtisadi artım proqnozlarını açıqladı. Bütün dünya üzrə daha az artım proqnozlaşdırılıb. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım sürətinin zəifləyəcəyi göstərilib.

Əgər iqtisadiyyatın sürəti zəifləyəcəksə, təbii ki, neftin istehlakı da azalacaq. Neftin istehlakının azalması gələcəkdə neftin qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Bu iki faktorun yaxın gələcəkdə neft qiymətlərinə yenidən basqı yaratmaq ehtimalı var. Ona görə də neftin qiymətinin yenidən 50 dollardan aşağı düşməsini müşahidə edə bilərik. Son bir həftədə başlanan trend çox pozitivdir, Azərbaycanın gəlirlərinin artması üçün yaxşı bir haldır. Amma bir müddət sonra qiymətlərinin əksə dönməsinin şahidi ola bilərik”.

Cavad





Həftənin ən çox oxunanları