Yuxarı

Yeni fərman sahibkarlara nə vəd edir?

Yeni fərman sahibkarlara nə vəd edir?

[caption id="attachment_1125" align="alignleft" width="322"]qubad_ibadoglu Qubad İbadoğlu: “Bu fərman gömrükdə rüşvəti azaldacaq”[/caption]

Azərbaycan prezidenti "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" Fərman imzalayıb. Fərmana görə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçiriləcək.

ADR Hərəkatının sədri, iqtisadçı-ekspert Qubad İbadoğlu deyib ki, bu fərmana qədər ölkəyə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişindən azad idi: “Mövcud qaydalar dəyişəndən sonra vətəndaşı müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə məbləğ 500 ABŞ dollarından 2000 ABŞ dollarına qədər artırılacaq. Amma onu da nəzərə almaq lazımdır ki, bu qaydalar aksizli mallara, avtonəqliyyat vasitələrinə və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalara şamil olunmur. Bu fərmanla gömrüyə bəyan ediləcək məbləğin əvvəlki ilə müqayisədə 6,6 dəfədən çox müəyyənləşdirilməsi sərhəd buraxılış məntəqələrində "yaşıl kanal"dan istifadə edən vətəndaşların sayını və rahatlığını artırmaqla yanaşı, həm də indiyə qədər mövcud olan rüşvət sistemini zəiflədəcək. Bu fərman həmçinin fiziki şəxslərin xarici ticarət, xüsusilə də idxal əməliyyatlarında iştirakına stimul verəcək. Hesab edirəm ki, fərman orta və uzunmüddətli dövrdə istehlak bazarında idxal mallarının qiymətlərinin sabitləşməsinə də müsbət təsir göstərəcək. Odur ki, yeni fərmanı təqdir edir və bu istiqamətdə mütərəqqi dəyişikliklərin hüquqi şəxslərlə bağlı gömrük-idxal əməliyyatlarına da şamil olunmasını arzulayıram”.

[caption id="attachment_854" align="alignleft" width="325"]Natig Ceferli Natiq Cəfərli: “Gömrükdə qarşıdurma ərşə çıxacaq”[/caption]

İqtisadçı-ekspert Natiq Cəfərli Fərmanın kiçik və orta biznesə, sahibkarlara heç bir aidiyyatının olmadığını deyib. Ekspertin fikrincə, əksinə bu, orta və uzun vədədə kiçik və orta biznesə ciddi problemlər yaradacaq: “Fərmanın özündə açıq-aşkar yazılıb ki, söhbət kommersiya məqsədi olmayan, şəxsi istifadə üçün nəzərdə tutulan mallardan gedir”.

Ekspert qeyd edib ki, icazəli mal daxil olmasının 10.000 dollara çıxarması pozitiv addımdır, amma eyni zamanda ciddi suallar yaradıb: “a) Hər bir vətəndaş ildə neçə dəfə şəxsi istifadəsi üçün 10.000 dollarlıq mal gətirə bilər? b) Əgər bir vətəndaş özü üçün 10 minlik mebel gətiribsə, sonra valideynlərinə, qohumlarına yenə də 10 minlik mebel gətirə bilərmi? c) Gömrük müfəttişi necə müəyyən edəcək ki, mən 10 minlik mebeli özümə gətirmişəm, ya satmağa? Bu suallara cavab olmasa, gömrükdə müfəttiş – vətəndaş qarşıdurması ərşə çıxacaq”.

Natiq Cəfərlinin sözlərinə görə, əgər fərman tam gücü ilə işləsə, Azərbaycanda mebel, TV, soyuducu, klima və sairə məişət texnikası alan olmayacaq, bu isə, bir müddət sonra ölkədə bu sahələrdə çalışan iş adamlarının, kiçik və orta sahibkarların dövriyyəsi, qazancı düşəcək, onlar icarə haqlarını, maaşları verə bilməyəcək, bir çoxları öz işlərini qapatmalı olacaqlar: “Yəni bu anlamda fərman orta və uzun vədədə iş adamlarına mənfi təsir göstərəcək.

Amma, qiymətlər də enəcək, sadə vətəndaşlara bu da pozitiv təsir göstərəcək. Fərmandan ən çox Gürcüstan, Türkiyə və Rusiyanın iş adamları, satış mərkəzləri, orta və kiçik sahibkarları qazanacaq, məhz onlara fərman ciddi dəstək olacaq”.

Prezidentin fərmanına əsasən, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallardan (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük rüsumu tutulmayacaq.

[caption id="attachment_1026" align="alignleft" width="291"]Fexrim Ebdulezimov Fəxrim Abduləzimov: “Monopoliya aradan qalxmayınca ucuzlaşma olmayacaq”[/caption]

Fərmanı şərh edən AXCP funksioneri iqtisadçı ekspert Fəxrim Abduləzimov  deyib ki, nə kiçik, nə də böyük biznesləməşğul olan sahibkarlar bu qərardan yararlana bilməyəcəklər: “Bu qərar az təminatlıailələrin yaşayış rifahının yaxşılaşmasına səbəb ola bilər. Sərhəd keçid məntəqələri yaxınlığında yaşayan az təminatlı ailələr bundan yararlanacaqdır. Daha çox Qırmızı körpü, Astara, Qusar sərhəd keçid məntəqələrinin ətrafında yaşayan əhali faydalanacaq.

Bu vətəndaşlar gündəlik tələbatlarını ödəmək üçün bu şərtlərdən istifadə edə bilərlər. Bir müddət öncə də belə olmuşdu. Sərhəd keçid məntəqələrinə yaxın ərazilərdə yaşayan insanlar bu qərardan yararlanmışdılar.

Ancaq bu qərar yerli istehsal və xarici dövlətlərdən mal gətirən sahibkarlar üçün böyük zərbə olacaq”. Ekspert hesab edir ki, alıcılıq qabiliyyətinin zəifləməsi yerli istehsalata böyük təsir göstərəcək və qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq: “Bu qərar vergi ödəmələrinin azalmasına gətirib çıxaracaq.

Düşünürəm ki, sərhəd keçid məntəqələrində insanların sərhədi bir gündə keçib geriyə qayıtmasına məhdudiyyətlər qoyulacaq. Hesab edirəm ki, monopoliya yığışdırılmayana kimi, bu qərar ölkədə qiymətlərin ucuzlaşmasına, sahibkarların biznes planlarının genişlənməsinə, rəqabətin güclənməsinə  heç bir stimul verməyəcək”.

Vilayət Muxtar