Yuxarı

“Dollar təxribatı”

“Dollar  təxribatı”

Fuad İbrahimov: “Göstəriş verilib ki, onlara toxunulmasın”

Ard-arda gələn iki devalvasiya manatın taleyini sual altına saldı. Birinci devalvasiyadan sonra 33 faiz ucuzlaşan manat, ikinci devalvasiyadan sonra daha kəskin, 58 faiz dəyər itirdi. 1 il ərzində manatın ümumilikdə orta hesabla 100 faiz dəyər itirməsi ictimaiyyətdə böyük ajiotaja səbəb oldu. Ekspertlər şərh verərək növbəti, daha kəskin 3-cü devalvasiyanın baş verəcəyini anons etdilər.

Bayram günlərində müşahidə olunan dolların ucuzlaşmasının əslində, səbəbi başqa idi. Turistlərin Bakıya xarici valyuta ilə gəlməsi və bankların işləməməsi manata tələbatı müəyyən qədər artırdı. Bu, əslində, süni şəkildə yaradılan ucuzlaşma idi. Və bu hal turistlərdə böyük narazılığa səbəb oldu. Bankların işləməməsi turistləri “qara bazar”a üz tutmağa məcbur etdi. Qeyd edək ki, bayram günləri “qara bazar”ın çiçəkləndiyi dövr sayılır. Bayram günlərində “qara bazar”da dolları 1.46 məzənnə ilə götürürdülər. Manatın real dəyərini nəzərə alsaq, bu qiymət 20-25 faiz aşağıdır.

Bundan narazı qalan turistlər alternativ yollardan istifadə edərək vəziyyətdən çıxmağa çalışdılar. Bakıya gələn İran turistləri, o bölgədə geniş yayılan “sərraf” sistemindən istifadə edərək gətirdikləri xarici valyutanı elə özləri ilə geri qaytardılar. İtirən isə yenə də Azərbaycan iqtisadiyyatı oldu.

“Sərraf” sistemi nədir

Bu sistem ölkələr arasında qeyri-rəsmi valyuta mübadiləsidir. Bu İranda daha geniş yayılıb, bir növü makler xidmətidir. Potensial turistlərin hər birinin işlədikləri ən az 3 “sərraf” olur. Getdikləri ölkənin milli valyutasını əldə etmək istəyən turistlər bu şəxslərə zəng edərək, real məzənnə ilə həmin ölkənin valyutasını əldə edirlər. Bu sistem turistləri aldanmaqdan qoruyur və onlar bunu daha təhlükəsiz sistem kimi qəbul edirlər.

İqtisadçı Fuad İbrahimov “Cümhuriyət”ə açıqlamasında “qara bazar”ın fəaliyyəti üçün bayram günlərində geniş bir şərait yarandığını vurğulayıb. Onun sözlərinə görə, bunun əsl səbəbi elə valyutadəyişmə məntəqələrinin ləğv olunmasıdır:

“Bunun başlıca səbəbi odur ki, ikinci devalvasiyadan sonra Mərkəzi Bank sistemində aparılan islahatlar nəticəsində şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən valyuta mübadilə məntəqələri bağlandı. Valyutadəyişmə məntəqələri bağlandığı halda, şənbə, bazar və bayram günlərində banklar işləmədiyi üçün “qara bazar”ın yaranmasına fon yarandı. Axı biz məhdudlaşdıra bilmərik ki, şənbə və bazar günlərində Azərbaycana turist gəlməsin, hər hansı bir alış-veriş, iaşə obyeklərinə təklif buyurmasın. Biz valyuta mübadiləsi məntəqələrini ləğv etməklə burdan yararlanan sahibkarlıq fəaliyyətinə ciddi zərbə vurmuşuq. Hesab edirəm ki, valyutadəyişmə məntəqələrinin bağlanması dövlətçiliyimizə qarşı təxribatdır. Biz bayram günlərində bunun şahidi olduq. Böyük bir qlobal problem yarandı. “Qara bazar”ın formalaşması üçün münbit mühit formalaşdı. “Qara bazar”ın fəaliyyətinin tarixən əsas məqsədi külli miqdarda gəlir əldə etmək olub. Buna görə də rıçaqlar əllərində olduğu üçün məzənnəyə “xüsusi amansızlıqla” təzyiq edərək xeyli aşağı salırlar. Və buna da nail olurlar”.

Ekspertin fikrincə, valyuta mübadilə məntəqələrinin bağlanması iqtisadi göstəricilərimizə cavab vermir, işsizlik ordusu yaradır:

“Mübadilə məntəqələrinin bağlanması, bizim iqtisadi göstəricilərimizə də cavab vermir. Bü gün yeni iş yerlərinin açılması üçün dövlət proqramları hazırlanır, prezident sərəncamları verilir və birdən-birə banklarda mübadilə məntəqələri bağlanır. Bu sahədə artıq püxtələşmiş mütəxəssislər işləyirdi. Onların hamısını ixtisara salıb göndərdilər evə. 100 mübadilə şöbəsinin hərəsində 3 nəfər mütəxəssis işdən çıxarılanda artıq 300 nəfərlik işsizlik ordusu yaradırıq. Nə üçün mübadilə şöbələri bağlanmalıdır? Valyuta mübadilə məntəqələrinin fəaliyyəti Azərbaycanın dünyaya inteqrasiyasının qarşısını alır? Daim müxtəlif xarici valyuta Azərbaycana gələcək, qanunvericilikdə qadağan olunduğu üçün mütləq bu manatla mübadilə olunmalıdır ki, hər hansı bir məqsəd üçün istifadə olunsun. Hesab edirəm ki, qısa zamanda mübadilə məntəqələrinin bərpası mütləq olmalıdır. 7-8 gün Azərbaycanda rəsmi bayramdır, ancaq bu o demək deyil ki, bütün dünyada bayramdır. Dünya maliyyə bazarları işləyir və valyuta mübadilə məntəqələri də maliyyə bazarına uyğun bu prosesi aparmalı idi. Bununla da “qara bazar”ın qarşısı alınmalı idi. Bu məntəqələrin bağlanması çox təəssüf ki, Mərkəzi Bankın adekvat olmayan, hazırkı bazar münasibətlərinə cavab verməyən bir addımdır”.

F.İbrahimov deyb ki, qara bazarın məhz açıq şəkildə fəaliyyət göstərməsi, belə qənaət verir ki, göstəriş verilib ki, onlara heç kim toxunmasın: “Əgər qanun pozuntusu varsa, dərhal qarşısı alınmalıdır.

Əgər hüquq-mühafizə orqanları bunu görür, ancaq qarşısını almırsa, o zaman başqa cür fikirlərin formalaşmasına şərait yaranır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları