Yuxarı

Devalvasiya ali məktəbləri də “vurdu”

Devalvasiya ali məktəbləri də “vurdu”

İllik təhsil haqqı qaldırılıb

Ali təhsil ocaqlarında təhsil haqqının artırılacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Məlumata görə, son devalvasiyadan sonra ali məktəblərdə ödənişli əsaslarla nəzərdə tutulan bəzi ixtisaslarda ödənişlərdə artım gözlənilir. Buna səbəb devalvasiyasıdır.  Həmçinin növbəti günlərdə, daha dəqiq desək, lin sonuna qədər üçüncü devalvasiyanın olacağı da qaçılmazdır. Bu halda ekspertlər bütün sahələrdə, eləcə də ali məktəblərdəki təhsil haqlarında da artım olacağını istisna etmirlər. Maraqlıdır, yeni tədris ilinə universitetlər yeni odənişlərlə, yoxsa köhnə qitymətlərlə  davam edəcəklər? Məsələ ilə bağlı bir neçə ali təhsil müəssisələrinin nümayəndələri ilə sorğu apardıq.

Bakı Dövlət Universitetinin maliyyə şöbəsinin müdiri Məzahir Sultanov deyib ki, ixtisaslar üzrə təhsil haqqında çox dəyişikliklər edilməyib: “Sadəcə üç ixtisas üzrə - hüquq, beynəlxalq münasibətlər, mexanika-riyaziyyat fakültələrində ötən illə müqayisədə 100 manat civarında cüzi artım etmişik.  Hüquq fakültəsində illik ödəniş 3800 manat idisə, indi 3900 olub, beynəlxalq münasibətlər fakültəsində 2500 idi, indi olub 2600 manat. Əslində hələ bu artımlar rəsmiləşməyib. Yəni artımlar barədə Nazirlər Kabinetinin qəbul planına təklif vermişik. Əgər təklifimiz keçsə qəbul olunacaq, keçməsə elə keçən ilki qiymətlər də qalacaq. Başqa heç bir fakültədə artım yoxdur. Bir qiyabiçilərin qiymətini aşağı salmış”.

Azərbaycan Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərovun sözlərinə görə, qeyd edilən universitetdə qiymət artımı ilə bağlı heç bir dəyişiklik olmayacaq: “Ödənişli qiymətlər əvvəlki formada da qalacaq. Heç bir dəyişiklik nəzərdə tutulmur. Yəni 1600 manat ödənişli əsaslarla oxuyan tələbələr elə əvvəlki qiymətlə də təhsilini davam etdirəcək”. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov qeyd edib ki, yeni tədris ili üçün hər hansı dəyişiklik olmayacaq: “2016-2017 tədris ili üçün ödənişli fakültələrdə hər hansı qiymət artımı nəzərdə tutulmur”.

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyev universitetdə ödənişli fakültələrin qiymətlərində artım, deyil əksinə, enmə olacağını önə çəkib: “Bizdə nəinki artım, bütün qiymətlər istiqamətində enmə var. Təxmini olaraq 2500 manatlıq fakültələrin ödəniş haqqı 1600 manata enəcək. Müxtəlif fakültələrdə müxtəlif qiymətlərdə enmələr olacaq. 1800 manata olan fakültələrin ödəniş haqqı 1200 manata, 1500 manatlıq fakültələrin ödəniş haqqı isə 1000 manata enəcəyi nəzərdə tutulub. Bunları etməkdə məqsədimiz Azərbaycan gənclərini Slavyan Universitetinə daha çox cəlb etməkdir”.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova qiymət artımı ilə bağlı hər hansı dəyişikliklərin nəzərdə tutulmadığını desə də, bu barədə konkret bilgilərə malik olmadığını qeyd edib. O, bu barədə bilgilərə universitetin təhsil məsələləri üzrə nümayəndəsi Nəsimi Qasımovun cavab verəcəyini bildirsə də, gün ərzində onunla əlaqəmiz baş tutmadı.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları