Yuxarı

Palata əmanətçiləri aldatdı

Palata əmanətçiləri aldatdı

Dollar əmanətləri aşağı məzənnə ilə manatla qaytarılır.

Ötən gün Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri çıxışında bildirib ki, iyulun 4-dən Bank Standard “normal rejimdə” fəaliyyətə başlayacaq. Yəni qanun pozuntularına son qoyacaq, o cümlədən əmanətçilərin pulunu uzağı 5 iş günü ərzində qaytaracaq. Eyni zamanda iyulun 4-də əmanətçilərə bankda yenə bildirilib ki, pullarını tam çıxara bilməyəcəklər.

Üstəlik dollar əmanətləri manatla, özü də aşağı məzənnə ilə qaytarılır, halbuki bu məsələdə qanuna görə seçim müştərinin olmalıdır. Dollar əmanətini manatla götürmək istəmirsə, ona dollar verilməlidir.

Hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, əgər Palata üçün belə qanun pozuntuları ilə fəaliyyət “normaldırsa”, vay bank sisteminin və ölkə iqtisadiyyatını halına:

“Bu məsələ barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yenə deyirəm – “Bank Standard”ın “sağlamlaşdırılması” əməliyyatı kobud qanun pozuntuları ilə aparılır:

Birinci, sağlamlaşdırma Nazirlər Kabinetinin qərarı ilə aparılmalıdır, amma həmin qərar indiyədək dərc olunmayıb.

İkinci, sağlamlaşdırma planı Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmalıdır, amma indiyədək həmin plan dərc olunmayıb. Əksinə, Palata deyir ki, planı hələ hazırlayır. Buna toydan sonra nağara deyirlər! Plansız sağlamlaşdırmaya necə başlayıblar axı?

Üçüncü, əmanətlərin qaytarılmasının dayandırılması məhkəmə qərarı ilə olmalı idi. Deyirlər ki, belə qərar var, amma onu da dərc etmirlər.

Dördüncü, Palata bəyanat yayıb ki, sağlamlaşdırma Azər-Türk Bankın vasitəsilə aparılacaq. Hətta bankın idarəetmə orqanlarını da bu bank formalaşdıracaq. Halbuki bu mövcud səhmdarların səhmlərinin əllərindən alınması deməkdir. Bunun üçünsə qanuna görə məhkəmə qərarı tələb olunur. Hanı həmin qərar? Niyə açıqlanmır?

Beşinci, Palata dünən həmçinin bəyan edib ki, Azər-Türk Bank tərəfindən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına Bank Standarda 1 illik kredit xətti ayrılıb. Əvvəla, Mərkəzi Bank dəstək verirsə, elə birbaşa krediti versin də Bank Standarda. Azər-Türk Banka nə ehtiyac var? Vasitəçi nəyə lazımdır? Əlavə pul yemək üçün? Digər tərəfdən, kredit xəttinin məbləği açıqlanmır. Niyə? Sağlamlaşdırma üçün vəsaitlər dövlət hesabına ayrılır və Nazirlər Kabinetinin qərarında əksini tapmalı idi. Burada gizli bir şey olmalı deyil! Əksinə, xalq onun hesabına hansısa bankın xilasına ayrılan məbləği bilməlidir. Əmanətçilər də o cümlədən”.

Əkrəm Həsənov onu da vurğulayıb ki, qeyri-şəffaf sağlamlaşdırma ola bilməz:

“Bu, ümumiyyətlə, sağlamlaşdırma deyil. Baş aldatmadır. Görünən odur ki, “Bank Standard”ın “sağlamlaşdırılması” əməliyyatının əsas məqsədi elə əmanətlərin qaytarılmamasıdır. Çünki Əmanətlərin Sığortalanması Fondu faktiki müflisləşib və pulu yoxdur. Belə gedişlə bank sisteminə etimadı necə bərpa etmək olar? Bundan sonra əmanətlərin guya tam sığortalanmasına inanıb bankda kim pul saxlayar?

Onu da qeyd edim ki, Maliyyə Bazarlarına Nəzarət Palatası artıq 100 gündən çoxdur ki, fəaliyyət göstərir. Bəlkə də müsbət nəticələr gözləmək hələ tezdir. Amma qanun pozuntuları və qeyri-şəffaflıq yolu ilə gedirsə, axırı yaxşı olmayacaq. Bu gedişlə maliyyə sektorumuz palatadan reanimasiyaya keçiriləcək”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları