Yuxarı

Manatı gözləyən təhlükə

Manatı gözləyən təhlükə

Rəşad Həsənov: “Dolların uçot dərəcəsi artırılsa, manat 20-30 faiz dəyər itirəcək”

ABŞ Federal Ehtiyat Sisteminin  rəhbəri Canet Yellen dolların uçot dərəcəsinin artırılmasının vacibliyini təklif edib. Ancaq bu, FES-in son qərarı kimi başa düşülə bilməz. Əsas qərar FES-in aprelin 27-də keçiriləcək toplantısında  veriləcək. Əgər FES dolların uçot dərəcəsini yenidən artırsa, bu, təbii ki, ABŞ valyutasının möhkəmlənməsinə səbəb ola bilər. Bu isə dolların digər valyutalara təzyiqini gücləndirə bilər. Xatırladaq ki, FES sonuncu dəfə dekabrın 15-də dolların uçot dərəcəsinin artırılması haqda qərar çıxarıb.

Ona görə də Azərbaycan manatının dekabrın 21-də devalvasiyaya uğramasında bu qərarın təsirinin böyük olması barədə rəylər ortaya çıxdı. Bu arqumenti formalaşdıran digər səbəb dolların bahalaşması fonunda neftin qiymətinin kəskin aşağı düşməsi idi. Bu səbəbdən də FES-in növbəti iclasının nəticəsinin manata təsirinin nədən ibarət olacağı diqqətlə izlənilir. Bir sıra iqtisadçılar isə bunun əksinə olaraq, dolların uçot dərəcəsinin artmasını Azərbaycan manatına təhlükəli təsirinin olacağını düşünmür. Bu da Azərbaycan və ABŞ iqtisadiyyatının fərqli olması ilə izah edilir.

İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, Azərbaycanda manatın ucuzlaşmasında FES-in qərarı manatın devalvasiya etməsində ciddi rol oynamayıb. Onun sözlərinə görə, dolların uçot dərəcəsinin artırılması manatın devalvasiya prosesinə maksimum 2-3 faiz  təsir göstərib: “Manatın məzənnəsinin formalaşmasında əsas indikator  neftin qiymətidir. Bu baxımdan yanaşdıqda, beynəlxalq valyuta bazarlarındakı hansısa dalğalanmalar və FES-in qərarı 2-3 faiz dəyişikliyə səbəb ola bilər. Dəyişikliyin 95-97 faizi neftin qiymətindən və ölkənin tədiyyə balansından asılıdır. Məsələyə belə yanaşdıqda düşünürəm ki, dekabr ayında FES-in çıxardığı qərarı manatın üzən məzənnə sisteminə keçməsində daha çox təhriklə-yici rol oynadı. Mərkəzi Bank anlamağa başladı ki, FES strategiyasını dəyişib və növbəti mərhələlərdə yumşaq formada da olsa, uçot dərəcəsini artıracaq. O vaxta qədər düşüncə bundan ibarət idi ki, ABŞ məzənnə siyasətini dəyişməz. Çünki  aparılan məzənnə siyasəti ABŞ  iqtisadiyyatını böhrandan çıxarmış və  inkişafa yönəltmişdi. Lakin ABŞ iqtisadiyyatı iqtisadi böyümə hədəfinə çatmışdı, işsizliyin səviyyəsi 4,9 faiz səviyyəsinə qədər aşağı düşmüşdü. Lakin gözlənilən inflyasiya səviyyəsinə çatmaq mümkün olmamışdı. Qlobal iqtisadiyyatda isə müəyyən dalğalanmalar var idi. Xüsusilə də Çin iqtisadiyyatı ilə bağlı risklər dünya iqtisadiyyatını təhdid edirdi. Azərbaycan Mərkəzi Bankı da dolların uçot dərəcəsinin artırılmayacağına ümid edirdi. Ancaq FES-in dekabr ayında çıxardığı qərar dolların mərhələli şəkildə bahalaşdırılması kursunun ortaya qoyulduğunu göstərdi. Azərbaycan Mərkəzi Bankı da üzən məzənnə sisteminə keçməyə məcbur oldu. Lakin devalvasiya prosesində FES-in qərarı 50 faizlik gücə malik olmayıb. Hətta FES-in həmin qərarından sonra ABŞ dollarının avroya qarşı məzənnəsində ciddi bahalaşması müşahidəsi qeydə alınmadı. Əgər 2015-ci ilin dekabr ayının 16-da 1 ABŞ dolları 1,10 avroya bərabər idisə, hazırda dollar avroya qarşıya ucuzlaşıb və 1 dollar 1, 13-ə qədər ucuzlaşıb. Ona görə də biz Canet Yellenin sonuncu açıqlamasına diqqətlə fikir versək, FES rəhbəri dolların uçot dərəcəsinin artırılacağını demədi. Doğrudur, onun aşıqlaması bir qədər balanslaşdırılmış şəkildə deyildi.

Amma onun dekabr ayından bu günkündən xeyli fərqlənməsi onu deməyə əsas verir ki, dolların uçot dərəcəsinin artırılması gözlənilmir. Yəni qısamüddətli dövrdə uşot dərəcəsinin artırılması ehtimalının az olduğuna işarə verdi. Böyük ehtimalla, aprel ayında FES dolların uçot dərəcəsini artırmayacaq. Artırsa belə, bu, manatın məzənnəsinə 2-3 faiz təsir edəcək.  Əlbəttə, 2016-cı ildə Azərbaycanda manatın dəyərini 20-30 faiz səviyyəsində itirəcəyi gözlənilir. Amma bu, dolların bahalaşması ilə bağlı deyil. Əsas səbəb Mərkəzi Bankın bazarda iştirak imkanlarının məhdudlaşması və Dövlət Neft Fondunun bazara daha az valyuta çıxarması ilə əlaqədardır”.

Rəşad Həsənov onu da bildirdi ki, dolların bahalaşması alqı-satqısı ABŞ valyutası ilə həyata keçirilən neft, qızıl, pambıq kimi qiymətli əmtəələrin ucuzlaşmasına səbəb olur. Lakin bu karielyasiya prosesi qısamüddətli xarakter daşıyır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları