Yuxarı

Mərkəzi Bankdan psixoloji dollar savaşı

Mərkəzi Bankdan psixoloji dollar savaşı

Oliqarxlar valyutanın məzənnəsinə müdaxilə imkanı...

Azərbaycanda dolların manata qarşı məzənnə itirməsi çox suallar yaradır. Belə ki, dünyada bütün valyutalar dollara qarşı ucuzlaşdı, amma yeganə olaraq Azərbaycanda manat dollara qarşı bahalaşdı. Bu isə ölkədə üzən məzənnə rejiminin olmamasını sübut edir. Dolların manata qarşı “ucuzlaşması” xəbəri cəmiyyət arasında elə yayılır ki, sanki böyük bir ucuzlaşma baş verib və dollar əvvəlki vəziyyətinə (0,78 qəpik) qayıdıb. Bu isə psixoloji siyasət kimi qiymətləndirilir.

Bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı – ekspert Samir Əliyev bildirib ki, indiki halda məsələyə qlobal baxmaq lazımdır. Belə ki, Mərkəzi Bankın (MB) öz siyasəti var. İkinci devalvasiyadan sonra dollar 1.55 manat oldu, sonra bahalaşaraq 1.65 manata qədər qalxdı.MB isə bu məsələnin qarşısını almalı idi və oratada iki variant vardı. Yəni, MB ya xaricdən külli miqdarda dollar gətirərək dollar bolluğu yaratmalı, yaxud dollara olan tələbatı azaltmalı idi. MB elə etməli idi ki, dollar alan olmasın və dollara tələbat azalsın. Təbii ki, MB ikinci istiqaməti seçdi və tələbatı azaltı. Sonda isə bankların dollar almağa manatı olmadı və əllərinə manar düşən kimi ya müştərilərə kredit verir, yaxud korporativ müştərilərinin xərclərini ödəyirlər (korporativ müştərilərin aylıq maaşları). Belə bir siyasətlə MB valyuta hərracında bankların iştirakını azaltdı və hazırda ölkədə olan 37 bankdan ən yaxşı halda 10 bankı bu gün valyuta həraccında iştirak edir. MB manatı qıtlaşdırmaqla dollara tələbatı azaltdı və bununla da manatın inflasiya problemini həll etmiş oldu.

“Dövriyyəyə pul kütləsi buraxarkən manat çoxalır, əhalinin manata əl çatanlığı artır və qiymətlər bahalaşır. MB bu addımı ilə həm dollara tələbatı azaltdı, həm də inflyasiyanı cilovlamaq siyasətini yürütməyə başladı. Hazırki vəziyyətdə bu siyasəti uzun müddət saxlamaq həm MB-a sərf etmir, həm də mümkün deyil. Sahibkarlar bizneslərini qurmaq üçün kredit tapmır və nəticədə biznes sahəsi kiçilir və ÜDM, gəlir azalır”-deyə S.Əliyev əlavə edib.

Onun sözlərinə görə, MB məcburdur ki, manat kütləsini dövrüyyəyə buraxaraq kreditləşməni təmin etsin: “Manat kütləsini dövriyyəyə buraxan kimi dollara tələbat artacaq. Bu baxımdan hazırki vəziyyətdə oliqarxların manatın məzənnəsinə müdaxilə etməsi bir qədər mümkün deyil. Əgər Azərbaycanda üzən məzənnə rejimi olsaydı, oliqarxların dollara təsir imkanı daha çox idi. Üzən məzənnə rejiminin olmamasını isə dünyada bütün valyutalar dollara qarşı ucuzlaşarkən Azərbaycanda manatının dollara qarşı bahalaşması sübüt edib”.

MB psixoloji addım ataraq, əhalinin dollarını alır

“Əhali arasında psixoloji hədd olaraq dolların məzənnəsi 1.50 manat kimi qiymətləndirilir. MB psixoloji addım ataraq dolların məzənnəsini 1.50 manatdan aşağı saldı və nəticədə insanları psixoloji qorxuya salaraq əllərindəki dollar əmanətini alıb. Bunun göstəricisidir ki, son vaxtlar əhali arasında dollar satışı artıb və MB öz siyasətinə nail olub. Bir sözlə, hazırki vəziyyətdə psixoloji savaş gedir”.

S.Əliyev həmçinin qeyd edib ki, satışı çox olarsa, dollara tələbat çoxalır və qiyməti qalxır. Oliqarxlar isə məzənnəyə o halda təsir edə bilər ki, valyuta hərracında az bankların iştirak etməsini və dolların satılmasını təmin etsin.

Odər Qəni

 





Həftənin ən çox oxunanları