Yuxarı

Dollarla kreditə rəsmi qadağa

Dollarla kreditə rəsmi qadağa

Rəşad Həsənov: “Bu proses hökumət üçün çox ciddi bir problem yaradıb”

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclasında xarici valyuta ilə istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib. Bununla əlaqədar qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyuta ilə istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır.

İqtisadçı ekspert Rəşad Həsənov “Cümhuriyət”ə bildirib ki, məqsəd vəziyyətin daha doğru qiymətləndirilməsi və növbəti dövrlər üçün strategiyanın ilk istiqamət planının hazırlanmasıdır: “Ümumi təhlillər onu göstərir ki, problemli kreditlərin həcmində istehlak kreditlərinin payı kifayət qədər yüksəkdir. İstehlak kreditlərinin tərkibində isə daha yüksək maliyyəli problem yaradan sahə məhz xarici valyutada verilən kreditlərdir. Yəni milli valyutanın dəyişdirilməsi faktiki olaraq vətəndaşların xarici valyutada kreditləri ödəmə qabiliyyətini kifayət qədər azaldıb. Hesab edirəm ki, borclanma sürətinin aşağı salınması, vətəndaşların xarici valyutada borclanaraq növbəti dövrlərdə daha ciddi problemlərlə üzləşməsini önləmək məqsədi ilə bu addım atılıb. Çünki bu proses hökumət üçün çox ciddi bir problem yaradıb. Bank sektorunun problemlərinin böyüməsi növbəti dövrlərdə maliyyə sektorunun dayanıqlığını ciddi təhlükə altına alır. Bu isə ölkədə kredit əlçatanlığının azalmasına və digər iqtisadi sektorların məhvinə qədər apara bilən istiqamətdir. Böyük ehtimalla növbəti dövrlərdə xarici valyutada verilən istehlak kreditlərinin həcminə müəyyən məhdudiyyətlər qoyulacaq. Digər tərəfdən xarici valyutada verilən istehlak kreditlərinin faizlərinin yuxarı həddi müəyyənləşdiriləcək. Ümumiyyətlə, banklar üçün xarici valyutada istehlak krediti verilməsi limiti müəyyənləşdiriləcək. Çünki banklar öz portfellərini valyutalaşdırdıqca prosesin idarə olunması çətinləşir. Hazırda kreditlərin geri qaytarılması istiqamətində ciddi problem var. Ümumi götürdükdə bu yöndə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, daha da sərtləşdirilməsi optimal variantlarla növbəti dövrlərdə yaranacaq risklərin minimuma endirilməsidir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları