Yuxarı

Manatın aldadıcı imitasiyası

Manatın aldadıcı imitasiyası

[caption id="attachment_3381" align="alignleft" width="317"]Fuad İbrahimov “Fuad İbrahimov: “Neftin qiyməti yenidən üzüaşağı gedəcək”[/caption]

Martın 15-də  ABŞ dollarının Azərbaycan manatına nisbətdə ucuzlaşması qeydə alınacaq. Azərbaycan Mərkəzi Bankının bu günə müəyyən etdiyi məzənnə belə deməyə əsas verir. Qeyd edək ki, martın 15-də 1 ABŞ dolları 1,6322 AZN səviyyəsində müəyyən olunub. Martın 14-də isə dollar 1,6411 manata bərabər idi.

Mart ayının birinci ongünlüyündə dolların manata qarşı hər gün 1-2 qəpik möhkəmlənməsi müşahidə olunsa da, bu gündən başlayaraq bu fərq aşağı düşüb. Bir sıra ekspertlər dolların cüzi də olsa ucuzlaşmasını dünya bazarında neftin qiymətlərinin 40 dollara qədər artması ilə izah edir. Hətta artıq dünya enerji bazarında neftin satış qiymətinin sabitləşdiyi də iddia olunur. Digər ehtimallara görə, Azərbaycanda "üzən məzənnə" sisteminə keçilməsi artıq öz təsirlərini göstərməyə başlayıb. Belə ki, manatın məzənnəsi tələb və təklif əsasında formalaşdığından onun gündəlik olaraq artması və ya azalması təbii haldır.

İqtisadçı-alim Fuad İbrahimov hesab  edir ki, hazırda valyuta bazarında müşahidə olunan vəziyyət "üzən məzənnə"nin imitasiyasıdır. Ona görə də manatın bir neçə qəpik bahalaşması və ya ucuzlaşmasının neft amili ilə əlaqəsi yoxdur: “Dünya maliyyə bazarlarında ABŞ dollarının digər valyutalara qarşı nisbətdə hərəkətinə uyğun manat da ona reaksiya verir. Ona görə də, bir balaca aldadıcı sabitlik yaranıb. Yəni mən bunu "üzən məznnə"nin imtasiyası adlandırardım. Düşünürəm ki, biz bu bayram günlərini nisbi sabitliklə keçirə biləcəyik. Amma riskli dövr də qalmaqdadır. Çünki devalvasiya problemi aktuallığını itirməyib”.

Fuad İbrahimovun sözlərinə görə, dünya bazarlarında neftin qiymətinin sabitləşməsi və devalvasiya təhlükəsinin aradan qalxması barədə deyilənlərin heç bir iqtisadi əsası yoxdur: “Çox təəssüflər olsun ki, MDB ərazisindəki bəzi iqtisadçı alimlər dərindən təhlillər aparmır.

Müasir dünyada yeni iqtisadi təsir alətləri var. Bunlardan biri də elektron ticarət platformalarıdır. Həmin platformalarda ümumi həcm indikatorları var ki, onun vasitəsilə alınan məlumatları analiz etsək, görərik ki, neftin qiyməti yenidən düşəcək. Hal-hazırda həcm indikatorlarındakı vəziyyət göstərir ki, neftin qiymətinin qalxması müvəqqətidir və yenidən üzüaşağı gedəcək. Əgər dövlət rəsmilərindən kimsə neftin qiymətinin sabitləşdiyini deyirsə, bu qeyri-peşəkarlıqdır. Hətta indiki halda neftin qiymətinin 60, 70, 80 dollara qədər qalxması Azərbaycan iqtisadiyyatını sabitləşdirə bilməz”.

İqtisadçı-ekspert dolların kursunun mart ayının sonuna qədər 1,7-1,8 AZN-ə bərabər olacağı barədə proqnozlara da bildirdiyi münasibətdə  bildirir ki, manat real dəyərinə uyğunlaşmadığından konkret rəqəm söyləmək çətindir: “Birincisi, manatın real dəyəri müəyyən olunmalıdır.

Manatın real dəyəri dollara nisbətdə 1,8 AZN-dən yuxarıdır. Bunu "üzən məzənnə" müəyyən etmir. Çünki Azərbaycanda "üzən məzənnə"yə keçildiyi elan edilsə də, faktiki olaraq, "üzən məzənnə" yoxdur.  Manatın məzənnəsi qərarla müəyyən edilir. Ona görə də dollar 1,7də ola bilər,  1,8 də, 2 manat da. Ümumiyyətlə, manatın dəyəri reallıqdan çox aşağıdır. Çünki bu insan amilindən asılıdır”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları