Yuxarı

Şəhidlərin bank borcları bağışlanacaqmı?

Şəhidlərin bank borcları bağışlanacaqmı?

Əkrəm Həsənov: “Bankları buna məcbur etmək olmaz, ancaq...”

Cəhbə xəttində baş verən döyüşlər zamanı şəhid olmuş hərbçilərin bank borclarının bağlanması məsələsi müzakirə olunur. Vətən yolunda şəhid olan hərbçilərin ailələrinə dəstək məqsədilə bu addımın atılmasının vacibliyi vurğulanır. Ancaq bu addım atılacağı təqdirdə hansı qaydalarla tənzimlənəcək? Təkcə şəhid olan hərbçilərə, yoxsa onların ailələrinə də şamil olunacaq?

Cebhe.info-ya açıqlamasında hüquqşunas, bank üzrə ekspert Əkrəm Həsənov şəhid ailələrindən rəhbərlik etdiyi “Antilollektor”a hələ belə bir müraciət ünvanlanmadığını deyib. Onun sözlərinə görə, bankları buna məcbur etmək olmaz, ancaq dövlət tərəfindən bu addımın atılmağı vacibdir:

“Şəhid ailələri bununla bağlı bizə müraciət etməyib. Amma nəzərə alsaq ki, Azərbaycanın əhalisinin böyük əksəriyyətinin bank borcları var, onların içində hərbçilər və ailə üzvləri də az deyil. Hesab edirəm ki, təkcə şəhidlərin özlərinin yox, həm də ailə üzvlərinin- ata, ana, bacı, qardaş, övladlar və həyat yoldaşlarının bank borcları bağışlana bilər. Çünki o şəxslər vətənə elə bir qurban veriblər ki, onların borclarının bağlanmasına ehtiyac var. Ancaq təbii ki, heç bir bankı buna məcbur etmək olmaz. Bu, bankın öz təşəbbüsü, öz qərarı olmalıdır. Amma bank əgər borcları bağışlamırsa, dövlət öz hesabına bunu edə bilər. Məndə olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankı bu addımı atıb. Bu, çox düzgün addımdır. Digər banklar da bu cür addım atsalar, çox yaxşı həll yolu olardı. Məlumatlara görə, Ermənistanda 12 yerli bankla yanaşı, Azərbaycan ərazisi olan Dağlıq Qarabağda yerləşən VTB də belə bir qərar verib. Təkcə ölən erməni hərbçilərinin yox, ailələrinin də borcları bağışlanıb. Bizdə də buna çox böyük ehtiyac var”.

Əkrəm Həsənov dünyasını dəyişən vətəndaşın bank borclarını sığorta şirkətlərinin hansı şərtlərlə ödədiyinə də aydınlıq gətirib. Onun sözlərinə görə, banka borcu olan vətəndaş dünyasını dəyişərsə, sığorta onun borcunu bağlamır. Bu hal ancaq ipoteka kreditlərində mümkündür:

“Əgər hər hansı bir vətəndaş həyatını itirərsə, onun bank borcu o zaman sığorta tərəfindən ödənilir ki, kredit götürən şəxsin həyatı sığortalanmış olsun. Bizdə isə kreditlərin əksəriyyətində belə bir hal yoxdur. Yalnız ipoteka kreditlərində belə hallar var. Buna görə də ipoteka götürən şəxs həyatını itirərsə, onun borcu sığorta şirkəti tərəfindən şəxsin əmlakı hesabına ödənilir. Amma istənilən halda mən hesab edirəm ki, şəhid olan hərbçilərin özlərinin deyil, ailə üzvlərinin də kreditləri bağlanmalıdır. Düzdür, bizim üçün hər bir hərbçinin həyatını itirməsi ağırdır. Ancaq ilk növbədə onun ailəsi üçün bu, çox ağır itkidir. Bu məsələnin mənəvi tərəfindən əlavə maddi tərəfi də var. Hərbçinin şəhid olması həm də ailəyə gəlir gətirən şəxsin itirilməsidir. Əgər kimsə hərbçi ailəsindən gedib kredit götürürsə, güvənir ki, borcu bağlamağa oğlu kömək edəcək. Hesab edirəm ki, bu məsələyə kompleks şəkildə baxılmalıdır. Ailə dedikdə mən şəhidin anası, atası, qardaşı, bacısı və həyat yoldaşını nəzərdə tuturam. Digər əmi, dayı, bibi və digər qohumlar bu məsələyə aid edilmir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları