Yuxarı

Hökumət böhrana təslim oldu

Hökumət böhrana təslim oldu

Sərdar Cəlaloğlu: “Komanda dəyişməlidir”

Qadir İbrahimli: “Konkret proqram yoxdur”

Rafiq Daşdəmirli: “Hökumətin apardığı islahatlar yetərli deyil”

Devalvasiyadan sonra ölkədə baş verən total böhran getdikcə daha da dərinləşir. Dünya bazarında neftin kəskin dəyər itirməsi ölkənin gəlirlərini xeyli azaldıb. Ölkəyə gələn xarici valyutanın azalması nəticəsində bir ildə 2 dəfə manat devalvasiyaya uğradı. Bu da sahibkarlığın inkişafına, əhalinin xərclərinin artmasına və bir sıra sosial problemlərin yaranmasına səbəb oldu. Bu cür problemlərin fonunda isə işsizlik ordusu yarandı.

Hökumət böhrandan çıxmaq üçün bir çox müzakirələr apardı. Böhrandan çıxmaq üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi və gömrükdə müəyyən islahatların aparılmasının vacibliyi qənaətinə gəldi. Ancaq qərarlar verilsə də, vəziyyət dəyişmədi. Aparılan işlərdə isə nəzərə çarpacaq heç nə yoxdur. Hökumətin verdiyi qərarlar hər zamankı kimi yenə də imitasiya xarakterli oldu.

Bu problemlərə, baş verən devalvasiyanı səbəb göstərən hökumət ölkədə baş verən total böhrandan niyə çıxa bilmir?

“Cümhuriyət”ə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hökumətin böhrandan çıxmaq şansının olmadığını dedi:

“Birincisi dünyanın heç bir yerində ölkəni böhrana salan komanda onu böhrandan çıxara bilməz. İlk növbədə, siyasi hakimiyyət, ən yaxşı halda isə ciddi kadr dəyişiklikləri baş verməlidir. Bizdə isə nə hakimiyyət, nə də kadr dəyişir. Yeganə səbəb budur. Bir düşüncə, bir təfəkkür, bir siyasi komanda ki, ölkəni böhrana gətirib çıxarıb onu böhrandan çıxara bilməz. Ya komanda əvəzlənməlidir, ya da siyasət dəyişməlidir. Bunların heç biri Azərbaycanda baş vermir. Ona görə də Azərbaycanın böhrandan çıxmaq şansı yoxdur”.

İqtisadçı-ekspert Qadir İbrahimli isə bunun səbəbini hökumətin konkret proqramının olmamasında gördü:

“Bunun səbəbi ondadır ki, hələ hökumətin böhranla bağlı konkret konsepsiyası və proqramı yoxdur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Rafiq Daşdəmirli böhrandan çıxmaq üçün daha çevik iqtisadi və siyasi islahatlar aparmağın vacibliyini vurğuladı:

“İqtisadiyyat sadə mexanizmi olan iqtisadi rıçaqlara söykənən dürüst bir elmdir.Tarix göstərir ki, əgər onu öz fundamental iqtisadi riçaqlarla idarə etsən, heç vaxt böhranla rastlaşma ehtimalı olmaz. Dünyada iqtisadiyyatın tarazlığının dəyişməsi bizim ölkəni də böhranla üz-üzə qoydu. Bir ildə iki dəfə manatın devalvasiyası, bir yandan da ölkədə baş alıb gedən korrupsiya, rüşbətxorluq böhranı daha da dərinləşdirdi.

Nəticədə Azərbaycanda iqtisadi aktivlik xeyli zəiflədi. Belə formada olan böhrandan çıxmaq üçün daha çevik iqtisadi və siyasi islahatlar həyata keçirmək lazım idi. Hökumətin apardığı islahatlar isə yetərli deyil. Aparılan islahatlar isə qənaətbəxş sayıla bilməz. Böhrandan çıxmağın yeganə yolu köhnəlmiş nomenklatur metodlardan əl çəkmək, məhkəmə və bank sistemində şəffaflığı təmin etmək, gömrük sistemində islahatları sürətləndirməkdir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları